Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

OXUNUB: 4273 Səhiyyə Özəl Seçilmiş Önəmli
Azərbaycan hökumətinin hər zaman diqqətdə saxladığı sahələrdən biri də səhiyyə sistemidir. Bu istiqamətdə hər il həm dövlət büdcəsindən, həm də prezidentin ehtiyat fondundan xeyli vəsait ayrılır. Amma zaman onu göstərib ki, Azərbaycan səhiyyəsinin əsas problem dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı deyil. 

Savash.org olaraq ölkənin mühüm səhiyyə ocaqlarından biri olan Milli Onkologiya Mərkəzindəki durumu araşdırdıq. Klinikaya müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır. Ancaq bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Milli Onkologiya Mərkəzində pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada "sabun köpüyü”nə çevrilib – "pulunu ver, şəklini çəkdir”. Pulsuz deyilən Azərbaycan səhiyyəsində – Milli Onkologiya Mərkəzində rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını istinadən diqqətinizə çatdırır.


Milli Onkologiya Mərkəzinin həyətinə avtomobillə girməyə icazə yoxdur. Qapıda dayanan nəzarətçi deyir, bu, Cəmil Əliyevin xüsusi tapşırığıdır. Bundan sonra həyətə maşınla girmək qadağandır: "Hətta ağır xəstələrə görə "badımcan" taksilərdən birini gətirib qoyub qapının ağzına ki, yeriyə bilməyənlər istədikləri korpusa onunla gedib-gəlsinlər". 

Cəmil Əliyevin Qapıdan içəri keçirik. Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Burada o qədər insan var ki, həyətdəki skamyalarda oturmağa yer yoxdur. Ayaq üstə də kifayət qədər adam dayanıb. Ümumiyyətlə, digərlərinə baxanda Diaqnostika korpusunun qarşısında daha çox adamın olduğunu görürük və elə həmin səmtə gedirik. İçəri girməyimiz diqqət çəkmir. Çünki o qədər adam var ki, hətta qapıda dayanan nəzarətçi insanlara biristifadəlik ayaqqabı üstlüyü paylamaqda çətinlik çəkir. Çoxu geyinmədən içəri tələsir. Qapıdan girən kimi bütün otaqların qarşısında növbə olduğunu görürük. Ən çox növbə də "maqnit-rezonans tomoqrafiya" otağının qarşısındadır. Buradakı hər kəs gərgin, kədərlidir. Hamı tələsir, hərə əlində bir kağız otaqdan otağa qaçır. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Bizimlə, söhbət edənlər də daim şübhə ilə yan yörəsinə boylanır, bəziləri isə "bilmirsən bura kimindir? Səni məhv edərlər” deməyi də unutmadılar. Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır. İndi isə Savash.org olaraq Milli Onkologiya Mərkəzində müəyyən etdiyimiz, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını diqqətinizə çatdırırıq:

1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

Bundan başqa:
• xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir; 
• bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir;
• zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir;
• zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur;
• kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır;
• pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır;
• və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar.
Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Sonda Savash.org olaraq Azərbaycan qanunvericiliyindən bəzi normaları tibb müəsisəsinin rəhbəri Cəmil Əliyevin oxuması üçün diqqətə çatdırırıq: " AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir: "Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır”.
 
 
İcmal.Az

RƏYLƏR