51 yaşlı kişidən uşaqlarına və arvadını qarşı DƏHŞƏTLİ ƏMƏL: əxlaqsızlıq və... - Siyəzəndə

OXUNUB: 593 HADİSƏ

Siyəzən rayonunda oğlunu öldürmək həddinə çatdırmaqda ittiham olunan 1967-ci il təvəllüdlü Mirkamil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Mirkamil Məmmədov aralarında olan kəsilməyən bağlılığa görə ondan asılı olmuş və faktiki olaraq birgə yaşadığı oğlu Səbuhini mütəmadi olaraq nalayiq ifadələrlə və söyüşlərlə söyüb, təhqir edib, onun ləyaqətini alçaldıb.

Atadan oğula amansız rəftar

Mirkamil Məmmədov həmin vaxtlarda Səbuhi Məmmədova qarşı olan hərəkətlərinin şiddətini bir qədər də artırıb, ona qarşı amansız rəftar edib, onu döyüb.

Mirkamil Məmmədov son 10 il ərzində, xüsusilə 2017-ci ilin mart-aprel aylarından hadisə baş verən tarixədək olan 4-5 ay ərzində dəfələrlə müxtəlif vaxtlarda, o cümlədən sonuncu dəfə 25 iyul 2017-ci il tarixdə Səbuhiyə anası F.M.-in Siyəzən rayonu Qara Siyəzən kəndində quşçuluq sexində işləyərək guya əxlaqsızlıqla məşğul olmasını bəhanə edib.

Evdən qaçan oğlan

Buna görə də Mirkamil Məmmədov Səbuhi və onun anası ilə mübahisə edib, öz iradını bildirib, Səbuhi Məmmədovla yaranmış mübahisə zamanı nalayiq ifadələrlə və söyüşlərlə onu söyüb, təhqir edib, döyməklə onun sağlamlığına zərər vurmayan xəsarət yetirib.

Həmin vaxt Mirkamil Məmmədov arvadına hədə-qorxu gəlib, real əsaslar olmadan onu öldürməklə hədələyib. Arvadı isə oğulları Sənan və Səbuhi ilə birlikdə yaşadığı evin həyətinin bağ sahəsinə qaçıb.

Anası döyüldü, kirayə ev axtardılar, amma...

Həmin vaxt Səbuhi Məmmədov Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə mobil telefonu ilə zəng vurub, atası Mirkamil Məmmədovun onları döyməsi və öldürəcəyi ilə hədələməsi barədə məlumat verib.

Daha sonra Səbuhi Siyəzən rayon polis şöbəsinə gedərək qardaşı Sənan Məmmədovla birlikdə bu barədə izahat verib. Bundan hiddətlənən Mirkamil Məmmədov amansız rəftar etmə və ləyaqəti alçaltma hərəkətlərinin davamı olaraq həmin axşam Səbuhi və ailə üzvlərini evə buraxmayıb, həmin gecə bütün ailə üzvləri eyvanda yatmalı olublar.

Səbuhi Məmmədov atasının verdiyi iztirablardan yaxa qurtarmaq üçün iyulun 26-da Siyəzən şəhərində kirayədə yaşamaq üçün ev axtarıb. O, ev tapa bilmədiyindən ertəsi gün Quba şəhərində yaşayan onunla birlikdə hərbi xidmətdə olmuş dostu Rəşad Məmmədovun yaşadığı evə gedib.

Gecə yarısı intihar

Anası F.M. həmin gün onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq kəndə qayıtmasını, kirayəyə ev tutacaqlarını bildirib. Səbuhi də iyulun 29-da Siyəzən rayonu Balaca Həmyə kəndində yerləşən evlərinə qayıdıb.

Həmin vaxt Səbuhi və anası maddi sıxıntılara görə kirayə üçün ev tapa bilməyib, bu səbəbdən atası Mirkamil Məmmədovun olduğu evdə yaşamağa məcbur olublar.

Belə olan halda o, atasının nalayiq hərəkətlərindən uzaqlaşa bilməyəcəyini düşünüb, iyulun 31-də, gecə saat təxminən 01-02 radələrində həyətlərində olan tut ağacından özünü asıb.

İstintaq orqanı tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, Səbuhi Məmmədov atası Mirkamil Məmmədovun hərəkətləri ucbatından intihar edib.

