Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...

OXUNUB: 508 SİYASƏT
Politoloq: "5 aprel görüşündən dərhal sonra Qazağın 4 kəndi Azərbaycana qaytarıla bilər”

Qərb dairələri Cənubi Qafqazda formalaşan konfiqurasiyanı öz xeyrinə dəyişmək cəhdlərində Ermənistanı özünə alət edib. Azərbaycanla sərhədə göndərilmiş Avropa İttifaqı missiyasının sayının 138 nəfərdən 209 nəfərədək artırılması barədə dekabrda verilən qərarı Ermənistan parlamenti 3 ay sonra və tələm-tələsik ratifikasiya etdi. 

Bu da heç də təsadüfi deyil. Belə ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Brüsseldə görüş keçiriləcək. Şübhəsiz ki, bu, planlaşdırılan təhlükəsizlik görüşünə hazırlıqdır... Sözügedən təhlükəsizlik təminatı ilə bağlı hər hansı sənədin imzalanması xəbəri dolaşır. Əgər bu reallaşarsa, sülh danışıqlarına, münasibətlərin normallaşması prosesinə ciddi zərbə vura bilər. Mənzərə bundan ibarətdir ki, bu kimi təxribatçı davranışlarla Qərb gözlənilən sülhün baş tutmaması üçün növbəti "töhfə” verir. Şübhəsiz ki, rəsmi Bakı gedişatı diqqətlə izləyir və kontr-tədbirlər də görüləcək. Eyni zamanda hər hansı bir təhdidin, təxribatın ölkəmizə, aparılan siyasətə təsir etməyəcəyini Prezident İlham Əliyev son çıxışlarında da bir daha xatırladıb. 

Beləliklə, bütün hallarda Qərbin Cənubi Qafqazla bağlı məkrli planlarına Ermənistanı alət etməsi ancaq İrəvanın özünə problemlər yarada bilər. Onsuz da kifayət qədər ağır durumda olan Ermənistan növbəti tələyə düşməkdədir. Ermənistan bu istiqamətdə addımlar atarsa, hansısa saziş imzalayarsa, nəticə nə ola bilər? Kövrək bir dönəmdə bu davranış pozitiv elementlər olduğu deyilən prosesləri sıfır nöqtəsinə qaytara bilərmi? Qərbin bölgəyə bu pisliyi nəyə hesablanıb? Rusiyanın adekvat davranışları necə ola bilər?
 
Siz nə oyun çıxardırsınız?!” — Elşən Musayev
 
Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev hesab edir ki, Paşinyan bilə-bilə özünü tələyə salır: "Hazırkı durumda Avropa İttifaqı və ABŞ-ın Ermənistana münasibətdə sərgilədiyi fəaliyyət heç şübhəsiz ki, xüsusi gedişlərdir və Paşinyanı daha da "özününküləşdirmək" məqsədinə hesablanıb. Hər halda, belə olmasaydı, Ermənistan parlamenti onların bir barmaq işarəsi ilə əl-ayağa düşməz, tələm-tələsik, qəfil toplanmaz, Avropa İttifaqının missiyası ilə bağlı qərarı tezbazar ratifikasiya etməzdi.

Sadəcə, burada bir məqam var: ABŞ və Avropa İttifaqı məlum gedişi canıyananlığından, faydalı olmaq məramındanmı edir? Əlbəttə ki, yox. Məqsəd tam başqadır. ABŞ-ın da, Avropa İttifaqının da hazırda yeganə hədəfi odur ki, bölgədə, konkret olaraq Qafqazda daha çox təsir imkanları əldə etsin və Ermənistanı Rusiyanın əlindən tam almaqla öz dominantlığını gücləndirsin. Paşinyan isə bu tələyə doğru şüurlu şəkildə gedir. Üstəlik, onu da nəzərə almır ki, həmin Qərb, həmin ABŞ, həmin Avropa Nalvalnıy və Saakaşvilinin arxasında necə durubsa, elə onun da arxasında eyni cür duracaq. Yəni iş bir az çətinə düşən kimi aradan çıxacaq. Tərəfdaş dediyini yolun düzündə tək-tənha qoyacaq.

