"Azərbaycan xalqı müxalifəti illər öncə tarixin arxivinə atıb” – Cavid Osmanov

OXUNUB: 13128 MÜSAHİBƏ

Milli Məclisin deputatı, Regional məsələlər, Gənclər və idman komitələrinin üzvü Cavid Osmanov Unikal.org-a müsahibə verib.  

-Cavid müəllim, bir neçə il öncə ictimai-siyasi proseslər parlamentdə, partiyalarda, mitinqlərdə müzakirə olunurdusa, indi cəmiyyətin nəbzi sosial şəbəkələrdə döyünür. Sosial şəbəkədə aktiv siyasət adamı kimi prosesləri necə qiymətləndirirsiz?

-Bəli, sizinlə razıyam. İnformasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin daha geniş yayılması ictimai-siyasi müzakirələrin bu müstəviyə keçməsinə səbəb olub. Amma təəssüf ki, sosial şəbəkələrdən iyrənc vasitə kimi istifadə edən qüvvələr də var. Mən, həm ölkə daxilində olan radikal müxalifət nümayəndələrini, həm də xaricdə yaşayan bəzi azərbaycanlıları nəzərdə tuturam. Vidadi, Orduxan, Tural kimiləri hansısa beynəlxalq qurumların, xüsusən də erməni lobbisinin dəstəyi altında heç bir mənəvi dəyərə sığmayan kampaniya aparırlar. Bunların fəaliyyəti dövlətimizə, dövlətçiliyimizə, Prezidentimizə qarşı təhqir, şər-böhtan atmaqdan ibarətdir. Daxildəki radikal müxalifət nümayəndələri də bütün səylərini cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə kölgə salmağa çalışırlar. Özü də bunu iyrənc vasitələrlə gerçəkləşdirirlər. 90-cı ilin əvvəllərində ölkəni uçurumun eşiyinə gətirənlər indi də bu vasitələrlə ölkə rəhbərliyinə qara yaxmaqla öz havadarlarına xidmət edirlər.

-Bəs, qarşı tərəf kimi Sizin cavabınız necədir? Necə düşünürsünüz, hakim partiyanın opponentlərinə cavabı adekvatdırmı?

-1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra öncə atəşkəsin elan olunması, daha sonra ölkədə sabitliyin və inkişafın təmin olunması yönündə ciddi addımlar atıldı. 2003-cü ildən bu yana cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan çox böyük inkişaf yolu qət etdi. Biz radikal müxalifətin üsulları ilə cavab vermirik. Bizim cavabımız sözdə deyil, əməldədir. Yəni, mövcud inkişaf etmiş Azərbaycan onlara ən böyük cavabdır. Bu gün Azərbaycan Qafqazın ən güclü dövlətidir. Azərbaycanın güclü ordusu var, möhkəm iqtisadiyyatı, geniş sosial təminatı mövcuddur. Son illər bütün sahələrdə abadlıq, quruculuq işləri həyata keçirilib. Bunu sadalamaq üçün günlərlə vaxt lazımdır. Azərbaycan regionun lider dövlətidir. Bu gün biz olmadan heç bir beynəlxalq layihə həyata keçirilmir. Bütün bunlar müxalifətə tutarlı cavabdır.

-Cavid müəllim, Sizin sosial şəbəkədəki hesabınızı izləyirəm, paylaşımların demək olar ki, hamısı müsbət xarakterlidir, sanki hər şey güllük, gülüstanlıqdır. Ölkədə hər hansı problem yoxdurmu? Bəlkə ictimailəşdirmək istəmirsiz?

-  Gəlin belə danışaq. Cənab Prezidentimiz özü də müxtəlif çıxışlarında qeyd edir ki, görülən işlərlə kifayətlənmirik. Heç kim inkar etmir ki, ölkədə problem, çatışmazlıqlar yoxdur. Bir məsələ var ki, istənilən cəmiyyətdə istəklər, arzular bitmir. Dünyanın inkişaf etmiş ölkələrində belə problemlər var və bu da cəmiyyət tərəfindən normal qarşılanır. Bugünkü hakimiyyətin mövqeyi ondan ibarətdir ki, problemi görmək və onun həlli istiqamətində addımlar atmaqdır.

-Amma bir məqam da var ki, bəzən ictimailəşən problemlərin yalnız kosmetik həllinə nail olunur. Yəni, məsələnin təməlinə, problemin mənbəyinə gedib çıxılmır. Bəlkə elə problem budur?

-Ölkədə köklü islahatlar aparılır. Xüsusən də son bir ilə nəzər yetirsək, bunu aydın şəkildə görərik. Eyni zamanda, görürük ki, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Bir ay əvvəl Diqlas ticarət mərkəzində yanğın baş verdi, çox sayda sahibkara ziyan dəydi. Dünyanın başqa ölkələrində olmayan bir addım atıldı, cənab Prezident məsələyə müdaxilə etdi, onlara kompensasiya verildi ki, yenidən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilsinlər.