Buna görə də Mirkamil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

"Oğluma əl qaldırmamışam”

Təqsirləndirilən şəxs qismində ifadə verən Mirkamil Məmmədov bildirib ki, oğlu Səbuhini heç vaxt döyməyib, ona əl qaldırmayıb: "Son vaxtlar Səbuhi özünə qapalı olub. İyulun 30-da gecə vaxtınadək qardaşım oğlu Fərahimə fındıqları sındırmağa kömək etmişəm və evə gecə saat bir radələrində gəlmişəm. Yataq yerinə uzanarkən arvadımdan Səbuhinin yerində olub-olmamasını maraqlanmışam. Arvadım da Səbuhinin yataqda olmamasını bildirdi və yataq yerindən qalxaraq digər oğlumuz Sənanla Səbuhini axtarmaq üçün aşağı düşdü. Təxminən 2-3 dəqiqədən sonra qışqırıq səslərini eşitdim. Dərhal yerimdən qalxıb həyətə düşdüm və tut ağacının yanında olan arvadım və oğlum Sənanın yanına qaçdım. Ora çatanda Səbuhinin tut ağacının budağından asılı vəziyyətdə olduğunu gördüm”.

"Anamı əxlaqsızlıqda günahlandırdı”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Sənan Məmmədov bildirib ki, atası Mirkamil mütəmadi olaraq araq içib, öz hərəkətlərini idarə edə bilməyib, onu, anasını, bacısını və qardaşı Səbuhini mütəmadi olaraq döyüb, söyüb, şərəf və ləyaqətlərini alçaldıb: "Atamızın bu hərəkətlərindən artıq bezmişik. Hadisədən qabaq 25 iyul 2017-ci il tarixdə işdən evə gələndə atamın sərxoş vəziyyətdə olduğunu və evin ikinci mərtəbəsində anam və qardaşım Səbuhi ilə dava etdiyini eşitdim. Atam sərxoş vəziyyətdə divanda uzanmışdı, anamın və qardaşımın üstünə qışqıraraq onları söyürdü. Atam anamı əxlaqsızlıqda günahlandırdı. Qardaşım Səbuhi buna dözməyərək, atama "sən get, öz qeyrətini çək” sözlərini dedi. Atam divandan qalxıb Səbuhiyə iki-üç dəfə şillə vurdu. Bu zaman araya keçərək, atamı qardaşımdan ayırdım”.

"Dedi ki, burada qan tökəcəm”

Sənan Məmmədovun sözlərinə görə, atası Mirkamil onun və Səbuhinin üzərinə gələrək, onlara zərbələr endirib və anasını vurmağa başlayıb: "Mən və Səbuhi atamı anamdan ayırmaq istəyərkən, atam bizə də zərbələr endirdi. Bizim müqavimətimizi görən atam mətbəxə gedərək, "bu dəqiqə bıçaq gətirib burada qan tökəcəm” sözlərini dedi. Mən, qardaşım və anam qorxduğumuz üçün evdən bağa qaçdıq. Atam əlində bıçaqla evdən çıxdı, bizə tərəf gedəndə əmim Siyasət bunu gördü. Əmim atamı saxlamağa cəhd etdi. Lakin atamın hədəsindən qorxaraq, bunu etmədi”.

"Atamın üstünə cumdum”

Hüquqi varis qeyd edib ki, onlar yenidən bağa qaçıb və atası anasını vurmağa cəhd edəndə, anası bağın qapısını bağlayıb və bıçaq bağın taxta qapısına dəyib: "Bunu görəndə bağda olan yabanı götürdüm, anamı müdafiə etmək üçün atamın üstünə cumdum. Lakin anam məni saxladı. Həmin vaxt əmim Siyasət gələrək, atamı sakitləşdirdi. Bu vaxt Səbuhi "102”yə zəng vurdu və hadisə haqqında məlumat verdi. Təxminən 15-20 dəqiqədən sonra polis əməkdaşları gələrək, bizi polis bölməsinə apardı”.

"Qardaşıma zəng çatmadı”

Sənan Məmmədov qeyd edib ki, polisdən qayıdandan sonra atası onları evə buraxmayıb və onlar gecəni eyvanda keçiriblər: "Ertəsi gün qardaşımın təklifi ilə qalmaq üçün kirayə ev axtardıq. Lakin ev tapa bilmədik. Həmin gün evə qayıdanda atam evdə olmayıb”.

