Bakıda 56 yaşlı həkim qadınla intim əlaqədə olan kişi onu şantaj etdi: 8500 manat pul aldı

OXUNUB: 849 HADİSƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla pul tələb etməkdə ittiham olunan 41 yaşlı Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İcmal.Az Virtualaz.org -a istinadən xəbər verir ki, prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elnur İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətində qətimkan tədbirini dəyişdirilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikalardan birində işləyən həkimi şantaj edib. O, 56 yaşlı həkimlə 2014-cü ildə "Odnoklassniki” sosial şəbəkəsində tanış olub. Qadın həkimlə yaxın münasibət quran E.İbrahimov onunla bir neçə dəfə görüşüb, intim münasibətdə olub. E.İbrahimov sonradan onu rüsvay edəcəyi ilə qorxudaraq şantaj edib.

Təqsirləndirilən şəxs qadın həkimdən şantaj yoluyla 8500 manatdan çox pul alıb. Qadın onun barəsində polisə şikayət edib. Sonuncu dəfə həkimdən pul alarkən saxlanılıb.

E.İbrahimov barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, pulu həkimdən yardım məqsədilə aldığını deyib.
 
İcmal.Az

RƏYLƏR