7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva məlumat verib: "Bakıda nəqliyyat məsələsi illərdir şəhər sakinlərinin ən çox müzakirə etdiyi mövzulardan biridir. Tıxaclar, avtobusların gecikməsi, dayanacaqlarda yaranan sıxlıq, marşrut xətlərində problemlər və sərnişinlərin rahat hərəkəti ilə bağlı narazılıqlar hələ də gündəmdə qalır.
Belə bir vaxtda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qarşısında görünür, daha fərqli və olduqca "vacib" bir məsələ dayanıb.
Söhbət velosipedlərin harada saxlanılmasından gedir.
AYNA "Velosipedlərin parklanması üçün konstruksiyaların alınması (quraşdırma daxil)" adlı tender elan edib. Tenderin qalibi isə "Apollon Trading" MMC olub. Şirkətlə 265 min 500 manat məbləğində satınalma müqaviləsi bağlanıb.
Maraqlıdır ki, 2016-cı ildə yaradılan "Apollon Trading" MMC barədə açıq mənbələrdə geniş məlumatlara rast gəlmək çətindir. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat göstərilir. Hüquqi ünvanı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 64A, mənzil 68 kimi qeyd olunur. Qanuni təmsilçisi isə Məmmədzadə Bəhram Fərmayıl oğludur.
Yəni paytaxtın nəqliyyat sistemində milyardlarla insanın gündəlik hərəkət etdiyi bir sahədə yeni bir layihənin icrası üçün seçilən şirkət geniş tanınmış nəqliyyat və ya infrastruktur qurumu kimi ictimaiyyətə tanış deyil.
Təbii ki, velosiped infrastrukturunun inkişafı müasir şəhərlər üçün vacib istiqamətlərdən biridir. Dünyanın bir çox şəhərlərində velosiped yolları, dayanacaqları və alternativ nəqliyyat imkanları genişləndirilir.
Amma Bakıda sakinlərin əsas gözləntiləri hələ də dəyişməyib: avtobusların vaxtında gəlməsi, dayanacaqlarda rahatlıq, nəqliyyat sıxlığının azalması, parklanma problemlərinin həlli.
İctimai nəqliyyatda illərlə yığılan problemlər fonunda 265 min 500 manatlıq necə qiymətləndirilməlidir?"
7NEWS.az






















