Deputat: "Onların təklif edəcəyi məsələlər qabaqcadan bəllidir və bizim üçün məqbul deyil; harada hədə və qərəz varsa, orada sülh ola bilməz”
ABŞ Konqresində qısa müddətdə Azərbaycan əleyhinə ikinci dəfə keçirilən "Qarabağ dinləmələri”, orada ölkəmizin ünvanına səslənən qərəzli və əsassız fikirlər, böhtan və ittihamlar, hətta hədələr, həmçinin erməni separatizminə davam edən dəstək rəsmi Bakının səbrini daşırdı. Azərbaycan haqlı olaraq ABŞ-ı daha neytral vasitəçi qismində görmədiyi üçün noyabrın 20-də Vaşinqtonda XİN səviyyəsində görüşdən imtina etdi.
"ABŞ-ın belə birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir” - dövlət katibinin köməkçisi Ceyms O’Braynın dinləmələrdə verdiyi əsassız açıqlamalarına Azərbaycan XİN-in şərhində belə deyilir.
Bildirilir ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub: "Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq”.
Bundan əlavə, bəyanatda ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyü yersiz hesab edilir. Sitat: "ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və ”ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi” ola bilməz" bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik".
Yəni Bakı da daha yüksək çinli amerikalı rəsmi şəxsləri və diplomatları qəbul etməyəcək.
Qeyd edək ki, Konqresdəki dinləmələrdən cəmi bir gün sonra ABŞ Senatı "2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti "Azadlığa Dəstək Aktı”na "907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.
Bəs XİN-in yuxarıdakı bəyanatını Bakının ABŞ-la münasibətləri aşağı səviyyəyə endirməsi kimi başa düşmək olarmı? Bu, həm də o deməkdirmi ki, Birləşmiş Ştatların yeni səfiri Mark Millinin etimadnaməsini Azərbaycan Prezidenti Bakıda qəbul etməyə bilər? Yaxud səfirin gəlişi ləngiyə bilərmi? Yaxud yeni səfirin gəlişi bir az da ləngiyə bilərmi? Daha bir sual: son gəlişmələr ABŞ-ın Fransa ilə birgə BMT TŞ-də Azərbaycan əleyhinə eyni mövqe sərgilməsini şərtləndirə bilərmi?
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasınını sədri, deputat Elşən Musayev "Yeni Müsavat”a açıqlamasında Amerikanın tutduğu bu mövqe ilə bağlı kifayət qədər sərt danışdı: "Amerikanın göstərdiyi münasibət və sərgilədiyi riyakar performans ilk növbədə onun təsbitidir ki, bu dövlətin ədalət, demokratiya, beynəlxalq hüquq anlayışları ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Hər halda belə olmasaydı, bu gün öz çıxarları üçün dünyanı bir-birinə vurmazdılar, dövlətlərin daxili işlərinə aid məsələlərdə neytrallıqlarını qoruyardılar, ”qırmızı xətt"ləri keçməzdilər. Amma görünən tam tərsidir. Dinləmə ardınca dinləmə düzənləyirlər. Yekəxana ritorika ilə, diplomatik şantajla, hədə-qorxu ilə danışırlar. Özü də kiminlə? - Bizimlə. O dövlətlə ki, qarşısına çıxan, həddini aşan istənilən gücün cavabını və "dərs”ini anındaca verib! Uzun müddət idi ki, səfir təyinatı gecikirdi. Basabasa salıb bu işi də tezbazar həll etdilər. Ardınca isə belə addım. Daha dəqiqi, addımlar. Təsadüfdürmü? Nəsə inandırıcı gəlmir. Əksinə, hər şey sanki planlıdır.
Qafqazda öz emissarları vasitəsilə yüz oyundan çıxan Amerikanın fikri Ermənistana getməsin. Paşinyanın zatən başqa yolu yoxdur. Kiminsə üstünə yıxılmağa məcburdur. Hətta məhkumdur. Çünki nə xalqın dəstəyi var, nə həmişə güvəndikləri Rusiyanın, nə də Avropanın. Ona görə də tamamən yuvarlanıb Amerikanın qucağına. Ayrıca, onsuzda öz yetişdirmələridir. Sadəcə arada blef edirdi. Azərbaycanın isə durumu fərqlidir. Biz qalib ölkəyik, kimsədən asılı deyilik. Və ən nəhayət: bizi kimsə yönəldə bilməz. Buna əsla imkan vermərik. Belə niyyətdə olanların arzusunu ürəyində boğub verərik ovuclarına.
