“Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir" - DEPUTAT

OXUNUB: 472 Texnologiya HADİSƏ
Azərbaycanda internetin qiyməti bahalaşıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib.
Əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manat olub. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manat olub.
Bəs vətəndaşlara xəbərdarlıq edilmədən belə bir addımın atılması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlamasında bunun yanlış olduğunu bildirib.
F.Mustafa qeyd edib ki, bu qurumlar fürsət düşən kimi vətəndaşlardan pul qoparmağa çalışır:
"Onların vətəndaşa xidmət anlayışı yoxdur. Heç bir normal xidmət göstərmədən insanların pulunu mənimsəyirlər. Vətəndaş onlar üçün pul qazanmaq mənbəyi olduğuna görə, xəbərdarlıq etməyi də özlərinə çox görürlər. Hələ az qaldırıblar, ürəkləri istəsə, 3-5 dəfə də qiyməti qaldıra bilərlər. Çünki onları vətəndaş düşündürmür. Onların fəaliyyəti şəffaf deyil, vətəndaşın soyulmasına xidmət edir. Bu qurumların fəaliyyətinin məntiqli izahı olmalıdır. Kiminlə müzakirə etdilər? Hansı rəyi aldılar? Əvvəlcədən hansı xəbərdarlıq ediblər? Xəbərdarlıq etmirlər və özlərini borclu da saymırlar. Düşünürlər ki, vətəndaş onlara borcludur. Xidmətin səviyyəsi də keyfiyyətli deyil. Keyfiyyətli olmayan səviyyədə bu qədər artım etmək yaxşı hal deyil. Bu xidmət sahələri illərdir, vətəndaşın cibinin soyulmasına yönəlik fəaliyyət göstərir”.
Millət vəkili hesab edir ki, internetin qiymətinin artırılması soyğunçuluqdan başqa bir şey deyil:
"Keyfiyyət aşağı düşür, amma qiymət artır. Məsələni gündəmə gətirsək də, təsir edəcəyimiz bir mexanizm yoxdur. Hansısa bir nəzarət mexanizmi olmadığı üçün hamı bir cür qiymət artırır. Hərə özünə yaxın adamı bir yerdə oturdub, camaatın pulunu bacardıqca alırlar. Xəbərdarlıq etmədən qiyməti qaldırırlarsa, deməli arxayındırlar ki, heç kim heç nə deməyəcək. Vətəndaş avqustun 1-də hesablayıb ki, 10 manat ödəməlidir. Amma avqustun ortasında məlum olur ki, 5 manat da əlavə ödəməlisən. Harda var belə şey? Bu, cinayətdir, soyğunçuluqdur. Başqa adı yoxdur. "Aztelekom” və yaxud başqa provayder ilə mülki müqavilə bağlanılır. 10 manat ödəyirəm ki, mənə bu ölçüdə internet verəsiniz deyə müqaviəldə qeyd olunur. Bu müqavilə xəbərdarlıq edilmədən pozulub. Ona görə də vətəndaşlar ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidir. Kütləvi şəkildə məhkəməyə müraciət etsələr heç olmasa bu soyğunçuluğun qabağını almaq olar”./Baku Post

RƏYLƏR