“Bu adam satdığını satıb, sata bilmədiyini “depozit”ə qoyub” - Elşən Musayev

OXUNUB: 411 Özəl SİYASƏT
İkisi də ATƏT-in Minsk Qrupunun həmsədri olub. Amerika və Fransa. Haradasa 30 il boyunca.

İndi biri erməniyə silah verir, digəri isə erməni lobbisinin pulu ilə yazı dərc edir.

Qəribə də həmahənglikləri var. Məsələn, Amerikada işıq üzü görən sifarişli yazılardan Makrona atılan çiy yumurtaların iyi gəir. Üstəlik, demokratiyaya baxışları da təxminən eynidir. Hələ 7 ştatında ölüm hökmünü, elektrik stuluna bağlanmaqla həyatdan məhrum etməni 21-ci əsrin cəza üslubu kimi saxlayanlar siyasi mitinqlərdə gözyaşardıcılarla 21 nəfər nümayişçini eyni gündə kor edənlərdən, dünya işığına həsrət qoyanlardan qətiyyən fərqlənmir.

"Soros”çuların əli fetoçuların cibindədir, fetoçuların əli qubadçıların, onların da əli abzasçıların. Hə, kənardan dəxilsiz və rabitəsiz bağ kimi görünə bilər. Amma yox! Sistem zərgər dəqiqliyi ilə qurulub. Fabrik üslubunda. Hər kəsin də prosesdə öz funksiyası, rolu var(dı). Sadəcə məsələ burasındadır ki, həmin həlqənin biri ya həlhələdən, ya vəlvələdən qırılıb və muncuqlar dağıla-dağıla gedib.

Ona görə "optovoy” ilişiblər...

Fransaya isə həlqə-məlqə lazım deyil. Zatən bu ölkənin xarici siyasətində əsas prioritet beynəlxalq hüququn çoxdan ölmüş anasını davamlı, açıq, nümayişkəranə şəkildə ağlatmaq və Qafqazda, Avropada nüfuz dirənişi göstərməkdir. Fəqət, Avropa beşliyinin bu üz qarası paralel fonda bir həqiqəti unudur ki, Paşinyan indiyə qədər 50 "sahib” dəyişib, yıxılmadığı kol, tutmadığı saman çöpü qalmayıb. Satdığını satıb, satmadığını isə "depozit”ə qoyub, yəni belə diletantın perspektivinə güvənərək hərəkət eləmək, erməni Baş nazirin timsalında "açar fiqur” axtarışına çıxmaq təxminən 21-ci əsrdə Napaleonluq eşqinə düşmək və ya Nurəddin Məmmədlidən siyasətçi düzəltməkfason bir şeydir, yəni illüziyadır, nağıldır, xəyaldır, heç zaman gerçəkləşməyəcək bir əfsanədir.

Bəlkə xatirinizdə qalıb. Sovet vaxtı məşhur "Matryoşka” kuklaları vardı. Hər ölçüdə olurdu, iç-içə girirdi və ancaq dəst şəklində satılırdı.  

Bəzi saxta "demokratiya aşiq”lərini niyəsə mən məhz həmin kuklalara bənzədirəm. Biri boydan böyükdür, digəri balaca. Amma eyni xislətdə, eyni qəlibdə, eyni havadadırlar. Üstəlik, iç-içə.
Ətraflı

***

Amerikanın səfiri dünən ilk açıqlamasını vermişdi. Özü də Azərbaycan dilində.

Kişinin siftəsini korladılar. Nəfəs dərməyinə belə imkan vermədilər. Okeanın o tayında dərc olunan növbəti qərəz və iftiradolu yazı ilə.

Gəl indi işə çıxdığın birinci gün izahat yaz, açıqlama ver, söhbəti malala.

Ağır işdir.

P.S. "Vaşinqton Post” məncə adını dəyişib "Vaşinqton forpost” qoysun, çünki bir qəzetdə ki, istənilən (?) yazının dərci bütöv səhifə üçün 42 min dollar təşkil edir və 4 milyon 200 min verərək onu kom şəkildə birgünlük satın ala bilərsən, o zaman belə nəşri nəinki forpost, hətta lap "xvost” da eləmək olar.

Puluna minnət. Deyilmi?

Elşən Musayev,

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

RƏYLƏR