-Başqa bir məqam da var. Həm Diqlas, ondan əvvəl Binəqədidə yaşayış binasındakı yanğın hadisəsi və digər bu kimi hallara məsuliyyət daşıyan yüksək çinli məmur cəzalanmadı, kiçik rütbəli məmurlar qurban verildi. Ona görə də o fikirlər səslənir ki, cəzasızlıq olduğuna görə belə hadisələr təkrarlanır...

-Mən bu fikirlə razı deyiləm. Bu günə kimi işinin öhdəsindən gəlməyən yüksək çinli məmurlar cəzalandırılıblar, işdən çıxarılıblar. Nazirlər işdən azad olunub, hətta cinayət tərkibli məsələlər olanda həbslər də olub. Təkcə xırda məmurlar cəzalanmır ki?

-Sadaladığım hadisələrlə bağlı cəzalandırılmanı nəzərdə tuturdum. Amma müxalifət nümayəndələri ümumilikdə ölkədə cəzasızlıq mühitinin olduğunu iddia edirlər...

- Radikal müxalifətin bütün çıxışları şər-böhtan üzərində qurulur. Ona görə də onların fikirlərinə əhəmiyyət vermək lazım deyil. Cənab Prezident sərəncam imzalayır, insanların əməkhaqqı artır, müxalifət də deyir ki, bunu biz elədik. Müxalifət mitinqi yanvarda keçirib. Amma minimum əməkhaqqının, pensiya və müavinətlərin artırılması ilə bağlı məsələni, yəni büdcə paketini biz ötən ilin noyabr ayında müzakirə etmişik. Radikal müxalifət bu gün bizim ən böyük sərvətimiz olan sabitliyin pozulmasını, xaosun yaşanmasını istəyir. Çox güman ki, onların da sifarişçiləri belə istəyirlər. Erməni lobbisi heç vaxt istəməz ki, Azərbaycan inkişaf etsin, qüdrətli ölkə olsun. Yəni, bu cür bəyanatlar müxalifətin şantajıdır.

-Müxalifət şantaj edib nə istəyir ki?

-Əslində, Azərbaycan xalqı indiki radikal müxalifəti illər öncə layiq olduqları yerə, tarixin arxivinə atıb. Bu saat onlar arxivdədirlər. Təbii ki, bu cür qarayaxmalarla, şantajlarla istəyirlər ki, hakimiyyəti gözdən salsınlar və hakimiyyətə gəlsinlər. Lakin özləri də yaxşı bilirlər ki, bu mümkün deyil. Çünki onların sosial bazası yoxdur. Digər tərəfdən, xalqımızın onlara zərrə qədər etimadı yoxdur. Bu səbəbdən də çalışırlar ki, ölkədə qarşıdurma yaratsınlar. Çünki bunların sifarişçiləri onlardan bunu tələb edirlər.

-Qarşı tərəf deyir ki, biz insan haqlarının qorunmasını, mülkiyyət toxunulmazlığının təmini, ədalətli məhkəmə, azad seçki istəyirik. Sizcə, bunları tələb etmələrində haqlıdırlar?

-Azərbaycan müstəqil, demokratik bir ölkədir və burada bütün məsələlər sivil yolla həll olunur. Normal müxalifət qüvvələri ölkədə gedən prosesləri, görülən işləri görür və qiymətləndirir. Amma radikal müxalifət qüvvələri hər şeyi qara görür və iyrənc üsullarla mübarizə yolunu tutur. Onların sadaladığı bütün detallar Azərbaycanda var. Mövcud problemlərin də həlli istiqamətində mütəmadi tədbirlər görülür. Lakin görünən odur ki, bunların niyyəti başqadır.

-Cavid müəllim, son Prezident seçkilərindən sonra həyata keçirilən kadr islahatlarında daha çox gənclərə önəm verildi. YAP-ın bundan sonrakı dönəm üçün planlarında gənclərin yeri və rolu hansı formada nəzərə alınacaq?

-Mən, 1993-cü ilə qayıtmaq istəyirəm. Biz bilirik ki, Ulu Öndərimiz Heydər Əliyev də ilk görüşlərinin birini gənclərlə etdi. Bundan sonrakı dönəmdə də cənab Prezident İlham Əliyevin də gənclərə nə dərəcədə etimad göstərdiyini görürük. Heç də təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev seçkilərin ertəsi günü Azərbaycan gəncləri ilə görüşdü. Həmin görüşdə mesaj verdi ki, Azərbaycanın gələcəyi gənclərdən asılıdır. Təbii ki, gənclik də məsuliyyətini anlamalı, dərk etməli ona uyğun hərəkət etməlidir.

-Son dövrlər xəbərlərə nəzər yetirəndə filan nazirin qohumuna vəzifə verildi kimi məlumatların yayıldığını görürük. Cəmiyyətdə belə bir fikir yaranır ki, karyerada irəliləmək üçün vəzifəli şəxsin qohumu olmalısan. Bu barədə nə deyə bilərsiz?

