Azərbaycanda ilk - Relslər üzərində gəzən klinika - FOTO

OXUNUB: 534 SOSİAL

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı fəaliyyətə başlayır. Azərbaycanda ilk dəfə həyata keçirilən bu tədbir Astarada reallaşdırılacaq. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunur. 

Mərkəzdən İcmal.Az-a verilən məlumata görə, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı Azərbaycanın dilbər güşələrindən biri olan Astarada pasientlərə tibbi xidmət göstərəcək. Mərkəzin Heydər Əliyev Fondunun Regional İnkişaf ictimai birliyi ilə birgə keçirdiyi və mayın 8-dən 12-dək davam edəcək tədbirdə məqsəd operativ şəkildə astaralı pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etmək, lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. 

İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi boyu fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə, cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan səyyar qatarın uzunluğu 25, eni 3 m-dir.  Qatarda yerləşən Dəmiryolu Səyyar Klinikası müasir oftalmolojı avadanlıqlarla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur.

Səyyar Klinika üç hissədən - texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıqlar, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi cihazlar var. Oftalmoloji müayinələr bölməsi avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar lampa, refraktometr, tonometr, proyektor, lensmetr və digərlərindən ibarətdir. Bütün avadanlıqlar ABŞ, Almaniya, Yaponiya, İtaliya kimi ölkələrdə istehsal edilib.

Qatarda, həmçinin istirahət, qeydiyyat və sanitariya otaqları var. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Mərkəzin Səyyar Klinikası 2005-ci ildən mütamadi olaraq  respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bu günə qədər  yerlərdə 2 mindən çox əməliyyat və 30 minə yaxın müayinə və müalicə aparılıb. 

İcmal.Az

RƏYLƏR