Azərbaycan təhsil sistemində olan qeyri-müəyyənlik dünyanın heç bir ölkəsində yoxdur- Deputat

OXUNUB: 573 Özəl SOSİAL
"Azərbaycanın təhsil sistemində olan qeyri-müəyyənlik dünyanın heç bir ölkəsinin təhsil siyasətində yoxdur. Yeni dərs ilinin başlanmasına bir aydan da az müddət qalıb, lakin hələ də tədrisin ənənəvi yoxsa distant formada keçiriləcəyi ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Hərkəs qəbul ediləcək qərarı sürpriz kimi gözləyir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, bildirib ki, pandemiya dövründə hər bir sahədə olduğu kimi təhsildə də müəyyən çətinliklərin olması normaldır. Lakin elə məsələlər var ki, bunlar vaxtında müəyyənləşdirilməli, konpensasiyaedici variantları düşünülməlidir:

"Bir müddət əvvəl özəl təhsil müəssisələrinin, kursların da fəaliyyəti dayandırıldı. Əvvəllər məktəbə gedə bilməyən uşaqların heç olmasa ödənişli də olsa, özəl kurslarda təhsilalma imkanları var idi. Məktəblərin bağlanması başa düşüləndir, bəs alternativ təhsil alma imkanları niyə aradan qaldırıldı? Artıq şagirdlər kütləvi şəkildə savadsızlaşır. Hər kəs gördü ki, distant təhsilin heç bir faydası olmadı. İndiki dövrdə isə təhsilin hansı qaydada bərpa olunacağı barədə cəmiyyətlə, əsasən də valideynlərlə açıq dialoq aparılmalıdır. Həftədə bir iki dəfə məktəbə getməklə nəsə əldə etmək mümkün deyil. Məktəblərdə koronavirusla mübarizə istiqamətində nəzarət mexanizmi gücləndirilməlidir. Əgər ənənəvi təhsilə qayıdacayıqsa, mütləq şəkildə məktəblərdə pandemiya qaydalarına əməl olunmalıdır”.

Millət vəkilinin sözlərinə görə Azərbaycanda məktəblərdə maddi-texniki baza olduqca aşağıdır:

"Qızdırması, öskürəyi olan şagirdlər məktəbə buraxılmamalı, yalnız onlara onlayn şəkildə dərslərə qatılma imkanı yaradılmalıdır. Valideynlər isə bu istiqamətdə maarifləndirilməlidir. Əksər hallarda bu tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsait direktorun boynuna qoyulur, o da xərclədiyi vəsaiti müxtəlif yollarla müəllimlərdən toplayır. Ona görə də məktəblərdəki vəziyyət göz qabağındadır”.

Fazil Mustafa qeyd edib ki, avqust ayının sonunda ölkə məktəblərində direktor boşluğunun olması heçkəsi narahat etmir:

"1aydan da az müddətdə yeni tədris ili başlamalıdır. Lakin bir çox rayon məktəblərində direktor təyin edilməyib. Heç olmasa həmin yerlərə təcrübəli müəllimlərdən təyin etsinlər ki, məktəbdə ən vacib masa boş qalmasın”.

Pandemiya dövründə müəllimlərin formal "bilik yoxlama” imtahanları ilə yüklənməsi də əksər müəllimlərin ciddi narazılığına səbəb oldu:

"Pandemiyadırsa bu müəllimlərə də aiddir. Belə bir dövrdə müəllimləri imtahanlarla yükləmək düzgün deyil. Bu onlar üçün mənəvi-psixoloji problemlər yaradır. Bunlar hamısı nəzərə alınmalıdır. Ümumiyyətlə, pandemiya dövründə təhsil sistemində xeyli boşluqlar üzə çıxdı”.

RƏYLƏR