Abşeronda etiraz aksiyası: Tanınmış jurnalist-bloger saxlanıldı - VİDEO

OXUNUB: 896 Özəl SOSİAL
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində etiraz aksiyası keçirilib.

Aksiyaya səbəb qəsəbəyə suyun verilməməsi olub.

Əvvəlcə etirazçılar qəsəbə bələdiyyəsinin binası qarşısında toplaşıblar. Lakin daha sonra səlahiyyətlilərin onların qarşısına çıxmadığını görüb, Bakı-Şamaxı yolunu bağlayıblar.

Etirazçılar 3 aydır içməli su problemi ilə qarşılaşmalarından şikayət ediblər:

"Üç aydır içməli suya həsrət qalmışıq. Suyu maşınla alırıq. Hər ay 200 manat içməli suya pul veririk. Ərazidə kanalizasiya sistemi də yoxdur. Bərbad gündə yaşayırıq. Problemimizlə maraqlanan yoxdur”.

Aksiyayanı sosial şəbəkələrdə canlı yayımlayan jurnalist-bloger Bahadur Seyidov saxlanılıb.

B.Seyidov hadisə ilə bağlı öz feysbuk profilində paylaşım da edib. O bildirib ki, maskasız ictimai yerdə olduğu üçün 100 manat cərimə olunub:

"Bu gün səhər saatlarında Aşağı Güzdək qəsəbəsində insanlar aylardır susuz qaldığı üçün etiraz aksiyası keçirdilər.

Həmin aksiyada mən də iştirak etdim. Həm etiraz edən tərəf olaraq (çünkü orda yaşayıram) həm də jurnalist olaraq.

Kanalımda canlı yayım açdım.

Bir qədər sonra polis yaxınlaşdı və niyə çəkliş etdiyimi soruşdu. Jurnalist olduğumu dedim. Vəsiqəmi göstərdim. Vəsiqəmi alıb rəisə verdilər.

Vəsiqəm hələ də tapılmır.

Sonra dedilər ki, maskan niyə yoxdu?

Qolumu burub maşına saldılar.

Halbuki həmin aksiyada iştirak edənlərin 80 faizinin maskası yox idi.

Problem maska idisə və qayda bu cürdürsə, onları da eyni zorakılıqla maşına basmaq lazım deyildimi?

Maşında çevik polis əməkdaşları mənimlə heç də xoş rəftar etmədilər. Düzdür, vurmadılar. Amma aşağılayıcı ifadələr işlətdilər.

Şöbədə növbətçi isə məni olduqca xoş qarşıladı və hətta su, çay da verdi.

Bir müddət sonra dedilər ki, kütləvi yerdə maska taxmadığın üçün 100 manat cərimə olunursan.

Düzdü, maska taxmamışdım. Ona görə də cəriməni ödədim.

Amma soruşuram: Hansı qanunda maska taxmamağa görə zorakılıqla polis maşınına mindirilib, aşağılayıcı sözlərə məruz qoymaq var?

Hələ minnət qoydular. Mənə hörmət edib buraxdıqlarını dedilər.

Camaat buraxılmağımı tələb etdiyi üçün və müxtəlif yerlərdən zənglər daxil olduğu üçün buraxıblar. Guya mənə kütləvi ixtişaş törətdiyim üçün cinayət işi açılmalı imiş".

Jurnalist bildirib ki, onun saxlanmağı üçün göstərişi Abşeron rayonu icra başçısının verdiyini düşünür:

"Çünkü dəfələrlə qəsəbədəki sosial problemləri ictimailəşdirmişəm. Və bu yaxınlarda guya təxribat yaratdığım üçün Aşağı Güzdək bələdiyyə sədri tərəfindən Qobu polis idarəsinə şikayət olunmuşam.

Hazırda evdəyəm hansısa əlavə təzyiqlərə məruz qalmayacağımdan əmin deyiləm".

RƏYLƏR