Azərbaycanda təhsil yönümlü süni intellekt platforması istifadəyə verilib

OXUNUB: 1 Özəl İQTİSADİYYAT
Azərbaycanda təhsil və texnologiyanın vəhdətini hədəfləyən yeni layihə – Originator AI istifadəyə verilib. Telegram ekosistemi və TON blokçeyni üzərində qurulan platforma müəllimlər, tələbələr, abituriyentlər, magistratura namizədləri və ümumilikdə biliklərini inkişaf etdirmək istəyən hər kəs üçün nəzərdə tutulub.

Layihənin əsas məqsədi süni intellekt texnologiyalarını təhsil sahəsinə inteqrasiya etməklə öyrənmə prosesini daha əlçatan, səmərəli və fərdiləşdirilmiş hala gətirməkdir. Originator AI istifadəçilərə müxtəlif mövzular üzrə məlumat əldə etmək, suallar vermək, araşdırmalar aparmaq və akademik fəaliyyətlərini daha rahat təşkil etmək imkanı təqdim edir.

Layihə rəhbəri Qurbanəli Ömər bildirir ki, Originator AI-nin əsas fərqi onun məhz təhsil və akademik inkişaf istiqamətində formalaşdırılmasıdır.

"Bu gün süni intellekt texnologiyaları sürətlə inkişaf edir və həyatın bütün sahələrinə təsir göstərir. Biz isə bu imkanları təhsilin xidmətinə verməyi qarşıya məqsəd qoymuşuq. Originator AI müəllimlərə, tələbələrə və gənclərə gündəlik öyrənmə prosesində dəstək olmaq üçün yaradılıb. Məqsədimiz süni intellektdən istifadəni daha faydalı, daha praktik və daha əlçatan etməkdir”, – deyə layihə rəhbəri qeyd edib.

Hazırda platforma vasitəsilə istifadəçilər müxtəlif mövzular üzrə suallarına cavab ala, mövzuların izahını əldə edə, araşdırmalar apara və müxtəlif növ akademik sənədlərin hazırlanmasında dəstək ala bilirlər. Platforma CV, motivasiya məktubu, tövsiyə məktubu, esse və digər mətnlərin hazırlanması üçün də imkanlar təqdim edir.

Layihənin mühüm istiqamətlərindən biri də təhsil imkanlarının vahid platformada toplanmasıdır. Gələcək mərhələlərdə istifadəçilər yay məktəbləri, dil kursları, təcrübə proqramları, könüllülük layihələri, tələbə mübadilə proqramları, universitetdaxili tədbirlər, yerli və beynəlxalq konfranslar, təqaüd proqramları və digər inkişaf imkanları haqqında məlumatları da Originator AI vasitəsilə əldə edə biləcəklər.

Komanda hesab edir ki, bu yanaşma platformanı sadəcə bir süni intellekt alətindən daha çox, təhsil və inkişaf ekosisteminə çevirəcək.

Layihənin yaxın hədəflərindən biri Azərbaycanda ən azı 10 min müəllim və tələbənin platformadan ödənişsiz şəkildə faydalanmasını təmin etməkdir. Təşəbbüs müəllifləri hesab edirlər ki, süni intellekt texnologiyalarının təhsildə tətbiqinin genişlənməsi gənclərin bilik əldə etmə imkanlarını artıracaq və ölkədə rəqəmsal təhsil mühitinin inkişafına töhfə verəcək.

Hazırda Originator AI-dən istifadə tamamilə ödənişsizdir. Bununla yanaşı, yaxın gələcəkdə premium üzvlük sisteminin istifadəyə verilməsi planlaşdırılır. Premium istifadəçilər üçün xüsusi kurslar, sertifikat proqramları, imtahan hazırlıq modulları, tədris materialları və əlavə təhsil xidmətlərinin təqdim olunması nəzərdə tutulur.

Platformanın inkişaf strategiyası çərçivəsində referral sistemi də yaradılır. İstifadəçilər platformaya dəvət etdikləri yeni üzvlərə görə müəyyən bonus imkanlarından yararlana biləcəklər. Bununla yanaşı, layihənin inkişafında daha fəal iştirak etmək istəyən şəxslər üçün ayrıca ortaqlıq proqramı da fəaliyyət göstərəcək.

Layihə çərçivəsində yaxın günlərdə istifadəçilər üçün ödənişsiz IQ testinin istifadəyə verilməsi və bunun əsasında xüsusi müsabiqənin təşkil olunması planlaşdırılır. Komanda hesab edir ki, bu təşəbbüs gənclərin intellektual inkişafına marağı daha da artıracaq.

Gələcək mərhələlərdə müxtəlif universitetlər, tədris mərkəzləri, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və tanınmış təhsil mütəxəssisləri ilə əməkdaşlıqların qurulması da nəzərdə tutulur.

Layihə rəhbərinin sözlərinə görə, Originator AI-nin uzunmüddətli məqsədi Azərbaycanın ən böyük təhsil texnologiyaları platformalarından birinə çevrilmək, minlərlə insanın inkişafına töhfə vermək və ölkədə süni intellekt əsaslı təhsil həllərinin inkişafına dəstək olmaqdır.

Hazırda platforma istifadəyə açıqdır və hər kəs Originator AI vasitəsilə süni intellekt dəstəkli təhsil imkanlarından ödənişsiz şəkildə yararlana bilər.

Originator AI

 
 Öyrən. Paylaş. Gələcəyini qazan.   

RƏYLƏR