Azərbaycan Demokratik Maarifçilik Partiyası orta məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Son günlər ölkədə müzakirə olunan əsas mövzulardan biri - orta məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı açıq və qəti mövqeyimiz belədir;
Azərbaycan hüquqi və dünyavi dövlətdir. Burada sivil qaydalar və qanunlar işləyir. Ona görə də Nazirlər Kabinetinin qərarına hörmətlə yanaşırıq, həmin qərarı dəstəkləyirik və bunun xalqımız, cəmiyyətimiz üçün faydalı olduğunu, olacağını düşünürük.
Azərbaycan dövlətinin və xalqının öz istəkləri, öz mentaliteti, öz həyat tərzi, proseslərə öz yanaşması var və əgər hansısa xarici ölkə düşünürsə ki, biz öz strategiyamızla deyil, məhz onların istəkləri ilə yolumuza davam etməliyik – o zaman kökündən yanılırlar! Çünki Azərbaycan müstəqil və suveren ölkədir. Kənardan deyil, daxildən idarə olunur. Kimsənin fikri ilə də oturub - durmur.
Heç bir şantaj, təhdid, təxribat cəhdi dövlətimizin mövqeyini sarsıda bilməz. Heç bir dövlətin manipulyasiyası, fitnəsi, daxili sabitliyi pozma cəhdi Prezidentlə xalq arasındakı vəhdəti poza bilməz. Heç kim Azərbaycandakı inkişafa, quruculuq işlərinə, gələcək arzularımızın reallaşmasına mane ola bilməz.
Sərhədlərimizdən kənarda fəaliyyət göstərən və "anti-Azərbaycan koalisiyası”na cəlb edilən bütün komanda üzvləri; "söyüş müxalifəti”, muzdlu casus şəbəkəsi, xaker ordusu, din pərdəsi altında gizlənən cinayətkar qruplar bir həqiqəti dəqiq bilsinlər və qulaqlarına sırğa etsinlər ki, onlar istənilən halda məğlubiyyətə məhkumdurlar və Azərbaycan xalqının sarsılmaz iradəsinə qarşı gedə bilməyəcəklər!
Dövlətimizin yanındayıq!
Dövlətin rəsmi qurumlarının qəbul etdiyi qərarların arxasındayıq!"





















