“Bizim Tarla”nın çiyələk mürəbbəsindən qurd çıxdı — jurnalistdən sərt REAKSİYA: “Ayıb olsun!”

OXUNUB: 0 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, Dubayda yaşayan jurnalist Yeganə Həsənova "Bizim Tarla” markasının çiyələk mürəbbəsi ilə bağlı narazılığını sosial şəbəkədə paylaşaraq məhsulun içindən qurd çıxdığını bildirib.
Jurnalist qeyd edib ki, 3 ildir Dubayda yaşayır və bu müddət ərzində aldığı heç bir məhsulun içindən belə halla qarşılaşmayıb. Onun sözlərinə görə, Vətənin dadını hiss etmək və yerli məhsula dəstək olmaq məqsədilə marketdən "Bizim Tarla”nın çiyələk mürəbbəsini alıb.
Lakin məhsulu açdıqdan sonra qarşılaşdığı mənzərə onun ciddi narazılığına səbəb olub.
Həsənova paylaşımında məhsulun içindən qurd çıxdığını iddia edərək bunu istehsal və keyfiyyətə nəzarətlə bağlı ciddi sual doğuran hal kimi qiymətləndirib.
Jurnalist Dubayda belə bir halın baş verməsi ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi təqdirdə şirkətin ciddi məsuliyyətlə üzləşə biləcəyini də vurğulayıb.
"Gedib Dubai Municipality-ə sizi şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq...” – deyə Həsənova sərt fikirlər səsləndirib.
Onun paylaşımı xüsusilə xaricdə yaşayan azərbaycanlıların yerli məhsullara münasibəti baxımından da diqqət çəkib. Çünki Azərbaycan məhsullarının xarici bazarlarda satılması yalnız kommersiya məsələsi deyil, eyni zamanda ölkənin imicinə təsir edən amildir.
İxrac olunan məhsulda keyfiyyət və təhlükəsizliklə bağlı problemin ortaya çıxması Azərbaycan brendləri üçün ciddi reputasiya riski yarada bilər. Xarici bazarda istehlakçı bir məhsuldan narazı qalarsa, bu, yalnız həmin məhsulun deyil, ümumilikdə ölkənin istehsal etdiyi məhsullara münasibətə təsir göstərə bilər.
Bu baxımdan "Bizim Tarla”nın adıçəkilən məhsulla bağlı məsələyə aydınlıq gətirməsi, məhsulun hansı partiyaya aid olduğunu araşdırması və iddianın həqiqətə uyğun olub-olmadığını ictimaiyyətə açıqlaması vacibdir.
Əgər məhsuldan həqiqətən yad cisim və ya həşərat çıxması təsdiqlənərsə, bunun necə baş verdiyi, keyfiyyətə nəzarət mərhələlərində problemin niyə aşkarlanmadığı və eyni partiyadan olan digər məhsulların təhlükəsizliyinin təmin edilib-edilmədiyi sualları da cavablandırılmalıdır.
Azərbaycanın yerli istehsalçılarının xarici bazarlarda özünə yer qazanması ölkə üçün müsbət haldır. Lakin ixrac məhsulunun keyfiyyəti və təhlükəsizliyi bu uğurun əsas şərtlərindəndir.
Məsələ ilə bağlı "Bizim Tarla”nın mövqeyini təqdim etməyə hazırıq.
 
 

7NEWS.az

RƏYLƏR