Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI

OXUNUB: 593 Özəl SOSİAL

Ötən hesabat dövrü doğma Azərbaycanımız üçün daha da yaddaqalan oldu. 2023-cü ilin sentyabr ayının 19-da başladılmış lokal antiterror əməliyyatı müzəffər Azərbaycan Ordusunun qalibiyyəti ilə başa çatdı. 23 saat 43 dəqiqə sürən antiterror əməliyyatı ilə düşmən bir daha susduruldu və müstəqil Azərbaycanın hər bir qarışı işğaldan azad olundu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza etdiyi səfərlər bütün ölkə vətəndaşlarında ruh yüksəkliyi yaradaraq doğma Qarabağımızın gündən-günə gözəlləşməsinə səbəb olmaqdadır. Biz bütün bu qalibiyyətləri müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə və uzaqgörən siyasi rəhbərimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə borcluyuq.  

Hesabatla bağlı bildirmək istəyirəm ki, ötən ildə olduğu kimi, bu hesabat dövründə vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında yerli icra hakimiyyəti orqanları və aidiyyəti qurumlarla əməkdaşlığımız sayəsində bir çox məsələlərin həllinə vaxtında nail olmuşuq.

Azərbaycan Respublikasının Milli Məclisinə Ucar rayonundan seçilən deputat olaraq fəaliyyət göstərməyim üçün Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahının inzibati binasında tam şərait yaradılıb, rayon sakinlərinin qəbul edilməsi təmin olunub. Hakim partiyanın namizədi kimi parlamentdə təmsil olunduğum üçün fəaliyyətimin ən önəmli istiqaməti Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan nailiyyətlərin, müasir dünya tərəfindən qəbul olunan uğurların seçicilər arasında təbliği təşkil edir.

Deputat olaraq fəaliyyətə başladığım ilk gündən etibarən çalışmışam ki, seçicilərin qaldırdığı məsələlərə diqqətlə yanaşaraq hər bir vətəndaşın, hər bir seçicinin üzləşdiyi çətinliklərin aradan qaldırılmasında öz köməyimi əsirgəməyim. Ötən dövr ərzində də seçicilərimlə sıx təmasda olmuş, 448 nəfərin müraciətini telefon danışığı vasitəsilə, 2023-cü ilin dekabr ayının sonunadək 268 nəfərin, 2024-cü ilin yanvar, fevral və mart aylarında 39 nəfərin müraciətini dinləmiş, beləliklə də ümumilikdə 755 nəfərin şifahi müraciətini dinləmişəm.
 
Hesabat dövrü ərzində seçicilərimlə rayon mərkəzində və kəndlərdə 11 səyyar görüş keçirilmiş, ümumilikdə 415 nəfər tərəfimdən dinlənilmiş və hər bir seçicinin müraciəti qanunamüvafiq olaraq cavablandırılmışdır. Sosial şəbəkələr vasitəsilə 316 nəfərin, yazılı olaraq isə 78 nəfərin müraciəti tərəfimizdən araşdırılaraq aidiyyəti qurumlara məktublar ünvanlanmışdır. Onu da qeyd edim ki, deputat qərargahına vətəndaşlar tərəfindən telefon əlaqəsi vasitəsilə 448, şifahi olaraq isə 307 müraciət edilmişdir.

Vətəndaşların problemlərinin həlli istiqamətində mümkün olan variantlar araşdırılmış, həll olunması imkanım daxilində olan məsələlər isə səlahiyyətim çərçivəsində icra olunmuş və ya nəzarətdə saxlanılmaqla aidiyyəti qurumlara ünvanlanmışdır.