Təbii, Aİ missiyasının sərhəddə öz sayını artırmaq təşəbbüsü sülh prosesinə də hansısa formada təsirini göstərəcək, mənfi kontekstdə. Çünki onlar bölgəyə sülh üçün deyil, sülhün olmaması üçün gəlirlər. Sülh istəyən qüvvə yatıb-yatıb indi ayılmazdı, hələ ATƏT-in Minsk Qrupu çərçivəsində nələrsə edərdi, əməli fəaliyyətdə bulunardı. ABŞ-ın, Avropa İttifaqının əl və barmaq qoyduğu yerlərdə sözlər, imzalar deyil, yalnız silahlar danışır.

Paşinyan ABŞ və Avropa Birliyinin üzərinə elə sevincək qaçır ki, sanki "ağ günə” çıxacaq. Və adam fərqində belə deyil ki, dövlətin, millətin xoşbəxt gələcəyi üçün lazım olan əsas şərt müstəqillikdir, müstəqil qərar vermək bacarığıdır, kimsənin üzərinə yıxılmamaqdır, öz gücünə, öz təpərinə güvənməkdir, xalqın gələcəyinə hesablanan addımlar atmaqdır.

Hər halda, gözləyək. Səbrlə gözləyək görək bu işin arxasından nə çıxacaq. Amma nəticə hər nə olursa-olsun, bir şeyi indidən dəqiq deyə bilərik: Azərbaycanı öz haqlı mövqeyindən, yürütdüyü müstəqil siyasətdən kimsə döndərə, çəkindirə bilməz. Heç bir məkrli birlik bizim yolumuzda əngələ, maneəyə çevrilə bilməz. Bunu Ermənistan da qulağına sırğa eləsin, ABŞ da, Avropa İttifaqı da".
 
Deputat Sona Əliyeva:
 
Sona Əliyeva

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva bu görüşdə Azərbaycan üçün ciddi narahatedici heç bir məqam görmür. Onun sözlərinə görə, Azərbaycanın yanında regionun açar dövlətləri dayanıb: "Qərbin Ukraynadan sonra Rusiyaya qarşı yeni həmləsinin adı Ermənistandır. ABŞ və Avropa İttifaqı bir ildən çoxdur ki, Rusiyaya qarşı ikinci cəbhə açmaq haqqında düşünür. Bunun üçün ən uyğun və münbit variant şübhəsiz ki, İrəvandır. Bundan başqa, Qərb dairələri onu da başa düşür ki, hazırda regionda Rusiya ilə müttəfiqlik münasibətlərinə sadiq yeganə ölkə Azərbaycandır. Ona görə də ABŞ və Avropa İttifaqı Ermənistanı həm də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Avropa İttifaqı, ABŞ və Ermənistan gizli görüşünün digər səbəblərindən biri də Rusiya hərbçilərini Zvartnots hava limanından uzaqlaşdırmaq, 102-ci bazanın Ermənistan ərazisindən çıxarılması üçün yeni planları müzakirə etməkdir. Hava limanından rus hərbçilərinin uzaqlaşdırılması ABŞ və Qərb kəşfiyyatının İrəvanda qol-qanad açmasına imkan yaradacaq. Rus hərbçilərinin Gümrüdən çıxarılması isə oraya "Avropa jandarmaları"nın yerləşməsi üçündür. Bir sözlə, Qərb Rusiyanı regiondan vurub çıxarmaq üçün əlindəki bütün kartları masaya düzüb. Gürcüstan artıq tamamilə Qərbin ağuşundadır. Ermənistan isə hələ başlanğıc mərhələsində dövrə vurur. Avropada unudurlar ki, Azərbaycanın yanında regionun açar dövlətləri dayanıb. Söhbət Ankara və Moskvadan gedir. Qərbin Ermənistanda möhkəmləndiyinə əmin olduqdan sonra güney qonşumuz İran da quyruğunu qısaraq, gəlib Azərbaycanın yanında dayanacaq. O zaman ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda bloklanmış vəziyyətdə qalacaq. Hələlik Qərbin Ermənistanla bağlı qurduğu oyunların başlanğıc mərhələsidir. Bu vaxta qədər ABŞ regionda möhkəmlənmək üçün müxtəlif illərdə 4-5 dəfə cəhd edib. Amma bu mümkün olmayıb. Düşünürəm ki, bu dəfə də ciddi nəticə baş verməyəcək. Çünki Qərbin Cənubi Qafqazda möhkəmlənməsi təkcə Rusiyanın deyil, Ankara və Tehranın da maraqlarına uyğun deyil. Azərbaycan isə hələlik prosesləri güzgü effekti ilə kənardan izləyir. Rəsmi Bakının əlində böyük enerji layihələri kimi böyük və açıq kartları var. Ola bilər ki, hadisələrin gedişi fonunda Bakı Avropa ilə ABŞ-ı üz-üzə qoysun".

