Azərbaycanda sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar – TƏFƏRRÜAT

OXUNUB: 522 HADİSƏ

Takisi sürücüsünə qarşı quldurluq edən şəxslər tutulublar.

Bu barədə İcmal.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, dekabrın 5-də İsmayıllı Rayon Polis Şöbəsinə gəlmiş Gəncə şəhər sakini Mahir Məmmədov ona qarşı quldurluq edilməsi barədə məlumat verib.

Həmin gün axşam saatlarında paytaxtdakı Beynəlxalq Avtovağzal Kompleksində 2 naməlum şəxs onun idarə etdiyi "Mercedes” markalı avtomobilinə sərnişin qismində oturaraq Biləcəri qəsəbəsinə, sonra isə Gəncə şəhərinə gedəcəklərini bildiriblər.

Biləcəri qəsəbəsində onlar sürücünü döyüb 70 manatını və mobil telefonunu alıblar, əllərini, gözlərini və ağzını bağlayaraq avtomobillə İsmayıllı rayonuna gətirmiş, Bizlan kəndində yolun kənarında onu düşürərək özləri həmin avtomobillə yollarına davam ediblər.

Əl-qolunu açaraq yolda rast gəldiyi vətəndaşlardan Polis Şöbəsinin yerini öyrənən M.Məmmədov əllərindəki plastmas xamutlarla Polis Şöbəsinə gəlib, üzləşdiyi cinayət barədə məlumat verib.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Ağsu rayonunun Nüdü kəndi ərazisində tapılmışdır.

Peşəkarlıqla göürülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Biləcəri qəsəbəsində olduqları yer müəyyən edilib. İsmayıllı RPŞ-nin Binəqədi RPİ-nin əməkdaşları ilə birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakini Ülvi Xəlilov və Neftşala rayon sakini Ümid Əliyev saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri aparılır.

***

18.12.2017 (13:29)

Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, 2 nəfər naməlum şəxs Gəncə sakini Mahir Məmmədovun sürdüyü "Mercedes”ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər.

Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu, gözlərini və ayaqlarını bağlayıblar. Sürücünün pullarını da əlindən alan naməlum şəxslər M.Məmmədovu İsmayıllı rayonunun Bizlan kəndində meşəliyə ataraq qaçıblar. Bir müddət sonra M.Məmmədovun "Mercedes”i Ağsunun Nüydü kəndində aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə 10 gün əvvəl baş verib. Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

İcmal.Az

RƏYLƏR