Əhalinin üzləşdiyi çətinliklər, əsasən işsizlik, kəndlərdə su çatışmazlığı, kənd yollarının vəziyyəti, kəndlərin internet xətlərinin çəkilməsi sahəsində görülən işlərin gecikdirilməsi, elektrik xətlərinin və elektrik dirəklərinin nasaz olması, Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində mərkəzi şosse yolunun işıqlandırılmaması, Ucar şəhərində küçə işıqlandırılması və şəhərin elektrik təsərrüfatında narahatlıqlarla bağlı çətinliklər, mavi qaz yanacağı olmayan ərazilərə (Küçəkənd kəndi ərazisində Neftaşıran qəsəbəsi adlanan məhəllədə yaşayan sakinlərin evləri, Qulabənd kəndi ərazisində 16 mənzilli "pambıqzavod” yaşayış binası) qaz xəttinin çəkilişi və Tibbi Sosial Ekspert Komissiyasının ərazi idarəsinin fəaliyyəti ilə bağlı olmuşdur. Ötən dövr ərzində qaz çəkilişi ilə bağlı seçicilər tərəfindən qaldırılmış məsələlərdən biri olan Ucar rayonunun Şahlıq kəndinin qazlaşdırılması ilə bağlı işlər uğurla başa çatdırılmış və hazırda kənd əhalisi abonent olaraq mavi qaz yanacağından istifadə etməkdədir.

Hesabat ili müddətində 1564 seçicidən müraciət qəbul etmişəm, bu müraciətlərdən 82 %-i müsbət həllini tapmış, 2 %-i hazırda icraatda olan, 16 % isə əsassız müraciətlər olmuşdur. Onu da qeyd edim ki, təkcə seçildiyim dairənin seçicilərinin deyil, başqa dairələrdən olan şəxslərin də məktub və müraciətlərinə xüsusi diqqətlə yanaşıram. Belə müraciətlərə misal olaraq  Ağdaş, Xaçmaz, Abşeron rayonlarından, həmçinin Bakı şəhərindən daxil olan müraciətləri göstərə bilərəm.

Ötən dövr ərzində Milli Məclisin plenar iclaslarında seçicilərimin mənə ünvanladığı müraciətlərə əsasən, Ucar rayonundakı su çatışmazlığı, rayon ərazisində idman-sağlamlıq kompleksinin olmaması, kənd yollarının asfaltlanması, tibbi sosial ekspert komissiyalarının fəaliyyəti, rayonun bir neçə kəndində internet şəbəkəsinin olmaması, həmçinin respublikanın bütün regionlarına aid olan mavi qaz yanacağının limitinin ləğv edilməsi və gənc ailələrin yaşayış evlərinin elektrik enerjisi ilə təminatında yaranmış çətinliklər barədə mütəmadi olaraq tərəfimdən məsələlər qaldırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində uğurla həyata keçirilən tədbirlərə dəstək olaraq 91 saylı Ucar Seçki Dairəsindən seçilmiş millət vəkili olaraq təşəbbüsüm əsasında yaradılmış müxtəlif yardım aksiyalarında, 23-27 iyun 2023-cü il tarixləri aralığında, Qurban bayramı ərəfəsində 330 (üç yüz otuz) ailənin  (şəhid, əlil və aztəminatlı ailələr) hər birinə qoyun əti bayram sovqatı olaraq paylanılmışdır.

2023-cü ilin sentyabr ayının 19-da lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olmuş Ucar şəhər sakini Mustafayev Hüseyn Əli oğlunun və rayonun Bağban kənd sakini Səfiyev Allahverdi Səfi oğlunun ailəsi tərəfimdən ziyarət edilmiş, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün dəstək verilmişdir.

2023-cü ilin sentyabr və oktyabr aylarında yeni tədris ilinin başlanması ilə əlaqədar 100 nəfər aztəminatlı ailənin övladına məktəbli geyimi və ayaqqabı dəsti verilmişdir.

2023-cü ilin noyabr ayında Ucar şəhəri Məlikballı Qurban küçəsinin sakinlərinin müraciəti əsasında çınqıl alınaraq yol hamarlandırılıb, avtomobillərin istifadə üçün rahat vəziyyətə gətirilmişdir.​​​​​​​

20-25 dekabr tarixində "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və "Yeni il” bayramı ərəfəsində 100 nəfər şəhid, əlil, aztəminatlı ailəyə, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanlara ərzaq yardımları edilmiş, əlavə olaraq ailələrin hər birinin sosial vəziyyəti ilə maraqlanılmışdır. ​                                                

Başladılmış yardım aksiyaları 2024-cü ildə də davam etdirilməklə17-20 mart 2024-cü il tarixləri aralığında, Novruz bayramı ərəfəsində 250 (iki yüz əlli) nəfər şəhid, qazi və aztəminatlı ailələrinin evləri ziyarət edilərək bayram sovqatı çatdırılmışdır.  