Müsahibimiz daha bir vacib məqama da aydınlıq gətirdi: "5 aprel görüşündən dərhal sonra Qazağın 4 kəndi Azərbaycana qaytarıla bilər. Hadisələrin gedişatı da bu istiqamətdədir. Çünki erməni mediası, "Hraparak" nəşri də 4 kəndin qaytarılmasının anonsunu verdi. Qərb Rusiyaya mesaj göndərəcək ki, Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin imzalanmasında əsas təşəbbüskar Rusiya deyil, Qərbdir. Ermənistan isə 4 kəndi qaytarmaqla sülh prosesinə sadiqliyini nümayiş etməyə çalışacaq. Bu, həm Qərb müstəvisində, həm də müharibədən yorulan erməni ictimaiyyətinin gözündə Nikol Paşinyanın reytinqini bir qədər artıra bilər. Amma revanşistlər və ruspərəstlər Paşinyana qarşı daha sərt addımlar atmağa çalışacaq. Düşünürəm ki, 5 aprel görüşünün ən uğurlu nəticəsi Qazağın 4 kəndinin Azərbaycana qaytarılması ola bilər. Amma indiki məqamda bu görüşün Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin imzalanmasına əsaslı təsir göstərəcəyi inandırıcı görünmür. 

Ermənistanın Azərbaycana qaytaracağı 4 kəndlə iş bitmir. Əslində digər 4 kəndin taleyi də həll edilməlidir. Azərbaycan Rusiya vasitəssilə anklav kəndlərin aqibətinə aydınlıq gətirməyə çalışacaq. Çünki münaqişədən əvvəlki son topoqrafik xəritələr Kremlin arxivlərindədir. Bakı bu addımı ilə həm də Qərblə Kreml arasındakı balansı qorumağa çalışacaq. Son sülh sazişi isə uzunmüddətli prosesdir. Onun ümumi müddəaları üzərində uzun müddət iş aparılmalıdır. Bu baxımdan, Azərbaycana indiki məqamda sülh sazişi sərf etmir, Bakıya sərf edəcək sülh şərtlərinə isə İrəvan razı olmayacaq. Qərblə Ermənistan arasında Avropa Birliyinə gözləmçi üzvlüklə bağlı assosiativ saziş imzalanması ilə bağlı çərçivə danışıqları baş tuta bilər. Yəni  Qərbin Gürcüstan modelini Ermənistanda da tətbiq etməsi mümkün görünür. Bu, Nikol Paşinyanın erməni cəmiyyətindəki mövqelərini daha da artıran tendensiyalardandır".
 
 
 

RƏYLƏR