"Araz Naxçıvan”ın gələcəyi sual altında: Nə stadion var, nə heyət, nə pul...

OXUNUB: 2726 İDMAN
"Araz Naxçıvan”da hələ qeyri-müəyyənlik davam edir. Komandanın Premyer Liqada iştirakı üçün lisenziya verilsə də, bu yarışın şərtlərinə uyğun nə infrastruktur var, nə də şərait. Stadion məsələsi həlli vacib problem kimi qarşıda durusa da, sponsorun olmaması ümumiyyətlə Naxçıvan təmsilçisinin gələcəyini sual altında qoyub. Bəs problemlər nə zaman həll olunacaq? Ümumiyyətlə klub Premyer Liqada iştirak edəcəkmi?

"Araz Naxçıvan”ın icraçı direktor müavini Sakit Rzayev Qaynarinfo-ya açıqlamasında, hazırkı durumdan danışıb. O, hələ də stadion məsələsinə aydınlıq gəlmədiyini deyib:

"Yavaş-yavaş hər şey qaydasına düşür. Bir neçə günə məsələlər həllini tapacaq. Ondan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Naxçıvandakı stadion təmirə bağlanacaq. Böyük ehtimalla bir neçə ev oyunumuzu Bakıda keçirəcəyik. Amma hələ konkret hansı stadionda oynayacağımız müəyyənləşməyib. Bayramdan sonra Naxçıvandakı stadionda təmirə bağlanacaq. Oranın işi az deyil. Sponsorla bağlı indidən danışıb hadisələri qabaqlamayaq”.

Klub rəsmisi komandanın Premyer Liqada oynayacağını deyir:

"Komanda Premyer Liqada oynayacaq. Hazırda formalaşdırılır. Premyer Liqanın şərtləri elədir ki, hər şey peşəkar səviyyədə olmalıdır. Bunun üçün də davamlı maliyyə və strategiya olmalıdır. Sadəcə oynamaq xətrinə Premyer Liqaya gəlməməliyik. Hər şey planlı şəkildə aparılmalıdır. Bunun üçün Muxtar Respublika rəhbərliyinə müraciət olunub və bu yöndə işlər aparılır. Hazırda tam olaraq nəsə dəqiqləşməyib. Bir neçə ay Bakıda məskunlaşcağıq. Çünki Naxçıvanda oynamağımız mümkün deyil. Havalar soyuyana qədər vaxtımız var. Deməzdim ki, tamamilə çəkilib kənarda dayanmışıq. Rəhbərlik səviyyəsində danışıqlar aparılır. Elə bir şey etməliyik ki, təkcə bugünümüzü xilas etməyək”.

Rzayev ot örtüyünün tamamilə dəyişdirilməsi ilə yanaşı, stadionda xeyli görülməli işlərin mövcudluğunu da bildirib:

"Ot örtüyü tamamilə dəyişdiriləcək, bəzi başqa işlər görüləcək. VİP sektorların artırılması, çəkiliş platformaları, VAR otağı, işıqlandırılma sistemi nəzərdə tutulub. Anbar tikiləcək ki, çəkiliş üçün lazım olan cihazlar ora yığılsın. Media nümayəndələri üçün qapalı məkanın hazırlanması lazımdır. Hansı ki, elektriklə, internetlə təmin olunmalıdır”

O, komandanın hazırlığı, təlim-məşq toplanışı ilə bağlı sualı belə cavablandırıb:

"Komanda iki-üç gün içərisində hazırlığa başlamalıdır. Müəyyən təşkilati işlər görülür. Stadion məsələsinə aydınlıq gələndən sonra komanda toplanışlara başlayacaq. Heyətdə Birinci Diviziondan qalanlar var. Təbii ki, yenilər də olacaq”.

RƏYLƏR