Gəncə Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ümumi cərrah, əməkdar həkim Şamil Bədəlovun yarım milyon manatdan çox pulunu mənimsəyən dəstə üzvlərinə hökum oxunub.
Hadisə 2018-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayınadək müddətdə baş verib. Belə ki, Əli və Rübail adlı şəxslər qabaqcadan əlbir olaraq, şərikli şəkildə iribuynuzlu mal-qara alıb-satmaqla yüksək qazanc əldə etmək adı ilə baş həkimə yalan vədlər veriblər.
İttiham aktına əsasən, onlar Şamil Bədəlovun etibarından istifadə edərək 2018 və 2019-cu ilin müxtəlif tarixlərində ümumilkdə 1 milyon 46 min 500 manatını alıblar. Daha sonra onun etibarını qazanmaq, guya iribuynuzlu mal-qara satışı ilə məşğul olduqlarını göstərmək üçün alınan pulun hissə-hissə 526 min 500 manatını qaytarıblar və ümumilikdə Şamil Bədəlova qarşı 550 min manat dələduzluq ediblər.
Təqsirləndirilən şəxs Əli ifadəsində bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat Uçotu və Audit Kafedrasında müəllim vəzifəsində çalışıb, müəllimlikdən əlavə Gəncə şəhərində və digər rayonlarda topdan süpürgə toxum satışı ilə məşğul olub. Eyni zamanda Gəncə şəhəri, Gülüstan qəsəbəsində toxum və yem satmaq üçün icarəyə götürdüyü anbarı fəaliyyət göstərib. Gəncə şəhər sakini, əslən Göygöl rayonunun Topalhəsənli kəndindən olan digər təqsirləndirilən şəxs - Rübaillə isə sinif yoldaşı olub. Onlar ifadələrində bildiriblər ki, həkim Şamil Bədəlovdan fermer təsərrüfatı qurmaq adı ilə sələmə pul götürüblər.
Baş həkim isə ifadəsində göstərib ki, iş qurmaq adı ilə verdiyi pulun çox hissəsini o, həyat yoldaşı Gülnarə Bədəlovanın və kürəkənin yanında verib. Həmçinin ifadəsinə əlavə olaraq iş üzrə verdiyi mülki iddianın təmin edilməsini, maddi ziyana görə 550 min manatın, mənəvi ziyana görə isə 10 min manatın təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilməsini, onlara ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Əli adlı şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 12 azadlıqdan məhrum edilib. Həmin maddə ilə təqsirləndirilən Rübailə isə 10 həbs cəzası verilib. Hər iki şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksəcək. /qaynarinfo