Badamdarda məktəblə bağlı qalmaqal - Direktorla sakin arasında nə problem var?

OXUNUB: 703 HADİSƏ
"Laçınlı məcburi köçkünlər üçün tikilən məktəbin direktoru mənə hədə-qorxu gəlir”.

7News.Az "Qaynarinfo”ya istinadən xəbər verir ki, bunu açıqlamasında Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsi, 159 saylı fərdi evin sakini Zəminə Zahirova deyib:

"15 ildir ki, qorxu içindəyəm. Evlərin arasında 2-3 otaqlı bir yer tikilib və oranı məktəb ediblər. Susurdum, fikirləşirdim ki, qonşudurlar, qaçqındırlar və s. Məktəbin qapısını mənim evimə birləşdiriblər. Qorxulu məqamdır, qapıya bir maşın dəysə, evim uçulacaq. Məktəbdə kanalizasiya yox idi, oradan axan su birbaşa mənim həyətimə yığışırdı. Biz uçurumda yaşayırıq. Dözə bilmədik, şikayət etdik. 10 gün bundan əvvəl gəlib kanalizasiya xətti çəkilib. Amma bilmirəm ki, bu xətt qanunidir, ya yox”.

Şikayətçi qeyd edib ki, məktəbə avtomobili ilə gələn valideyn və müəllimlər onu narahat edir:

"Evimə nə qapı qoya, nə də hasar çəkə bilirəm. Hər dəfə məktəbin darvazası açılanda, evimə ziyan dəyir. Məktəbin darvazası niyə mənim evimə birləşməlidir? Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etmişəm, amma hələ cavab verilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etdim. Oradan nümayəndə gəldi və bildirdi ki, kanalizasiya çəkilməsə, burada qala bilməyəcəksiniz. "Azərsu”nun nümayəndəsinin iştirakı olmadan kanalizasiya xətti çəkdirdilər”.

Zəminə Zahirova deyib ki, məktəbin direktoru ona hədə-qorxu gəlir:

"Deyir ki, mən belə işləyirəm. Elm və Təhsil Nazirliyi ona deyib ki, get qonşunu narahat elə, evini kanalizasiya suyu ilə doldur? Məktəbin yaxınlığında başqa orta məktəb var, hər cür də şəraiti var, niyə həmin şagirdlər gedib orada oxumurlar? Yollar da bərbad vəziyyətdədir. Ona təklif olunub ki, həmin məktəbə köçsün, amma direktor razılaşmayıb. Niyə? Nə maraqları var? Gör, nə qədər sakini narahat edir. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin”.

Məktəbin direktoru Piyalə Xudayarova açıqlamasında məktəbin 2006-cı ildən fəaliyyətdə olduğunu bildirib:

"Rəhbərlik etdiyim müəssisə 9 illik məktəblər arasında ikinci yerdə durur. Məzunlarımızın sorağı ADA Universitetindən gəlir. Bunların hər biri bizim uğur və naliyyətlərimizdir. Fəaliyyət dövründə heç kim deyə bilməz ki, bizin məktəb kiminsə, hansısa bir valideynin narahatlığına səbəb olub. Kollektiv əsasən şəhid ailələridir. Məktəbin həyətində şəhid xatirə lövhəsi tikilib. Bununla bağlı bütün dövlət orqanlarına məlumat verilib, hara lazımdırsa yazılıb. Zəminə xanım bizi narahat edir, dövlətin işini pozur. Kollektiv olaraq məsələ ilə bağlı narahat oluruq. Müraciət olunan orqanlardan gəlib baxış keçiriblər. Görüblər ki, bizim heç bir kanalizasiya xətti onların həyətinə axmayıb”.
 
 
 
 

RƏYLƏR