-Açığını deyim, mən bu fikirlərlə razı deyiləm. Bəli, mən də gündəlik medianı izləyirəm və siz deyən xəbərləri də oxuyuram ki, hansısa bir nazirin qardaşıoğluna vəzifə verildi. Məgər hansısa nazirin qardaşıoğlu yaxşı işçi ola bilməz?

-Ola bilər, amma...

-Deməli, kimliyindən asılı olmayaraq, həmin şəxsi yaxşı işinə görə də önə çəkə bilərlər. Bu gün zamanın sifarişi odur ki, istənilən sahədə peşəkar mütəxəssislə işləmək istəyirlər. Bizim savadlı, bacarıqlı, yaxşı təhsil almış gənclərimiz var və bunlar vaxtaşırı önə çəkilirlər.       

-Amma yaxşı təhsil almaq üçün də pul lazımdır...

-Cəmiyyətin müəyyən hissəsi bu cür fikirləşə bilər. Amma bu gün orta məktəbi bitirmiş, tədris olunan fənləri mənimsəmiş istənilən şagird ödənişsiz ali məktəbə  daxil ola bilir. Universitetlərdə də istənilən tələbə yaxşı təhsil ala bilir. Hazırda texnologiya o qədər inkişaf edib ki, istənilən gənc dərsliklərdən əlavə, kifayət qədər bilik və bacarıqlara sahib ola bilər. Ona görə də gənclərimiz də gərək aktiv olsunlar.

-Cavid müəllim, son günlər sabiq nazir Əli İnsanovun açıqlamaları da müzakirə mövzularından biridir. Bu barədə də fikirlərinizi bilmək istərdik.

- Ümumiyyətlə, satqın insanları cəmiyyət heç zaman qəbul etmir. Bu gün Əli İnsanovun bu hərəkətləri satqınlıqdan başqa bir şey deyil. Əli İnsanov cənab prezidentimizin böyük humanist addımı olan əfv sərəncamına əsasən Novruz bayramı ərəfəsində azadlığa çıxdı. Biz gördük ki, onun ilk açıqlaması bu insanın xalqına qarşı nə qədər kinli olmasını açıq -aşkar ortaya qoydu. Bu adam çıxdı onu əfv edən insana, cənab prezidentə yox, Qərbə, Amerikaya təşəkkür etdi. Əgər bu belə idisə, niyə o 13 il həbsxanada yatdı? Bu yalnız və yalnız cənab prezidentimizin humanist bir addımı idi. Sonra onun açıqlaması oldu ki, ya mən müxalifətə qoşulacam, ya müxalifət mənə qoşulacaq. Söhbət o müxalifətdən gedirdi ki, Əli İnsanov Səhiyyə naziri olanda qətiyyətlə onları pisləyirdi. İndi o açıqlamalarla mələk obrazına girir. Qarşısında jurnalisti otuzdurub açıqlama verir. Hansına ki, o vaxt deyirdi "konkret rədd ol". Bu gün tülkü Həccə gedir obrazını yaradaraq, belə bir müsahibələr verir. Eyni zamanda, həmin müsahibəsində deyirdi ki, bu dövlətə qarşı istənilən quruma, radikal müxalifətə qoşulmağa hazırdır. "Mən boynuma kəfən geyinmişəm” və sair fikirlər səsləndirir. Biz gördük ki, buna vaxtı ilə onunla çalışan insanların reaksiyası necə oldu. Bunlar hamısı həyatda uduzmuş bir insanın açıqlamalarından başqa bir şey deyil. Yəni, bu adam dünən pislədiyi adamlara qoşulmağa hazırdır. Bu satqınlıqdır. Bunun başqa adı yoxdur.

-O da bildirilir ki, hakimiyyət daxilində Əli İnsanova qoşulmaq istəyən məmurlar ola bilər. Sizcə, belə bir məsələ nə qədər realdır?

-Bu, ayrı-ayrı insanların fikri ola bilər. Əli İnsanov Azərbaycanda səhiyyəni pis vəziyyətə qoyan bir insandır. Onun nəyə görə həbs olunması da bizim yadımızdadır. Dövlət əmlakını mənimsəməsi, korrupsiya halları və digər məsələlər. Ordan çıxandan sonra bu gün dövlətimizə qarşı söylədiyi o fikirlərdən sonra mən inanmıram ki, ona kimsə qoşulsun, ətrafına sosial baza yığsın. O, Milli Şurayla əməkdaşlıq etmək istəyir. Hanısı ki, mitinqinə 2000 şəxs gəlir. Əli İnsanov onlara qoşulsa da heç bir şey dəyişməyəcək, olacaq 2001. Bu səbəbdən də belə mənasız insanlara, onun dediklərinə əhəmiyyət vermək lazım deyil.

 

 

 

İcmal.Az

RƏYLƏR