Başsağlığı biznesi, Ramiz Mehdiyevin "barmağı" - Bəxtiyar Sadıqovun bazarı necə işləyir?

OXUNUB: 189 GÜNDƏM Özəl
"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun parlamentin son iclasındankı çıxışı haqlı olaraq tənqid atəşinə tutuldu.

Qaynarinfo xatırladır ki, Bəxtiyar Sadıqov parlamentin iclasında "Azərbaycan” qəzetinin maliyyə böhranı yaşadığını və bağlana biləcəyini iddia edib.

"Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə, çapımız dayanacaq”, deyə deputat-baş redaktor bildirib.

Bəxtiyar Sadıqov 21 ildir "Azərbaycan” qəzetinin baş redaktorudur. Deputat kimi "fəaliyyəti” isə 20 ili əhatə edir.
Bu müddət ərzində "Azərbaycan” qəzetinin ictimai rəyə heç bir təsiri olmayıb. Çünki Bəxtiyar Sadıqov Milli Məclisin orqanı kimi fəaliyyət göstərməli olan bir nəşri şəxsi təsərrüfatına çevirib.

"Azərbaycan” qəzetində başsağlığı biznesi barədə hər kəs məlumatlıdır. Bəxtiyar Sadıqov qəzetdə hər başsağlığına görə 50 manat tələb edir. Yeri gəlmişkən, "Azərbaycan” qəzetində hər gün 15-20 başsağlığı dərc edilir. Bu isə bir ayda 30 min manat edir. Təkcə başsağlığından ayda 30 min manat qazanan bir qəzetin maliyyə böhranı yaşadığını söyləmək yumşaq desək qeyri-səmimilikdir. 

Biz hələ qəzetdə məmur imzaları ilə dərc edilən yazıların hesabını aparmırıq. Bura deputatlardan yığılan aylıq "ianələri” də əlavə etsək, qəzetə ay ərzində büdəcədən əlavə əhəmiyyətli məbləğdə maliyyə vəsaitinin daxil olduğunu söyləmək olar. 
Bəxtiyar Sadıqovla bağlı başqa faktlar da var. Məsələn, onun yeznəsi Həsənbala Sadıqov 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma "Talış-Muğan” respublikasının təhsil naziri təyin edilmişdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Həsənbala Sadıqov ölkədən qaçdı. Bununla belə, sığındığı ölkədən Əlikram Hümbətovla dostluq əlaqələrinin də davam etdirdi.

Həsənbala Sadıqovun Azərbaycana dönüşü Bəxtiyar Sadıqovun deputat seçilməsi və "Azərbaycan” qəzetinin rəhbərliyinə keçməsindən sonraya təsadüf edir. O, ölkəyə qayıtdıqdan sonra Gəncə Dövlət Universitetində birbaşa kafedra müdiri vəzifəsinə təyinat aldı, həyat yoldaşı Rəfiqə Sadıqova "Gəncənin səsi” qəzetinə baş redaktor, Bəxtiyar Sadıqovun bacısı oğlu Yalçın isə hərbi komissarlıqda yüksək vəzifələrə təyin olundu.

Əlbəttə ki, Bəxtiyar Sadıqov deputat və baş redaktor kimi o dərəcə nüfuza malik deyildi ki, yeznəsinin arxivini yeniləməyə cürət etsin. Bu məsələdə ona həmin vaxt Prezident Adminstrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin yardımçı olduğu bildirilir. 
Görünür, elə bu səbəbdəndir ki, "Azərbaycan” qəzeti Milli Məclisin orqanı kimi deyil, Ramiz Mehdiyevin ruporu kimi fəaliyyət göstərirdi. 

Mehdiyev "vurmaq” istədiyi istənilən rəqibini əvvəlcə "Azərbaycan” qəzetinin tənqidlərinə qonaq edir, bu nəşr vasitəsilə onun barəsində mənfi rəy formalaşdırır və sonra prosesi məntiqi sonluğuna çatdırırdı.

"Yusif Məmmədəliyev” medalı, "Əməkdar jurnalist” fəxri adını və nəhayət, "Şöhrət” ordeni alan Bəxtiyar Sadıqovun yarıtmaz fəaliyyətinə rəğmən pul davası etməsi onun üçün media, dövlət və ideologiyanın sadəcə qazanc mənbəyi olduğunu ortaya qoyur.

RƏYLƏR