Avstraliyanın qərbində itən radioaktiv maddə olan mini kapsulun axtarışına başlanıldığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, Qərbi Avstraliya Yanğın və Təcili Yardım Xidmətləri Departamentindən (DFES) verilən açıqlamada, mədən işlərində ölçmə üçün istifadə edilən radioaktiv kapsulun Nyuman bölgəsindəki mədən sahəsindən Perthdəki anbara daşınma zamanı itdiyi bildirilib.
Rəsmilərin dediyinə görə, kapsul yanvarın 12-də təmir üçün Pertə göndərilib və sahəni tərk etməzdən əvvəl qablaşdırılıb. Yanvarın 16-da Pertə gələn bağlama təhlükəsiz radiasiya anbarında saxlanılıb. Lakin yanvarın 25-də bağlama açılanda ölçü cihazının zədələndiyi kapsulun yerində olmadığı məlum olub.
Səlahiyyətlilər, insanlara bu kapsula toxunmamaq barədə xəbərdarlıq edərək, maddənin məruz qalması halında radiasiya yanıqlarına və radiasiya ilə bağlı xəstəliklərə səbəb ola biləcəyini vurğulayıb.
7NEWS.az