Azər Verdiyev: “Vətən müharibəsi haqq və şərəf mübarizəmizin şanlı salnaməsi kimi tarixə əbədi yazılacaq”

OXUNUB: 120 GÜNDƏM

Azərbaycanın tarixi zəfəri, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə başa çatan Vətən müharibəsindən 1 il ötür.

Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin bizə bəxş etdiyi qalibiyyətdən ötən hər gün onun tarixi önəmini daha da artırır. Bu qalibiyyətin dəyər və əhəmiyyəti gələcək tarix səhifələrində daha aydın görünəcək. Amma bu gerçək hər birimizə aydındır: Vətən müharibəsi haqq və şərəf mübarizəmizin şanlı salnaməsi kimi tarixə əbədi yazılacaq.

Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini də yad edir və əbədiyyən qəlbində yaşadacaq.

Azərbaycan Respublikasının Prezidenti dekabrın 3-də "Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilir.

Bu sükutun zamanı dəqiqə sürsə də, yaddaşlarda yaşadacağı xatirə zamansızdır.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin daha bir sərəncamı ilə Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığı tarix – 27 sentyabr bundan sonra Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.

Dövlət başçısının digər sərəncamı ilə Vətən müharibəsində həlledici rol oynayan və düşmənin kapitulyasiyasını labüd edən qalibiyyət – Şuşanın düşmən əsarətindən qurtarıldığı 8 noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü elan edilib. Məhz Şuşa zəfəri işğalçı Ermənistanın öz məğlubiyyətini etiraf etməyə və işğal altında saxladığı Kəlbəcər, Ağdam və Laçın rayonlarını da Azərbaycana qaytarmağa məcbur etdi.

Bu gün Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi. Müraciətdə biz sülh mesajı gördük, müraciətdə biz 44 günlük savaşın xronikasını gördük, müraciətdə biz hörmət, ehtiram, qürur gördük. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı versin. Yaşasın Ordumuz! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

 

Azər Verdiyev

44 Günlük Vətən Savaşı iştirakçısı,

QALİB-in sədri, ekspert








RƏYLƏR