Bakıda taksilər hotelin qarşısındakı yolu “işğal edib” - FOTO + VİDEO

OXUNUB: 971 SOSİAL

Bakı şəhəri, Mirzağa Əliyev küçəsində yerləşən "Winter Park Hotel Baku”nun qarşısında dayanan taksi sürücülərinin avtomobillərini düzgün park etməməsi və yolun hərəkət istiqamətində saxlaması tıxacın və süni sıxlığın yaranması üçün zəmin yaradır.

İcmal.Az-ın məlumatına görə, "çörəkpulu qazanmaq” adı ilə hotelin qarşısında fəaliyyət göstərən taksi sürücüləri təyin edilməyən və qanunsuz yerlərdə öz avtomobillərini nizamsız vəziyyətdə saxlayaraq, əsas yolu bağlayır.

Belə olduğu təqdirdə adıçəkilən hotelin qarşısında və Qış Parkı ərazisi ətrafındakı digər küçələrdə (Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, Füzuli - red.) avtomobillərin hərəkətində maneələr yaranır və bu, tıxacın yaranmasına səbəb olur.

Təbii olaraq, bu durum istər sürücülər, istərsə də piyadalar tərəfindən birmənalı qarşılanmır.

Həmin vəziyyətin yol-nəqliyyat hadisələrinin yaranmasına gətirib-çıxardığını nəzərə alsaq, bu, artıq faciəvi hal deməkdir.

İcmal.Az-ın reportyor qrupu olaraq hadisə yerində olarkən eyni halın yarandığına şahid olduq.

Hotelə gələn qonağa görə taksi sürücüləri arasında yaranan mübahisələr, yolun hərəkət istiqamətində nizamsız dayanan taksilər və onun ardınca düzülən maşın izdihamı…

Çörəkpulu qazanmaq adı ilə yola çıxan taksilər digər sürücülərin yolunu bağlayır. Yaxınlaşıb qanunları pozulduqlarını bildirdikdə isə "başqa yolumuz yoxdur, planı doldurmalıyıq”, - deyərək özlərinə haqq qazandırırlar.

Görünən odur ki, onlar bu durumdan heç də narahat deyil. Nə özlərinin, nə də digər piyada və sürücülərin təhlükəsizliyini fikirləşmədən işlərinə davam edirlər. Nəticə: "Əsas pul olsun!”

Məsələ ilə bağlı İcmal.Az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevtaksilərin yolunu bağlayaraq, digər sürücülərin hərəkətinə maeə törətməsinin qanunsuz olduğunu deyib.

O bildirib ki, həmin ərazidə taksi sürücüləri üçün müəyyən dayanacaqlar yaradılıb:

"Mirzağa Əliyev, Şəmsi Bədəlbəyli, Füzuli küçələrində, Heydər Əliyev Sarayının ətrafında və adıçəkilən ünvana yaxın ərazilərdə taksi xidmətindən istifadə edən sərnişinlər üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən xüsusi taksi dayanacaqları müəyyənləşdirilib və müvafiq xətlənmə işləri aparılıb.

Bu səbəbdən taksi fəaliyyətilə məşğul olan sürücülərin həmin ərazidə xidmət göstərməsi mühüm və qanunauyğundur. Əgər buna məhəl qoyulmursa, bu, dayanma-durma qaydalarının pozulması deməkdir.

Belə olduğu halda, müvafiq qurum tərəfindən onlara qarşı tədbirlər görülməlidir. Yəni, bir sözlə, həmin taksi sürücüləri "çörəkpulu qazanırıq, bizə yer göstərilməyib və ayrılmayıb” deyə bilməzlər. BNA tərəfindən müəyyən işlər görülüb və dayanacaqlar quraşdırılıb”.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məsələ ilə bağlı açıqlamasında taksi sürücülərinin yolun hərəkət istiqamətində dayanaraq, tıxac yaratmasının qanunazidd olduğunu qeyd edib:

"Həmin ərazidə ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı olaraq zolaq yoxdur. Taksi sürücülərinin yolun hərəkət hissəsində ikinci cərgədə dayanması böyük narahatlıq doğurur, narazılıq yaradır, həmin ərazidən keçən sürücülərin hərəkətinə mane olur, süni tıxacın, yol-qəza hadisələrinin yaranmasına səbəb olur.

Sual verə bilərsiniz ki, yol polisi bununla əlaqədar nə tədbir görür? Bakı şəhəri üzrə gün ərzində dayanma-durma tələblərinin pozulması ilə bağlı təxminən 800-ə yaxın inzibati protokol tərtib edilir. Bu protokolları müqayisə etdikdə isə azalmanın baş verdiyinin şahidi oluruq.

Məsələn, yanvar ayında həmin qanun pozuntusu 1000-ə yaxın idisə, hazırda 800-ə yaxındır. Bu isə o deməkdir ki, yol polisləri tərəfindən vaxtaşırı və məqsədli olaraq dayanma-durma ilə bağlı tələblərin yerinə yetirilməsinə nəzarət gücləndikcə və inzibati tənbeh tədbirləri həyata keçirildikcə, nizam-intizam artır.

Təbii ki, həmin ərazidə bugünkü gündə polis əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, sürücülər ən azından özləri nizam-intizamlı olmalıdırlar. Polis əməkdaşlarını gözləmədən dayanma-durma tələblərini düzgün şəkildə yerinə yetirməlidirlər. 

Hesab edirəm ki, bu sahədə təbliğat işlərinin gücləndirilməsi və KİV əməkdaşlarının müdaxiləsi müsbət nəticələr əldə etməyə imkan yaradacaq”.

Şöbə müdiri bu məsələ ilə əlaqədar taksi sürücülərinə müraciət edib:

"Hörmətli sürücülər, yol hərəkəti haqqında qanunun tələblərinin yerinə yetirilməsi vacib şərtdir. Unutmayın ki, bu, sizin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi deməkdir. Çörəkpulu qazanmaq adı ilə qaydaları və tələbləri pozmaq yolverilməzdir.

İstər qanunla, istərsə də müqəddəs kitabımız "Qurani-Kərim”ə bərabər tələbləri nəzərə alırıqsa, başqalarının yolunu kəsmək düzgün addım deyil. Ona görə yol polisinin gəlib cəza, cərimə yazmasını gözləməyək”.

İcmal.Az

RƏYLƏR