"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar

OXUNUB: 204 Özəl SOSİAL
20-21 aprel 2024-cü il tarixində Türkiyənin Antalya şəhərində "Robotex” festivalının yarımfinal mərhələsi təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  "Bilim Bakı” mərkəzinin şagirdləri növbəti uğura imza atıblar.

 
250-dən çox komandanın iştirak etdiyi  yarışda mərkəzin "DENEYAP” texnologiya laboratoriyasının  "Creators" komandası "Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə 3-cü yerin qalibi olub.  "Turantech" komandası isə "Lego xəttinin təqibi” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. 

Qalib komandalar İtaliyanın Roma şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıblar.

Estoniyada əsası qoyulan "Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. "Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2 500-dən artıq iştirakçı yarışıb.

Xatırladaq ki, "Bilim Bakı" mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb.  Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
 




RƏYLƏR