36 avtomobil, 27 milyonluq daş-qaş, 13 milyonluq aksesuar...

OXUNUB: 9143 MARAQLI DÜNYA

Pələnglə əylənən, yeməyi xaricdən sifariş verən, sarayından xəzinə tapılan prezident

Tunisin keçmiş prezidenti Zeynalabdin Bin Əli dünyanın ən zəngin liderlərindən hesab olunurdu. 

Dövlət başçısının rəsmən bilinən (bank hesablarındakı) sərvəti 5 milyard dollar olsa da, real rəqəmin xeyli böyük olduğu deyilirdi. Bin Əli ölkəsini 23 il (1987-2011) "dəmir yumruq" altında idarə etmişdi. O, bütün azadlıqları boğur, vətəndaşları total nəzarət altında saxlayır, korrupsiyanı çiçəkləndirir, ailəsi ilə birgə dövlət vəsaitini ustalıqla mənimsəyirdi. Lakin qəribə də olsa, tunislilərin qəzəbinə ondan çox, xanımı Leyla Trabelsi tuş gəlmişdi.

img

ƏYLƏNMƏK ÜÇÜN PƏLƏNG, FRANSADAN DESERT...

"MediaPost" xəbər verir ki, həyat yoldaşından 21 yaş kiçik olmasına baxmayaraq, birinci ledi prezidenti də, ölkəni də məharətlə idarə edirdi. Cütlüyün övladları da lüks və dəbdəbə içində yaşayırdı. Ailə evin bağçasında pələng saxlayır, yeməkləri Fransadan sifariş edirdi. 

Ölkədə baş qaldıran kütləvi etirazlar fonunda prezident və ailəsi Tunisdən qaçanda (2011-ci ilin yanvarında) saraylarından top, qızıl sfinks də daxil olmaqla çox sayda bahalı, lakin olduqca zövqsüz şeylər tapılmışdı. Yeri gəlmişkən, prezident ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçmış, orada siyasi sığınacaq almış, 2019-cu ilin sentyabrında, 83 yaşında elə orada da dünyasını dəyişmişdi.

img

"TƏYYARƏYƏ MİN, AXMAQ!" 

Tunis-Karfagen beynəlxalq hava limanı... Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yola düşən şəxsi təyyarəyə bahalı əşyalarla dolu böyük qutuları tələm-tələsik yükləyirlər. 74 yaşlı bir kişi trapın yanında dayanıb və əlində kiçik bir çanta tutub. Bu adam son 23 ildə Tunisə rəhbərlik etmiş və yeni istefa vermiş prezident Bin Əlidir. O, zavallı görkəm alaraq "Tunisdən uzaqlaşmaq istəmirəm, burada qalmaq və burada ölmək istəyirəm...", - deyirdi. 

img

53 yaşlı həyat yoldaşı Leyla ona tərəf dönərək qəzəblə qışqırırdı: "Sus və təyyarəyə min, axmaq! Sənin axmaqlığından təngə gəlmişəm! Səhvlərinin hesabını ödəməkdən bezmişəm!”

Prezidentin köməkçilərindən olmuş general Əli Sirianini Bin Əlini yavaşca önə itələyərək "Aman Allah, göyərtəyə qalxın da, nəhayət...", - dedi. Keçmiş prezident yavaş-yavaş həyat yoldaşının, oğlu Məhəmmədin, qızı Həlimə və onun nişanlısının, həmçinin iki filippinli xidmətçinin müşayiəti ilə pilləkənə doğru getdi.

img

Prezident ailəsinin yaxın çevrəsində deyirdilər ki, Bin Əli xanımından çox qorxur və tələb etdiyi hər şeyi qeyd-şərtsiz həyata keçirirdi. Məsələn, 2009-cu ildə prostat xərçəngi diaqnozu qoyulandan sonra prezidentlikdən uzaqlaşmaq istəyəndə xanımı bu fikrə qəti şəkildə qarşı çıxmışdı. Birinci ledi ərinə demişdi ki, oğlanları Məhəmməd böyüyüb prezident kürsüsünə oturana, yaxud özü bu postu tutana qədər hakimiyyətdən getməyi ona qadağan edir. 

img

ÖMÜRLÜK HƏBS, 100 MİLYONLUQ CƏRİMƏ...

Ciddə şəhərinə uçuş zamanı Bin Əlini müşayiət edən hərbiçi sonradan xatırlayırdı ki, keçmiş prezident hər on dəqiqədən bir pilotların yanına gələrək soruşurmuş: "Biz Ciddə şəhərinə düşdükdə və siz Tunisə qayıtmalı olduğunuzda məni də özünüzlə aparacaqsınız?"

