Bu gün hər bir şəhidimiz mübarək qanı ilə tariximizə şərəfli səhifələr yazdı. Qarabağ düyününü bir yumruğunun zərbəsi ilə çözdü. Bu torpaq uğrunda canından keçən şəhidlərimizin, Xocalıda soyqırıma məruz qalan məsumlarımızın qisasını almaq kimi müqəddəs bir missiyanı şərəflə yerinə yetirdi, düşmən əsirliyində zülm görən, işgəncə yaşayan soydaşlarımızın yarasına məlhəm oldu. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini göstərdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, layiq olduğu şəkildə cəzalandırdı. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, vətən uğrunda mübarizə necə olur.
Belə igidlərdən biri də Abışov Fərid Əlifayım oğludur.
1996-cı il noyabrın 28-də Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olub. Şəhid Rövşən Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbdə təhsil alıb. 2014-cü ildə orta məktəbi bitirib. 2015-ci ildə hərbi xidmətə yola düşüb. Həmin il Füzulidə hərbi xidmətdə olarkən Aprel döyüşlərinin iştirakçısı olub və igidliklər göstərib. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif yerlərdə çalışıb. Öz çalışqanlığı, əməksevərliyi, tərbiyəsi ilə həmişə seçilib.
Yağı düşmən yeni torpaq sevdasına düşən zamandan Fərid özünə yer tapa bilmir və könüllü olaraq 29 sentyabr 2020- çi ildən döyüşlərə qatılır.
Ballıqaya döyüşlərində igidliklər göstərən Fərid, Tərtər istiqamətində gedən döyüşlərin ən qızğın nöqtəsində şüçəaətlə vuruşub.
18 saat fasiləsiz döyüşüb və ayağından yaralanıb. Döyüş yoldaşldarı nə qədər təkid etsələr də o, döyüş bölgəsindən ayrılmayıb. Ayağının yarasını sarıyıb, döyüş yoldaşlarına qoşulub. İgidlərimiz qəhrəmanlıq göstərərək, Suqovuşan istiqamətində ermənilərin qurdugu 24 postu darmadagın edərək irəliləyiblər. Fərid məharətli sinayperçi olub. Nişan aldığı hec bir şey onun gülləsindən yayınmazmış.
Çox igid, qoçaq oğlan olub. Deyirmiş ki, torpaqlarımızı mənfur düşmənlərimizin tapdagından azad etməmiş şəhid olmaq yoxdur!
Amma müharibə və amansız güllə yağışı, dayanmadan atılan düşmən topları igidin arzusunu yarımçıq qoyub. Fərid 13 oktyabr 2020-ci ildə Ağdərə döyüşləri zamanı şəhid olub.
O yerdə şəhid olub ki, I Qarabağ müharibəsi zamanı Fəridin atası Əlifayım özü də döyüşüb.
17 oktyabr 2020-ci il Fərid şəhid olan gün ananın ürəyi dəlik-deşik olub, sızıltısını dünya duyub sanki. Dağ-daş dilə gəlib, quşlar öz aralarında səssizliyi seçib, sükuta dalıb, Günəş şəhid anasından qaçıb gizlənib. Və ana ürəyi fəryad qoparıb...
1 ay 6 gün Fərid öz doğma torpağının əsir şəhidi olub, yaşadığı, boya -başa çatdığı kəndini, elini- gününü intizarla, həsrətlə izləyib göylərdən. Nəhayət, 19 noyabr ucu-bucağı görünməyən maşın karvanı Əlifayımın qapısında dayananda bir "ana ağısı" sükutu pozub. ..
Fərid şəhidlər xiyabanında dəfn olunub. Həmin gecə oğlu canını qurban verdiyi vətən torpağında uyuyub yuxuya qalıb və ona agah olub ki, artıq torpaqlarımız azaddır. Müharibənin böyük qələbəsi Azərbayçandır, elə bu sevinçlə də, qürurla da qapısız, pəncərəsiz evində əbədi yuxuya gedib...
Şəhidin atası Əlifayımın 50 yaşı var. Şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərir.
Çox qürurla deyir: "Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Könüllü getmişdim, ürəklə də vuruşmuşdum". Şəhidin anası Gülşən evdar qadındır. Oğlu haqqında neçə qürurla danışır, gözlərindən yaş leysanı gedə-gedə...
Deyir: zəng vuranda deyirdim ki, ehtiyatlı ol, bala. Deyirdi ki, ehtiyat nədir, ana, biz Qələbə üçün vuruşuruq və qələbə bizimdir.
Axırıncı dəfə saat 5-də zəng vurmuşdu, deyib ki, çıxacağıq yuxarı, ora zəng çatmasa narahat olmayın. Elə axırıncı zəngi olub, bu zəng.
Bilirmiş ki, onun ucalacağı zirvəyə zəng çatmayacaq.
Ailənin 3 övladı olub. 3-ü də oğlan: Fərid, Nurlan, Fəqan. Nurlan polis olmaq arzusundadır. Sənədlərini təqdim edib. Qardaşı Nurlan 1999-cu ildə anadan olub. Ordumuza kömək məqsədi ilə 11 gün Goranboy rayonunda həmkəndliləri ilə birlikdə könüllü olaraq maşınlara silah-sursat yığıb, döyüş bölgələrinə yola salırmışlar. Fəqan VI sinifdə oxuyur.
Fəriddən geriyə qalan lal şəkillər, bir də hərbi komissarlıqda öz boynundan cıxarıb, atasının boynuna bağladığı boyunbağı və bir ömür boyu elinə, obasına, ailəsinə yaşatdığı qürur. Və bir də anası Gülşənin həzin laylası.
Çiyinlər üstündə bu dünyanı tərk edən igid. Bərli-bəzəkli taxtın mübarək!
Abışav Fərid Əlifayım oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!
Əminə Yusifqızı
Respublikanın Əməkdar Jurnalisti