“AZCLOUD Hackathon 2019" müsabiqəsi başladı

OXUNUB: 858 Texnologiya
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom” MMC "Hewlett Packard Enterprise”, "R.I.S.K Company”, "Azercell Telekom”, "TrendMicro”, "Juniper Networks”, "Cisco” və "Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən "AZCLOUD Hackathon 2019" müsabiqəsinə start verib.

 

Bu gün Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında təşkilatçılar jurnalistlərin suallarını cavablandırıb.

 

Bildirilib ki, yarışma Azərbaycanda İnformasiya Texnologiyaları sektorunda innovasiyaların yaranması, iştirakçıların öz aralarında iş şəbəkəsini qurması, eləcə də onların bilik və bacarıqlarını artırmaqla gələcək karyeraları üçün ilk addımlarını ataraq, maraqlı və gündəmdə olan iş təklifləri əldə etmək baxımından olduqca cəlbedicidir.

 

Mətbuat konfransında qeyd olunub ki, builki müsabiqəyə 58 komandanın tərkibində 244 nəfər müraciət edib. Onlardan yalnız 20 komanda "AZCLOUD Hackathon 2019" –da yarışmaq şansı qazanıb. Qalib komanda 10 000 AZN məbləğində pul mükafatı əldə edəcək.

 

Mətbuat konfransından sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə"AZCLOUD Hackathon 2019" müsabiqəsinin açılışını elan edib. Nazir bildirib ki, ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsi xüsusilə vacibdir.  "Bura toplanan əsasən  gənclərdir. Biz çox şadıq ki, gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli gənclərə ehtiyac var.”

 

Tələbə və gənclərin informasiya texnologiyalarının tətbiqi və istifadəsində aparıcı rol oynadığını deyən R.Quluzadə bunu sevindirici hal adlandırıb."Bugünkü tədbir onu göstərir ki, gənclərimiz informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyaların reallaşdırılması üçün də istifadə edirlər. ”

 

Nazir qeyd edib ki, "AzcloudHackathon 2019” müsabiqəsini təşkil etməklə "AzInTelecom” şirkəti sosial məsuliyyət yönümlü layihələrə dəstək olmaqla yanaşı, İT sahəsində mütəxəssislərin yetişdirilməsinə də böyük töhfə vermiş olur. "Bu növ yarışmalar yeni məhsul və xidmətlərin yaradılmasında innovasiyalarla yanaşı, biznes proseslərin təşkilinə də yol açır ki, bu da ölkə iqtisadiyyatının inkişafına birbaşa müsbət təsir edir.”

 

Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Leyla Məmmədova bildirib ki, "AzcloudHackathon 2019” yaradıcı gənclər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, investor və sponsor şirkətlər üçün isə istedadlı kadrları öz komandalarına cəlb etmək üçün bir imkandır.

 

Qeyd edək ki, bu gündən başlayan müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gəlib.

 

Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsinə görə hər komanda üçün otaq (SkyBox) ayrılıb və yarışma ərzində komandalar qida ilə təmin olunur.

RƏYLƏR