İndiyə qədər azmı rastlaşmışıq Amerikanın həyasızlığı ilə? Guya nə dəyişib ki? Həmişə belə olublar. Kvartalda ən az bir dəfə "ənənəvi” üsulları ilə təsir və təzyiq etmək istəyiblər. Amma hər dəfə də xoruzları qoltuqlarında işlərinin dalınca gediblər.
Səfir məsələsi isə bir daha deyirəm, şəxsən mənə müəmmalı gəlir. Ümid edirəm, yanılaram. Fəqət, bütün hallarda bu qədər sinxronluq nəsə adamda şübhə yaradır. Bir söz var, deyirlər "başına gələn başmaqçı olar.” Rino Harniş təcrübəsi bizdə elə hisslər formalaşdırıb ki, artıq o tərəfdən gələn kimsəyə güvənmək olmur".
ABŞ 30 il ərzində Azərbaycan torpaqlarının işğalına və separatizmə dəstəyini gizlətməyib.
Bəhruz Məhərrəmov
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
O deyib ki, Azərbaycanla Ermənistan arasında 30 il davam etmiş münaqişəyə və bu münaqişədə çoxsaylı itkilərə görə birbaşa məsuliyyət daşıyan beynəlxalq subyektlərdən biri, bəlkə də, birincisi ABŞ-dır: "Dünyanın supergücü olmasına baxmayaraq 30 il ərzində ABŞ vasitəçilik missiyası altında bölgədə sülh və sabitlik üçün əsas maneə olan işğal faktoruna və separatizmə açıq formada dəstəyini gizlətməyib. Azərbaycanın işğal və təcavüzə məruz qalmasına baxmayaraq ABŞ məhz işğalçıya dəstək niyyəti ilə Azərbaycana münasibətdə 907-ci düzəlişi qəbul edib.
Separatçı rejimin mövcudluğu dövründə isə ABŞ dəfələrlə terrorçuları Vaşinqtona və digər şəhərlərə dəvət edərək onlarla "rəsmi şəxs” qismində açıq şəkildə görüşlər keçirməkdən çəkinməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, əslində Vaşinqton 30 il ərzində bölgədə münaqişənin davamlılığını təmin etmək üçün vasitəçilik missiyası ilə pərdələnibmiş. Çox təəssüflər olsun ki, dünyada supergüc kimi sülh və sabitliyə, BMT məqsədlərinə, beynəlxalq hüququn prinsiplərinə əməl olunmasına görə məsuliyyət daşıyan əsas qlobal subyektlərdən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Vaşinqton beynəlxalq hüququn aliliyinin təmin olunması qarşısında əsas maneələrdən biri kimi çıxış etməkdədir. Əks halda rəsmi Vaşinqton Azərbaycanın beynəlxalq hüququn aliliyini təmin edərək öz ərazilərini işğaldan azad etməsi və Azərbaycanın Qarabağ iqtisadi rayonunda möhkəmlənmiş separatizmin kökünü qazımasına bu cür qısqanclıqla yanaşmazdı. Görünən odur ki, ABŞ də Fransa kimi regionda münaqişəyə və separatizmin mövcudluğuna özünün mümkün təsir rıçağı kimi baxırmış və Azərbaycanın bu qəbuledilməz status-kvoya son qoyması Vaşinqtonun "maraqlarına” zidd olub. Məhz bu səbəbdən Vətən müharibəsindəki qələbəmizin ardınca ABŞ-ın Dövlət Departamentinə bağlılığı ilə seçilən QHT-lər və media qurumlarının, o cümlədən ABŞ Nümayəndələr Palatasının və Senatının ayrı-ayrı nümayəndələrinin Azərbaycana qarşı hücum ritorikasına şahidlik etməkdəyik. İlk dövrlər parlamentarilərin və media qurumlarının mövqeyinin dövlətin mövqeyi ilə üst-üstə düşməməsi barədə bəhanələr səsləndirilsə də, artıq son zamanlar, xüsusən antiterror tədbirlərinin ardınca Vaşinqton xarici siyasət idarəsinin rəsmiləri tərəfindən də Azərbaycana açıq hücumlara şahidlik etməkdəyik. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasında müvafiq dinləmələrdə səsləndirildiyi əsassız açıqlamaları da məhz bu çərçivədə davam edən prosesin bir hissəsidir. Cənab O’Brayn bu tip yaramaz ritorika ilə Cənubi Qafqazda ölkəsinin maraqlarını təmin və müdafiə etdiyini düşünürsə, ciddi şəkildə yanılır. Çünki bu tip ritorika yalnız və yalnız Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da ifadə olunduğu kimi, Amerika ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbədir. O’Brayn Azərbaycanın müstəqil hərbi-siyasi və suveren iqtisadi güc olduğunu unutmamalıdır və