Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev hakim partiyanın üzvləri üçün tikilən binalarla bağlı araşdırma aparılmasını təklif edib.
7News.Az-ın məlumatına görə, Musa Musayev bildirib ki, mənzillərin kimlərə hansı şərtlərlə verilməsinə aydınlıq gətirilməlidir:
"Son günlərin ən çox müzakirə olunan mövzularından biri də jurnalistlərə tikilən evlərin paylanılmasında baş verən qanunsuzluqlardır. Mən də çox istərdim ki, YAP əməkdaşları üçün tikilən yaşayış binasındakı evlərin və qeyri-yaşayış sahəsinin kimlərə və hansı şərtlər daxilində verilməsinə aydınlıq gətirilsin.
Məndə olan məlumata görə, orada da bir neçə mənzil alanlar var. Eyni zamanda YAP-ın Siyasi Şurasının üzvü kimi bizim bu tikintidən məlumatımızın olmaması, kənar şəxslərə mənzillərin verilməsi nə dərəcədə qanunauyğundur?
Deyilənlərə görə, Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub. YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır.
YAP-ın Mərkəzi Aparatının və rayon təşkilatlarının maliyyəsi də araşdırılmalıdır ki, toplanan vəsaitlər hara və nəcə xərclənir? Bu günə qədər bir dəfə də olsun YAP-ın Nəzarət Təftiş Komissiyası maliyyə hesabatı verməyib. Bu YAP-ın Nizamnaməsinin və Proqramının pozulması deməkdir”.
7News.Az