190 manat alanların siyahısı niyə dərc edilmir? - Yardımın verilməsi ilə bağlı şübhələr var

OXUNUB: 712 SOSİAL
İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılara 190 manat məbləğində birdəflik yardımın verilməsi davam edir. icmal.az xəbər verir ki, rəsmi məlumatlara görə artıq 300 mindən çox vətəndaş bu yardımı alıb.Yada salaq ki, birdəfəlik yardım əvvəlcə 200 000 nəfər üçün nəzərdə tutulurdu. Sonradan Prezident İlham Əliyev yardım alanların sayını  600 000 nəfərə çatdırıb. "Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-nə kimi davam edəcək. Ancaq indi uzadılacaq. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”, - deyə ölkə başçısı bildirib.Yardımın verilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Nazirliyin vaxtaşırı yardım alanların sayı barədə açıqlama yaysa da, cəmiyyətdə buna şübhə ilə yanaşanlar da yox deyil. Hesab edilir ki, nazirlik yardım alanların sayını şişirdir. Bu iddianı irəli sürənlər yardım alanların adlarının açıqlanmamasını əsas arqument kimi istifadə edirlər. Onların fikrincə, ümumi rəqəmlər heç nə demir və yaxşı olardı ki, yardım alanlarını siyahısı dərc olunsun. Bu həm şübhələrə son qoyar, həm də prosesin şəffaf aparıldığına inamı gücləndirər.

RƏYLƏR