Sənan Məmmədovun sözlərinə görə, iyulun 27-də, səhər saatlarında işə gedib və saat 15 radələrində evə qayıdıb: "Hamama girəndə Səbuhi mənə dedi ki, "mən gedirəm”. Səbuhidən hara getdiyini soruşdum. Dedi ki, "bilmirəm, ancaq gedirəm”. Hamamdan çıxandan sonra Səbuhi artıq getmişdi. Qardaşıma dəfələrlə zəng etsəm də, ona zəng çatmadı”.

"Atam aşağı mərtəbədə içki içdi”

Sənan Məmmədov bildirib ki, iyulun 28-də, anası kənddə olan boş məişət otağının onlara yaşamağa verilməsini xahiş etmək məqsədi ilə bələdiyyəyə gedib: "Bələdiyyədən anama bu barədə icra hakimiyyətinə müraciət etməli olduğuna dair məlumat verildi. Anam bələdiyyədən çıxaraq, qohumlarımız Gülnisənin evinə getdi və sonuncunun telefonundan Səbuhiyə zəng etdi. Gülnisə Səbuhi ilə danışaraq ona "gəl evə, sizin üçün ev tapıblar, köçüb gedəcəksiz” dedi. İyulun 29-da Səbuhi evə gəldi. Anam və Səbuhi ilə söhbət edərkən, anam Səbuhiyə "kənd məktəbinin yanında məişət otağı var, icra hakimiyyətindən icazə alıb, orada yaşayarıq, Siyəzən şəhərinə getmək bizə sərf eləməz, gərək onda kirayə pulu verəsən, həm də bacın buranın məktəbində oxuyur və qardaşın burada işləyir, bizim üçün çətin olar”, - deyə bildirdi. Səbuhi kənddə yaşamağa razılıq verməyərək "daha məni nəyə çağırmışdınız, Qubada qalardım da”, - deyə söylədi. Anası ona "bazar günü keçsin, birinci gün icra hakimiyyətinə gedərik”, - dedi. Bazar günü yəni, iyulun 30-da evdə heç bir söz-söhbət olmadı. Axşam təxminən saat 11 radələrində mən, anam və qardaşım yatmağa getdik. Atam isə aşağı mərtəbədə Siyasətin evində yemək yeyərək içki içdi”.

"Səbuhinin yerinin boş olduğunu gördüm”

Sənan Məmmədovun sözlərinə görə, yatdıqları zaman, yuxudan anasının səsinə oyanıb, atasının otağa girdiyini görüb: "Anam qapının ağzında yatdığından və elektrik enerjisi kəsildiyindən, həmçinin atam Mirkamil Məmmədov sərxoş vəziyyətdə olduğundan anamı görmədim. Yenə də dava olduğunu ehtimal edərək otaqdan çıxdım və fənər götürərək yenidən yatdığımız otağa qayıtdım. Atam olan tərəfə fənərı yandırdım və otaq işıqlandığından Səbuhinin yerinin boş olduğunu gördüm. Dərhal anam ilə birlikdə həyətə düşdük və əlimdə olan fənər ilə bağ sahəsinə tərəf Səbuhini çağıraraq getdik”.

"Ayağından tutaraq qardaşımı yuxarı qaldırdım”

Sənan Məmmədov qeyd edib ki, bağ sahəsinin qapısından keçən kimi qardaşı Səbuhini tut ağacından asılı vəziyyətdə olduğunu görüb: "Dərhal ayağından tutaraq qardaşımı yuxarı qaldırdım. Səsimə əmim Siyasət və atam gəldilər. İpi kəsmək məqsədilə bıçaq götürmək üçün evə qaçdım. Bıçağı götürüb gəldikdə ipi artıq əl ilə açdıqlarını bildirdilər. Daha sonra təcili tibbi yardım çağırıldı. Təcili tibbi yardım maşını gəldikdən sonra qardaşımı morqa apardılar. Orada həkimlər artıq qardaşımın ölməsi barədə bizə məlumat verdilər”.

Oğlunun ölümündə təqsirli bilindi və həbs edildi

Siyəzən rayon Məhkəməsinin hökmü ilə Mirkamil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona təyin edilmiş 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddətinə şərti hesab edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Mirkamil Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti prokurorun protestini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilib və Siyəzən rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib və Mirkamil Məmmədovun barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

İcmal.Az

RƏYLƏR