Bildiyimiz kimi 2024-cü ilin fevral ayının 7-də Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri keçirilmişdir. Xalqımızın yaddaşına Zəfər seçkiləri kimi həkk olunmuş bu əlamətdar günlə bağlı cari ilin yanvar-fevral aylarında keçirilmiş təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edərək Qəbələ və Ucar rayonlarının seçiciləri ilə görüşmüş, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin 20 illik Prezidentlik fəaliyyəti dövründə ölkəmizin milli maraqlarını daim qoruması, daxili və xarici siyasətdəki uğurları, dünya siyasətçiləri arasında söz sahibi olması, ərazi bütövlüyümüzün bərpası, eləcə də xalqın və dövlətin həmrəyliyi sayəsində qazanılmış qalibiyyətlər uğrunda yorulmadan çalışması barədə seçicilər qarşısında çıxış edərək onları qalib xalqın qalib liderinə səs verməyə çağırmışam.    

Ümumilikdə hesabat dövründə müxtəlif zamanlarda keçirilən yardım aksiyalarında 780 ailəyə baş çəkilərək ərzaq sovqatları çatdırılmışdır.  

Onu da qeyd edim ki,  qarşıdan gələn "Ramazan” və "Qurban” bayramları ərəfəsində "Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində sosial aksiyalarımız davam edəcək.

Yeri gəlmişkən, xoşməramlı yardım aksiyası təşəbbüsümə qoşularaq fəaliyyətimə hər zaman dəstək verən şirkət rəhbərlərinin və xeyirsevər insanların əməyini də xüsusi vurğulamaq istəyirəm, dəstəkləri üçün təşəkkür edirəm.

Hesabat dövründə televiziyalar, elektron və yazılı mətbuat orqanları ilə mütəmadi əməkdaşlıq etmiş, eləcə də sosial şəbəkələrdə fəallıq göstərərək şəbəkə istifadəçiləri ilə sıx təmasda olmuş, respublikada və eləcə də dünyada baş verən aktual məsələlərlə bağlı mütəmadi olaraq fikirlərimi bildirmişəm. Belə ki, elektron mediada və dövri mətbuatda 200-ə yaxın müsahibələrim yer almış, 13 məqaləm dərc edilmiş, xarici və yerli televiziya kanallarının 36 verlişində müzakirələrə qoşulmuşam, internet televiziya kanallarında 64 müsahibə və çıxışım yayımlanmışdır. 

Əlavə olaraq bildirim ki, 1 illik fəaliyyət dövrüm ərzində görülən işlər, o cümlədən daxili və xarici siyasətlə əlaqədar aktuallıq kəsb edən məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə Ramil Həsən rəsmi "facebook” və "X” sosial şəbəkəsində izləyicilər üçün mütəmadi olaraq məlumat xarakterli yazılarım yerləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili” elan olunmuş və ilboyu "Heydər Əliyev ili” çərçivəsində Türkiyə Cümhuriyyətinin və ölkəmizin müxtəlif şəhərlərində keçirilmiş beynəlxalq miqyaslı tədbirlərdə iştirak etmişəm.

Hesabatımın sonunda onu da qeyd edim ki, qarşıdakı fəaliyyət dövrüm ərzində də ölkə rəhbəri cənab İlham Əliyevin "Biz Birlikdə Güclüyük” şüarını əldə rəhbər tutaraq, seçicilərimlə daim sıx ünsiyyətdə olacaq və onların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında aidiyyəti qurumlarla birgə addımlayaraq, dövlət başçımız Möhtərəm Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, xalqa xidmət göstərəcək, xalqın hər bir nümayəndəsinin sosial rifahının yaxşılaşdırılması naminə "dövlət-xalq” birliyinin prinsiplərinə uyğun olaraq əlimdən gələni edəcəyəm.


Ramil Həsən
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Qərbi Azərbaycan İcmasının sədr müavini
 
 
 
 

RƏYLƏR