Sosial Xidmətlər Agentliyi (SXA) daha bir tenderə yekun vurub.
Qurum bu gün nəticələri açıqlayıb.
Məlum olub ki, Agentlik əlilliyi müəyyən olunmuş şəxslər və Şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınmasını həyata keçirəcək. Bu məqsədlə fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoyla müqavilə imzalayıb.
Məlumatda qeyd edilir ki, Natiq Əlisoy SXA üçün 20 ədəd 3 otaqlı evi 1 milyon 444 min 840 manata satın alacaq. Bu isə bir mənzilin 72 min 242 manata başa gələcəyi deməkdir.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, SXA ilə Natiq Əlisoy arasında bu ilk tender razılaşması deyil. Belə ki, ötən ilin martında tərəflər Salyan rayonunda 32 ədəd üçotaqlı mənzilin satın alınması prosesini həyata keçiriblər. Həmin vaxt Agentlik sözügedən şəxsə bunun müqabilində 2 milyon 197 min 760 manat pul ödəyib.
Açıq mənbələrdə Natiq Hüseyn oğlu Əlisoy haqqında geniş məlumat olmasa da, bəlli olan odur ki, o, fərdi sahibkar, həmçinin yazıçı, şair və jurnalistdir. O, dövlət qurumlarının, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin şəhid ailələri və əlilliyi olan şəxslər üçün mənzillərin satın alınması ilə bağlı keçirdiyi iri miqyaslı tender və satınalma müsabiqələrinin qalibi kimi tanınır..Həmçinin o, "Gulay-Food” MMC-nin qanuni təmsilçisi kimi də fəaliyyət göstərib.
Həmçinin Natiq Əlisoy Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Qarşı tərəfi də dinləməyə hazırıq.






















