Tarixi Zəfər günü ərəfəsində - 2026-cı il noyabrın 6-da Gəncədə QHT Agentliyinin təşkilatçılığı və "Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib. Şəhidlərin əziz xatirəsi yad olunub, şəhid övladlarının ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva bildirib ki, "Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş forumda 400 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir. Bu forumu bir çox vacib məsələlərin müzakirəsi üçün mühüm platforma adlandıran A.Əliyeva qeyd edib ki, bu gün ideoloji risklər fiziki təhlükələr qədər ciddi çağırışa çevrilib: "Dezinformasiya, informasiya manipulyasiyaları və rəqəmsal mühitdə yaranan yeni təhdidlərə qarşı mübarizə müasir vətəndaş cəmiyyətinin əsas çağırışlarıdır. Sosial media QHT-lərə fəaliyyətlərinin şəffaflığını göstərmək, ictimai etimadı artırmaq, dövlət orqanları, cəmiyyət və tərəfdaşlarla daha sıx kommunikasiya qurmaq imkanı verir”.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə aparılan işlər barədə ətraflı məlumat verib, QHT-lərin cəmiyyət həyatındakı roluna diqqət çəkib, forumun işinə uğurlar arzulayıb.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, hər bir QHT ixtisaslaşdığı sahə üzrə hədəf auditoriyası ilə işləmək üçün uğurlu sosial media fəaliyyəti göstərməli, bunu ən vacib ölçüləbilən nəticəsinə çevirməyi bacarmalıdır: "Bu gün qarşımızda duran əsas vəzifə QHT sektorunda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə, formal fəaliyyətdən real fəaliyyətə keçidi təmin etməkdir. QHT-lərin sahələr üzrə ixtisaslaşmasına dair qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasına ehtiyac vardır”.
Milli Məclisin deputatı, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev QHT-lərin ictimai diplomatiya fəaliyyətinə diqqət çəkib, son illər bu sahədə uğurların sistemli xarakter almasını təqdir edib. O, Azərbaycanın artıq regionda orta güc kimi çıxış etdiyini bildirib, Mərkəzi Asiya regionu üzrə QHT-lərlə əlaqələri gücləndirməyə çağırıb.
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə Tarixi Zəfərin əldə olunması qədər onun qorunmasının da cəmiyyətdən yüksək fədakarlıq tələb etdiyini vurğulayıb.
























