Anar Əsədlinin cinayət dosyesi ciddi şəkildə araşdırılmalıdır...” – PARTİYA SƏDRİ

OXUNUB: 519 Özəl SİYASƏT
"Hesab edirəm, Anar Əsədlinin cinayət dosyesi ciddi şəkildə araşdırılmalı və onun cinayətinin qurbanı olan insanların sayı dəqiqləşdirilməlidir. Çünki bu həndəvərin genişlənəcəyinə, məlum cinayətlərin hüdud baxımından daha böyük olduğuna adım qədər əminəm.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Niyə belə düşünürəm? Orasına da aydınlıq gətirim. Əvvəla! Bu adam xarakter etibarilə düzgün biri deyil və siyasətə də birmənalı şəkildə hansısa müəmmalı məqsədlərini realizə etmək üçün gəlib. İkincisi, Anar Əsədli lap əvvəldən, hətta seçki dönəmindən etibarən şou yaradıb, artistlik edib. Yəqin bu da səbəbsiz deyil və çox güman ki, məkrli niyyətlərə köklənib. Nəhayət, üçüncüsü...hər gün geniş maliyyə tutumlu tədbirlər keçirən Anar Əsədlinin pulu haradan gəlib, o pulu partiya sədrinə kim verib? – şəxsən mənə mövzunun bu tərəfi də çox maraqlı gəlir. Üstəlik, məlum kontekstdə ortalığa növbəti sual da çıxa bilər: Mümkündürmü ki, Əsədli bütün məsələləri dələduzluq yolu ilə ələ keçirdiyi vəsaitlə həll edib? Təbii, dələduzluq həmin mənbələrdən biridir. Amma və lakin! Hesab edirəm, digər ehtimallar da ciddi şəkildə araşdırılmalı və Əsədlinin bütün şübhəli tədbirlərinin, səfərlərinin, görüşlərinin izinə düşülməlidir. Çünki tipindən, fizianomiyasından da aydın görünür ki,  bu adam dələduzluqla çox geniş masştabda məşğul olub və hətta bəlkə də həmin dələduzluq öz həndəvərindən çıxaraq daha böyük cinayətlərə yol açıb.

O ki qala məsələnin siyasiləşdirilmə cəhdinə, hesab edirəm, bu mümkün olmayacaq. Hərgah, prosesin lap əvvəlində Əsədlinin bəzi dostları ortalığa çıxıb belə bir təşəbbüslə çıxış etmək istədilər. Amma yəqin sonradan onlar da anladılar ki, "başqan” dedikləri adam mümkün və mövcud olan bütün əyri yollardan istifadə edib, qarşısına çıxan hər kəsi aldadıb, fəaliyyəti boyunca hər cür iyrəncliklərə imza atıb.

Bilirsiniz, əvvəllər də belə insanlar olub və zaman-zaman düşünüblər ki, əgər bunlar siyasətlə məşğuldurlarsa ağıllarına gələni edə bilərlər. Hərgah, belə deyil! Kimsəyə bu luks tanınmayıb! Hamı qanun qarşısında bərabərdir. Dələduzsansa, cinayətkarsansa cəzanı alacaqsan!

Azərbaycan siyasətindəki qara ləkələrin əsl üzünü cəmiyyət görməli və tanımalıdır! Saxta obrazlar, anti-milli ünsürlər tarixin və zamanın bütün mərhələlərində ifşa edilməlidir!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR