Eyyub Hüseynov: "Bakı Tikiş Evi hamını məcbur edir ki,
onların formalarını alsınlar. BTE bu qüvvənin hesabına bazarda hökmranlıq etmək
istəyir”
"Uzun müddətdir ki, məktəbli formalarının tikilməsində standartların müəyyən
olunmasını təklif edirik”.
Bunu Bakı Tikiş Evinin (BTE) "Bazarlarda sağlamlığa zərərli məktəbli formaları
satılır” iddiasını dəyərləndirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub
Hüseynov deyib.
Rubrika.az Sherg.az”a istinadən xəbər verir ki, o bildirib ki, azad bazar
iqtisadiyyatında hansı fabrik, qurum istəyirsə, standartlara uyğun formaları
tikib, bazara çıxartmalıdır:
"Belə olarsa, rəqabət yaranar, məktəbli formalarının qiyməti də 50 faiz aşağı
düşər. Lakin bir fabrikin arxasında nazirlik, 52 min müəllim ordusu, 4500 məktəb
durub. Söhbət BTE-dən gedir. Dünyanın heç bir yerində belə vəziyyət yoxdur ki,
tikiş fabrikinin arxasında bu qədər qüvvə dayansın. Hamını məcbur edirlər ki,
onların formalarını alsınlar.
BTE bu qüvvənin hesabına bazarda hökmranlıq etmək istəyir. BTE-nin üzərində
emblemi var, bu mənasızdır və götürülməlidir. Azad bazar iqtisadiyyatı şəraitində
kim istəyir, həmin rəngdə, həmin çeşiddə məktəbli formalarını istehsal etməlidir.
Hansısa fabrik BTE-nin emblemini vurmaq istəsə, icazə almalıdır. Belə olsa,
qiymətlər də xeyli azalar, keyfiyyət isə artar.
BTE-nin sağlamlığa zərərli məktəbli formalarının bazarda yer alması barədə
iddiaları sübut olunmamış fikirlərdir.
Qeyd edək ki, "Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimovun sözlərinə görə, "Bakı Tikiş Evi” etiketi ilə saxta məktəbli formaları satılır və bu formalardan istifadə məktəblilərin həyatı üçün təhlükəlidir./rubrika.az
İCMAL.az