Bu gündən 2022-ci il üçün əkin bəyanlarının qəbuluna başlanılır

OXUNUB: 679 GÜNDƏM İQTİSADİYYAT
Bu gündən 2022-ci il üçün əkin bəyanlarının qəbuluna başlanılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) verilən məlumata görə, 1 sentyabrdan başlayaraq 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, eləcə də Sabirabad, Masallı, Şəki, Kürdəmir, Ağcəbədi, Bərdə, Qəbələ, İmişli, Şamaxı, Tovuz, Balakən, Gəncə Regional ASAN xidmət mərkəzlərinə, Xaçmaz və Yevlax KOB evlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.

AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabineti aktivləşdirməli, əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.

Qeyd edək ki, elektron kabinet ildə bir dəfə yenilənir. Əgər fermer onu ilin əvvəli aktivləşdiribsə, yenidən aktivləşdirməsi tələb olunmayacaq. Bəyan olunan bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, "Müraciət et” düyməsinə sıxaraq fermer elektron ərizəni formalaşdırır və sonradan onu dəyişmək imkanı olmur. Əgər yanvar ayına qədər əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib "Müraciət et” düyməsinə sıxmadan fermer 30 dekabra qədər bəyanı dəyişdirə bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiyaya elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək.

Fermerin əkin sahəsinin həcmi 5 ha və daha yuxarıdırsa, o, torpağının aqrokimyəvi analizini də aparmalıdır. Əgər bunu ötən il edibsə, bu il aqrokimyəvi analizin aparılmasına ehtiyac yoxdur.

AKİA rəsmisi onu da əlavə edib ki, vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq.

Xatırladaq ki, bu bəyanlar 2022-ci il üzrə əkin subsidiyasının alınması üçündür. Bəyanların qəbulu dekabrın 30-da başa çatacaq.

RƏYLƏR