Pilotlar birinci ledidən aldıqları təlimata uyuğn olaraq prezidentlə razılaşdıqlarını bildirirdilər. Lakin Bin Əli vətəninə bir də heç vaxt qayıtmadı... Tunisdə hərbi tribunalın qərarı ilə qətl, vəzifə səlahiyyətlərindən sui-istifadə, narkotik qaçaqmalçılığı, korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları üzrə qiyabi olaraq ömürlük həbsə və 100 milyon dollar cərimə cəzasına məhkum edildi. 

On qardaş arasında böyüyən Leyla Trabelsi yarımçıq təhsil almış və yerli bərbərxanaların birində işə düzəlmişdi. 1992-ci ildə Bin Əli ilə evlənərkən şöhrətin zirvəsinə yüksəlmişdi. Dəbdəbəyə olan sevgisi və korrupsioner əməllərinə görə onu "Ərəblərin ledi Makbet"i adlandırırdılar. 

YALAN VƏ HİYLƏ ÜZƏRİNDƏ İZDİVAC

img

Onlar tanış olanda Bin Əli sadəcə general idi. Hələ prezident olmamışdı, üstəlik, ailəli idi və 3 qız övladı vardı. Nə bu fakt, nə də 21 illik yaş fərqi Leylanı narahat edirdi. Vicdan əzabı çəkmədən evli bir adamla sevgili oldu. Bir müddət sonra isə hamilə olduğunu və oğlan uşağı gözlədiyini deyərək Bin Əlini aldatmış, onu boşanmağa məcbur etmişdi. 

Cütlüyün oğlan övladı oldu. Amma deyilən vaxtda yox, illər ötəndən - iki qız övladı dünyaya gələndən sonra. Üçüncü uşağa - çoxdan gözlənilən varisə Məhəmməd adını qoydular.

"MediaPost” bildirir ki, birinci xanım idman tərzindəki avtomobilləri və Dubayda alış-veriş etməyi çox sevirdi. Deyilənlərə görə, bir dəfəyə yüzminlərlə dollarlıq "şopinq" edirdi. Qızları da ondan geri qalmır, dəbdəbəli əşyalara və bahalı paltarlarla böyük pullar xərcləyirdilər. 

Kiçik qızı Nəsrin saraya dünyanın müxtəlif yerlərindən yeməklər sifariş edirdi. Məsələn, Sen-Tropedən dondurma və desertlər prezident ailəsinə məxsus bir təyyarədə saraya gətirilirdi.

Tunislilər bütün bunları "WikiLeaks" saytı vasitəsi ilə öyrənmişdilər. ABŞ-ın Tunisdəki səfiri Vaşinqtona göndərdiyi teleqramlarda hakim klan və ətrafının lüks həyatını ətraflı təsvir etmişdi. Diplomat Nəsrin və əri Sahra əl-Matrinin sahildə yerləşən mülkündə təşkil edilən bir şam yeməyindən, villadakı pələngdən və onun dadlı təamlarla bəslənilməsindən də söz açmışdı. 

img

Xalq əmin idi ki, ölkəni Bin Əli yox, arvadı idarə edir. Leylanın qardaşı Belhassen Trabelsi Mərkəzi Bankda işləyir və yerli iş adamlarından xərac yığırdı. Deyilənlərə görə, McDonald's fastfood şəbəkəsi prezidentin ailəsinə rüşvət verməkdən imtina etdiyi üçün yerli bazara girə bilməmişdi.

27 MİLYONLUQ DAŞ-QAŞ, 2 KİLOQRAM MARİXUANA 

Tunislilər Bin Əli və qohumlarının krallar kimi yaşadığını ehtimal edirdilər, lakin saraylarında toplanan sərvəti təsəvvürlərinə belə, gətirə bilməzdilər. 

Belə bir fürsət keçmiş liderin ölkədən qaçmasından sonra yaranmışdı. Yeni hakimiyyət eks-prezidentin şəhərətrafı iki sarayında axtarış apararaq 27 milyon dollarlıq zinət əşyası, külli miqdarda nağd pul, 2 kiloqram marixuana, həmçinin rəsmən bəyan edilməmiş qiymətli arxeoloji tapıntılar aşkar etmişdi.

