Basqal ölkəmizin qədim kəndlərindən biridir

OXUNUB: 455 Özəl SOSİAL
İsmayıllı rayonu dedikdə,havası ilə,yaşıllığı ilə,gözəl istirahət mərkəzləri ilə seçilən Azərbaycanın füsunkar güşələrindən biri yada düşür. Rayonun gəzməli,görməli yerləri olduqca çoxdur. Bunlardan biri də bu il daha da məşhurlaşan,turistlərin,xalqımızın  istirahətə getdiyi Basqal qəsəbəsidir. Basqal qəsəbəsi Bakıdan 150km aralıda, təpəlik ərazidədir. Ərazi haqqında,tarixi haqqında müxtəlif fikirlər vardır.
Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə aid olmuşdur. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. 
Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqalda tarixi abidələr,qalalar,türbələr onun tarixiliyini göstərən amillərdəndir. 
Basqalın iqtisadi cəhətdən təsiri ölkəmiz üçün danılmazdır. Qədim dövrlərdən etibarən, Basqal ipək toxuculuğu sənətinin mərkəzi olub. Burda milli qadın ipək örtükləri - kəlağayı istehsal olunub. "Kəlağayı” fenomeninin tarixi və mədəni dəyərini təsdiq edən bir fakta nəzər salaq: 2014-cü ilin noyabrında UNESCO-nun 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Elə bu səbəbdən Ölkəmizin vitse-prezidenti Mehriban Əliyevanın 12 avqust İsmayıllı səfərində kəlağayı rəngləmiş, kəlağayının gözəlliyini nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  avqustun 12-si  İsmayıllı rayonunda "Basqal Resort & Spa” otelinin açılışı ilə həmin ərazinin daha da gözəlləşməsinə, tanınmasına təkan vermişdir.
 Dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan "Basqal Resort & Spa” oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.
Qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən müasir və möhtəşəm restoranının yeməklərindən həzz alacaqdır.
İlham Əliyev səfər zamanı İsmayıllı rayonunun gözəl guşələrinə getmiş öz təəsuratlarını bölüşmüşdür;
Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, - bunu da biz təmin etdik, - iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır. 
Əlbəttə ki, bu bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətləri bölgənin gələcək inkişafını təmin edəcək. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.
Nəsimi rayon sakini ,Hacızadə Sevinc.

RƏYLƏR