Bakıda bir ailənin DRAMI: 7 yaşında 4 gün komada qaldı, ayılanda... - VİDEO

OXUNUB: 1083 SOSİAL
1 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkən İlqar İsgəndərovun atası Tərlan İsgəndərov oğlu üçün kömək gözləyir. 
 
BİG.az-ın suallarını cavablandıran zaman ata oğlunun vəziyyətinin hər gün daha da ağırlaşdığını vurğulayıb. 

- Oğlunuz nə zamandan bu vəziyyətdədir?

- İlqar 7 yaşına kimi eplepsiya xəstəliyindən əziyyət çəkirdi. Gücümüz çatan qədər müalicəsini etdirirdik. Düzdür, tam müalicəsinə maddi imkan olmasa da, yenə də əlimizdən gələni edirdik. Zamanında həkimin yazdığı müalicələr edilirdi. 7 yaşında İlqarın güclü qıcolması tutdu. 4 gün koma vəziyyətində qaldı. Ayılanda çox pis vəziyyətdə idi. Yaddaşı pozulmuş, danışıq qabiliyyəti itmişdi. Bir il güclü müalicələr əsasında ayağa qalxa bildi. Amma yenə də özünü idarə edə bilmir. Yemək yeməyi belə bacarmır. Qıcolmaların qarşısı heç cürə alınmır. Həkimlərin gücü çatmır. Çünki İlqarın beyninin hər iki tərəfində ocaq var. Aparılan müayinələr zamanı bəlli oldu ki, onu narahat edən beynin həm sağ həm də sol tərəfində mövcud olan ocaqdır. Əsasən fəsil dəyişimi zamanı yəni fevral və mart aylarında tutmaları başlayır maya qədər davam edir. Arada elə olur ki, 1-2 ay tutmaları olmur. Elə günlər olur ki, gün ərzində 4-5 dəfə qıcolmalar təkrarlanır. Hər dəfə qıcolmaları tutanda vəziyyəti pisliyə doğru gedir. Qıcolması tutan zaman bir ay özünə gələ bilmir. Artıq bir neçə gündür ki, qıcolmaları yenidən güclənib. Çox halsız olur. Yemək yeməyə iştahı belə olmur. Bu da ona çox pis təsir edir. Çünki güclü dərmanlar qəbul edir. Qidalanmayanda bu dərmanlar onu gücdən salır. Dərmanı da verməyəndə əhvalı daha da ağırlaşır. Qıcolmaları çoxalır. Bir sözlə çox əzab çəkir. Həkimlər bunu beynindəki ocaqla əlaqələndirir. 

- İlqarın xəstəliyinin müalicəsi Azərbaycanda varmı?

- Azərbaycandakı bütün həkimlərə aparmışıq. Heç bir həkim öz boynuna götürmür. Hazırki həkimi yaxşıdır. Düzgün müalicə aparır. Amma söyləyir ki, bu müalicə ilə sağalma ehtimalı çox aşağıdır. Ancaq bu müalicə ilə çalışılır ki, qıcolmaların sayı azalsın. Həm də həkim çalışır ki, aqresivliyinin qarşısını alsın. Çünki gün ərzində çox aqresiv olur. Yatmaq zamanı isə daha çox əziyyət çəkir. Axşam 3-də yatır. Yuxusu normal deyil. Bir sözlə normal həyatını yaşaya bilmir. Gücümüz çatan müalicəsini də etdiririk. Maddi durum olmadığından istədiyimiz müalicəni tam apara bilmirik. 

- Xarici dövlətlərdəki xəstəxanalarla maraqlanmısınızmı? 

- Müayinələrinin cavabını Türkiyədəki xəstəxanaların birinə göndərdik. Ordan cavab gəldi ki, xəstəxanaya yatırılmalıdr. Bir dəfə əməliyyat olmalıdır. Sonra bir neçə aydan sonra da ikinci əməliyyatı olmaldır. Yəni birinci əməliyyatdan sonra özünü bir qədər toplamalı və yenidən əməliyyat olunmalıdır. Bunun üçün də 47 min dollar lazımdır. İmkan olmadığından çarəsiz qalmışıq. Ümidimizi Allaha bağlamışıq. 

- İlqar qıcolmaları zamanı ətrafa və yaxud da evə bir zərrər verirmi?

- Qıcolmaları zamanı ayaq üstə olarsa yıxılır. Nəzarətsiz qoymuruq. Bacı-qardaşları daim nəzarət edir. Bir neçə dəfə qıcolma zamanı yerə yıxıldığına görə qolu, ayağı, dişi sınıb. Qıcolma zamanı təcili yardım gəlib iynəsini vurmamış ayılmır. Qıcolmalar yarım saata kimi davam edir. Ayılandan sonra da əsəbi olur. Uşaqlarla dalaşır. Sakitləşdirməyə çalışırıq. Özü də çox əzab çəkir. 5 ildir ki, bu xəstəliklə mübarizə aparır. İlqar heç vaxt uşaqlığını yaşaya bilmədi. Bizim valideyn kimi borcumuzdu onun quluğunda durmaq, amma uşaqdır, uşaqlığın şirin anlarından uzaqdır. Bacı-qardaşları məktəbə gedəndə baxıb onların arxasınca üzülür. Çöldə oynayan uşaqlara baxanda əzab çəkir. Velisoped sürənlərə baxır. Baxıram ki, uşaq kimi bunun da ürəyi istəyir. Sərbəst buraxa bilmirik. Ürəyi xoş olsun deyə velisoped aldıq. Amma velisoped sürən vaxt qıcolması tutdu. Ondan sonra onu da yığışdırdıq. Bir sözlə bütün uşaqlar kimi bu da oynamaq, məktəbə getmək istəyir. Kömək edə bilməməyim mənə əzab verir. İlqarın müalicəsi üçün evimi də satdım. Tək işləyən mənəm. 5 uşağım var. İlqar evin 3-cü uşağıdır. Evdə məndən başqa işləyən yoxdur. Uşaqların hamısı oxuyurlar. Təkcə İlqarın dərmanları 500-600 manat tutur. Çox sağ olsunlar dərmanlarına kömək edirlər. O dərmanları qəbul etməsə vəziyyəti ağırlaşır. 

- İlqarın müalicəsinə yardım edilməsi üçün haralara müraciət etmisiniz?

- Sadəcə "Həyat Fondu"na müraciət etmişəm. Hələlik cavab gözləyirik. Başqa heç bir yerə müraciət etməmişik. Bütün imkanlı insanlarımızdan kömək istəyirəm. Balama kömək edin. O da uşaqlığını keçirmək istəyir. Oğlumu bu vəziyyətdə görəndə ata kimi hər gün əzab çəkirəm. Xahiş edirəm oğlumun sağlamlığına qovuşması üçün kömək etsinlər. Bütün uşaqlar kimi onun da məktəbə getməyə, oynamağa haqqı var. Arzuları ürəyində qalmasın

İcmal.Az

RƏYLƏR