Bundan başqa, dəniz sahilindəki Sidi-Bu-Səid rezidensiyasında iki qızıl sfinks, stolüstü futbol, Hollivud ulduzlarının DVD-diskləri, mərmər heykəllər və uşaq oyuncaqları da tapılmışdı. 

img

Bu dəbdəbəli villanın ərazisində böyük bir hovuz, vertolyot üçün eniş meydançası və hətta iki ədəd köhnə top (savaş topu) da var idi. Qarajda onlarla lüks maşın ("Lamborghini Gallardo LP 460", "Bentley Continental", "Porsche", "Lamborghini", "Jaguar", zirehli "Cadillac", "Maybach" və s.), qarderobda tanınmış brendlərin geyimləri, otaqlarda sənət və rəsm əsərləri, zərgərlik əşyaları var idi. Prezident və ailəsi ölkədən qaçarkən bunların heç birini özləri ilə apara bilməmişdi. 

Bunun əvəzində xeyli pul aparmışdılar. Tunisdə iğtişaşlar başlayan kimi, Leyla ehtiyatı əldən verməyərək ölkəyə məxsus 45 milyon avro dəyərində qızılı Tunis Mərkəzi Bankından Dubaya təhvil vermişdi. 

HƏRRACA ÇIXARILAN VAR-DÖVLƏT

Prezidentin tərk edilmiş iqamətgahlarını gəzən jurnalistlər deyirdilər ki, gördükləri əşyalar və sənət əsərləri olduqca baha olsa da, çox zövqsüz idi. Tunis hökuməti büdcəni doldurmaq üçün bütün bunları 2012-ci ilin dekabrında satışa çıxarmaq qərarına gəldi. Dünyanın hər yerindən gələn qonaqlar prezidentə və yaxınlarına məxsus var-dövlətə baxmaq üçün toplaşmışdılar.

39 avtomobil hərraca çıxarıldı. Onların arasında Bin Əlinin qardaşı oğluna məxsus, qiyməti 2,5 milyon dollar olan "Mersedes", 300 dəst zərgərlik məmulatı, birinci xanıma məxsus min brilyant qaşla bəzədilmiş boyunbağı və 12 mindən çox aksesuar (paltar, çanta, saat, mebel, əntiq əşyalar) vardı. 

Keçmiş birinci xanımın hərraca çıxarılmış geyimləri, kostyumları, paltoları və ayaqqabıları sərvət qiymətində idi. Bütün paltarlar səliqəli asılmış və rənglərinə uyğun düzülmüşdü - qırmızı, ağ, qara. Çantaların başlanğıc qiyməti 3 min avrodan başlayırdı. Hər paltonun qiyməti ən azı min avro idi.

img

SONA DOĞRU...

Səudiyyə Ərəbistanından sığınacaq istəyən prezident ailəsi Ciddədə məskunlaşmışdı və yerli əsgərlər tərəfindən mühafizə olunurdu. Krallıq Bin Əli və ailəsinin sərəncamına möhtəşəm ağ mərmər saray vermişdi. Hakimiyyətdən uzaqlaşdırılan dövlət başçısı bunun müqabilində sakit dayanmalı və siyasətə qarışmamalı idi.

Yerlilər keçmiş Tunis lideri və ailəsinin Səudiyyədə uzun müddət qalmayacağına inanırdılar. Çünki onlar krallıqda mövcud olan ciddi dini qaydalara riayət etməyə alışmamışdılar. Məsələn, Leyla və qızları həmişə dəbdə olan Qərb geyimləri geyinir və heç vaxt üzlərini örtmürdülər.

img

Sonradan Nəsrin əri ilə birlikdə Qətərə yerləşdi və keçmiş birinci xanımın qardaşı Belhassen Trabelsi isə İtaliyada məskunlaşdı. Leyla əri ilə Ciddədə qalsa da, tez-tez Küveyt və Qətərdəki lüks alış-veriş məkanlarına yollanırdı.

Ömrünün son üç ayında Bin Əli Səudiyyə Ərəbistanındakı bir tibb mərkəzində müalicə olundu. Ötən il sentyabrın 19-da 83 yaşında infarktdan öldü. Bin Əlinin ailəsi son ana qədər ümid edirdi ki, Tunis hökuməti dəfnin və vida mərasiminin keçmiş liderin öz vətənində keçirilməsinə icazə verəcək. Lakin ümidləri boşa çıxdı. Keçmiş prezident iki gün sonra müqəddəs Mədinə şəhərində dəfn edildi... /"MediaPost”

RƏYLƏR