başa düşməlidir ki, Cənubi Qafqazda ABŞ-ın əsas ticari tərəfdaşı da məhz Azərbaycandır. Bu mənada, 907-ci düzəlişlə bağlı fikirlərin səsləndirilməsi, Azərbaycanın hansısa yardımlardan məhrum edilməsi ilə bağlı eyhamların vurulması - bu, Azərbaycana qarşı istifadə olunacaq ritorika deyil. Azərbaycan kiməsə möhtac, kiminsə yardımlarından asılı beynəlxalq subyekt deyil. Əksinə regionda maraqlarını təmin etmək üçün, region ölkələri ilə əlaqələrini daha stabil formada və təhlükəsiz formada reallaşdırmaq üçün ABŞ bu bölgədə Azərbaycana ehtiyac duyur. Təsadüfi deyil ki, 2001-ci ildə ABŞ-ın terrorla mübarizə səylərini biz dəstəkləyərək öz hava məkanı marşrutlarımızı, logistika imkanlarımızı, o cümlədən şimal paylayıcı şəbəkəni açmaqla Amerika tərəfinə kifayət qədər rahat hərəkət etməsi üçün imkanlar yaratmışdıq. Bu gün O’Brayn və digərləri "ikitərəfli münasibətlərimiz əvvəlki kimi ola bilməz” bəyanatları verərkən bu kimi faktları diqqətə almalıdır və unutmamalıdır ki, Azərbaycan birtərəfli qaydada ABŞ-a münasibətləri əvvəlki qaydaya salmaq üçün xüsusi ricada bulunmaq niyyətində deyil. Əksinə, Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda da çox əsaslı formada ifadə olunduğu kimi, belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də biz yersiz hesab edirik".
"Vaşinqtonun Azərbaycanla bağlı siyasəti erməni lobbisi tərəfindən idarə olunur və ölkəmizə qarşı qəbul edilən bütün qərəzli qərarlar ermənilərin təşəbbüsü ilə gündəmə gəlir. ABŞ-ın ermənipərəst siyasəti Azərbaycanı özündən uzaqlaşdırır. Hətta 1992-ci ildə ”Azadlığa dəstək" aktına edilən 907-ci düzəliş də Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz qərar idi. Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq Azərbaycan "işğalçı” kimi qələmə verilmişdi və ölkəmizə qarşı qərar qəbul olunaraq 10 il bizə dəstək göstərilməmişdi. Sonra da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra etdirilməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ münaqişənin həlli istiqamətində heç bir addım atmadı, əksinə, torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışdı. Buna görə də 3 il əvvəl müharibə qaçılmaz oldu və Azərbaycan öz torpaqlarını güc yolu ilə işğaldan azad edərək bütün ərazilərində suverenliyi bərpa etdi".
Azər Badamov
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycanın güclənməsini və öz ərazilərində suverenliyinin bərpasını ABŞ, eyni zamanda Fransa həzm edə bilmir: "Çünki yaxın 10 illərin dünya praktikasında heç bir dövlət Azərbaycan kimi öz gücü ilə işğalı sonlandırıb ərazilərində suverenliyini bərpa edə bilməyib. Belə məsələlər həmişə ABŞ-ın ssenarisi ilə həll olunur və bu ssenarilərdə sabitlik deyilən bir məfhum heç vaxt olmur. Tarix yenidən təkrarlanır və ABŞ Azərbaycana qarşı yenidən hədə dili ilə danışmağa başlayıb. Azərbaycan isə hədəni qəbul etmir və Ermənistandan fərqli olaraq ABŞ-ın yardımından asılı deyil. Yeri gələndə Azərbaycan özü ehtiyacı olan dövlətlərə yardımlar göndərək humanistlik nümayiş etdirir”.
A.Badamov vurğulayıb ki, ABŞ hədə dili ilə danışdığına görə ölkəmiz Vaşinqtonun sülh təşəbbüsünə qoşulmaq üçün səfərə getmir: "Çünki onların təklif edəcəkləri məsələlər qabaqcadan bəllidir və bizim üçün məqbul deyil. Harada hədə və qərəz varsa, orada sülh ola bilməz. Bununla yanaşı, Azərbaycan sülhün beynəlxalq normalar çərçivəsində imzalanmasını dəstəkləyir və 15 sentyabrda Ermənistana verilmiş təkliflərimizin cavabını gözləyirik. Sülh danışıqları neytral bir məkanda ikitərəfli formatda aparılmalıdır. Bunu da qeyd edim ki, regionda maraqlarını həyata keçirmək istəyən dövlətlərin məkanları regionumuza heç vaxt sülh və əməkdaşlıq gətirməyəcək”.