Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü irəliyə doğru addımdır - ŞƏRH

OXUNUB: 215 SİYASƏT
Əslində son proseslər və ələlxüsus da 4 kəndin qaytarılması, delimitasiya ilə bağlı real icraatın başlaması onu sübut etdi ki, kənar müdaxilələr, təsirlər olmayanda hər şey daha yaxşı istiqamət alır, iki dövlət öz arasında daha tez dil tapır. Ona görə də Almatı görüşündən gözləntilərimiz böyükdür və iki öllkənin xarici işlər nazirlərinin həmin görüşdən ciddi nəticə ilə ayrılacağını düşünürük.

Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı Elşən Musayev deyib.

O qeyd edib ki, həqiqətən də zaman gedir. Bundan sonra hər şey fərqli olmalıdır, müsbət dinamika almalıdır.

"Üstəlik, bölgədə sabitliyin olmaması üçün əlindən gələni "əsirgəməyən” qüvvələrə də açıq mesaj verilməlidir ki, sizin vasitəçiliyinizə ehtiyac yoxdur, biz öz aramızda bütün mübahisəli məsələləri həll etmək iqtidarındayıq.

Bildiyiniz kimi, Almatıda müzakirə ediləcək əsas mövzu sülh müqaviləsinin mətnidir və ümid edirik ki, Ceyhun Bayramovla Ararat Mirzoyanın məlum görüşdən sonra keçirəcəkləri mətbuat konfransında həmin mətnin razılaşdırılması ilə də bağlı xoş xəbərlər, ümidverici müjdələr alacayıq. Niyə də yox?! Maneə varmı? Düşünürəm ki, xeyr. Əksinə, hər şey öz axarında gedir. Yetər ki, Ermənistan bundan sonra kənar təsirlərə uymasın, sona qədər 4 kənd məsələsində olduğu kimi adekvat davransın, bizim qədər qərarlı olsun, sülhün mahiyyətini anlasın. Vəssalam. Bax ondan sonra kimsə bu prosesə mane ola, sülh müqaviləsinin bağlanmasını əngəlləyə bilməz", - deyə deputat əlavə edilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Trend-ə deyib ki, Ararat Mirzoyan və Ceyhun Bayramov uzun müddətdir ki, bir-birilərini tanıyırlar, görüşlər keçirirlər. Amerikada ötən il bir neçə günlük hətta görüş keçirildi. Ondan sonra da mütamadi olaraq bu görüşlər birbaşa və yaxud bilavasitə şəkildə həyata keçirilir. Hal-hazırda Azərbaycan və Ermənistan arasında doğrudan da müsbət dəyişiklikləri sezirik.

"Ermənistanın dörd kəndlə bağlı verdiyi qərar, eyni zamanda yaxın vaxtlarda ümid edirik ki, Ermənistanın hüquqi normativ haqlarına edəcəyi dəyişikliklər sülh müqaviləsinin artıq imzalanması ilə nəticələnə bilər. Amma ümid edək ki, bu başlayacaqdır və təkcə kəndlərlə məsələ yekunlaşmayacaqdır.
Çünki kəndlər məsələnin tam olaraq bitməsi demək deyil. Delimitasiya və demarkasiya davam edəcəkdir və eyni zamanda Azərbaycan və Ermənistan arasında əsas məsələ olan, Bakının əsas istəyi olan məhz bu konstitusiya dəyişiklikləri və normativ hüquq aktlardır. Çünki əgər Ermənistan bu gün hüquqi normativ aktlarında qonşu ölkə ərazisinə iddiası varsa, bu, gələcəkdə hakimiyyət dəyişiklikdən sonra Ermənistanda Azərbaycana qarşı cığallığa gətirib çıxarda bilər.

Digər məsələ, Almatıda da müzakirə ediləcək məsələ bu, sülh müqaviləsinin mətni ilə bağlıdır.
Bunu biz sülh müqaviləsini adlandıra bilərik və yaxud sülh müqaviləsinə qədər biz paraflanmış bir sənəd adlandıra bilərik ki, bu sənətdə də yəqin o ifadə həkk olunacaq ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq bu müqavilə buna qədər ölkə daxilində qəbul edilən qərarları qüvvədən salır və bu, ən ali sənəd tərəflər arasında hesab olunur.

Bu, gələcəkdə zidiyyətlərin və mümkün münaqişələrin aradan qalxması üçün çox böyük irəliləyiş olardı. Və kommunikasiya məsələləri də müzakirə predmeti olacaqdır. Biz kommunikasiyalar dedikdə, əlbəttə ki, Zəngəzur ilə bağlı yol xəttinin artıq nəhayət açılmasını nəzərdə tuturuq.

Ən nəhayət, Almatı görüşü Qazaxıstanda baş tutacaq. Tərəflər 1991-ci ildə orada saziş imzalayıblar.
Bu dəfə isə artıq xarici işlər nazirləri sülh müqaviləsi mətnini müzakirə edəcək. Bu, əlbəttə ki, irəliyə doğru addımdır. Və ən əsası görüşün məhz neytral ölkədə keçirilməsi geosiyasi maraq çəkişmələrini kənarlaşdırır və kommunikasiyanı daha nəticəli edə bilər", - o əlavə edib.

RƏYLƏR