"Bu qurum ya Alver Parlamenti, ya da Avropa Parlamarketi adlandırılmalıdır!" - Deputatdan sərt açıqlama

OXUNUB: 0 Özəl SİYASƏT
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnaməsi bu qurumun əxlaqi çöküşünün, siyasi korluğunun və həddini aşmış iküzlülüyünün növbəti bariz sübutudur. Özü korrupsiya bataqlığına düşmüş, rüşvət qalmaqallarında və dəbdəbəli otellərdəki hesabatsız səfərlərdə ittiham olunan Roberta Metsola kimi rəhbərlər tərəfindən idarə edilən bir təşkilatın Azərbaycana müstəqil məhkəmə, hüquq və siyasət dərsləri keçməyi həyasızlığın və sinizmin son həddidir! Məntiqlə bu qurum ya Alver Parlamenti, ya Avropa Parlamarketi, ya da daha sadə, €-Parlament adlandırılmalıdır! Adların hər biri bu rüşvətxorlar yığınına necə də yapışır və yaraşır!

Fransada və digər Avropa ölkələrində polisin zorakılığı, insan hüquqlarının kobud şəkildə pozulması, ksenofobiya və irqçilik baş alıb gedərkən, Brüssel avrokratları kor gözlərini öz biabırçılıqlarına yumaraq bütün diqqətini Azərbaycana yönəltməyə çalışırlar, ölkəmizdə barələrində konkret cinayətlərə görə istintaqı aparılan və artıq məhkum olunmuş şəxsləri qorumaq üçün qollarını çırmalayırlar. Avropa Parlamentinin ölkəmizin daxili işlərinə kobud şəkildə müdaxilə edən, qanuni məhkəmə proseslərini və hüquq-mühafizə orqanlarının qərarlarını şübhə altına alan bu şablon xarakterli kağız parçasının Azərbaycana zərrə qədər də əhəmiyyəti, mənası və hüquqi qüvvəsi yoxdur! Dövlətimiz hər həmkar və ya xarici təşkilatın deyil, yalnız Azərbaycan xalqının maraqlarına və milli qanunvericiliyinə əsaslanır!

Bəs bizim torpaqlarımız otuz il ərzində işğal altında qalanda, bir milyondan çox azərbaycanlı öz doğma ocaqlarından qəddarcasına qovulanda, etnik təmizləməyə və soyqırımına məruz qalanda ağzınıza su alıb niyə susurdunuz, ay siyasi təlxəklər klubu? Bu açıq-aşkar ikili standart yanaşması göstərir ki, Avropa Parlamenti Azərbaycanın tarixi zəfərini, suverenliyini və Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqları həzm edə bilmir. Lakin onlar anlamalıdırlar ki, heç bir xarici qüvvə, heç bir satqın tribuna Azərbaycanın daxili işlərinə qarışa, bizə yol göstərə və ya təzyiq dili ilə danışa bilməz.

Milli Məclisin qətnaməyə dair bildirdiyi münasibətdə də vurğulandığı kimi, Avropa Parlamenti regiondakı sülh prosesini sabotaj etmək və yenidən gərginlik ocağı yaratmaq niyyətindədir. Lakin bu təşkilatın kin və ədavətlə dolu boş kağız parçaları Bakının dəmir iradəsini və müstəqil yolunu əsla dayandıra bilməyəcək. Bu korrupsionerlər yuvası öz çirkinliyində boğulacaq, Azərbaycanın zəfər karvanı isə öz yolunda inamla irəliləməyə davam edəcək!

Kamran Bayramov
Milli Məclisin deputatı
7NEWS.az

RƏYLƏR