"Neftçi” futbol klubu ukraynalı baş məşqçi Roman Qriqorçuku da yola saldı.
7NEWS.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Hər iki tərəf müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. "Neftçi” mütəxəssislə halallaşıb və ona gələcək karyerasında uğurlar arzulayıb. Xatırladaq ki, Roman Qriqorçuk cari mövsümün əvvəlində "Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.
Saytımıza verilən qeyri-rəsmi məlumata görə "Neftçi” komandası yerli mütəxəssislərlə yanaşı daha bir əcnəbi məşqçi ilə maraqlanır. Söhbət İtaliya və "Milan”nın əfsanəsi Cennaro Qatussodan gedir.Futbolçu və məşqçi kimi çılğın hərəkətləri ilə məşhur olan canlı əfsanə Avropanın bir çox tanınmış klublarında fəaliyyət göstərib.Məşqçilik karyerasında "Palermo”, "Milan”, ”Napoli”, ”Valensiya”,”Marsel” kimi klubları CV-nə əlavə edən sabiq yarımmüdafiəçi hal-hazırda Xorvatiyanın "Hayduk-Split” klubuna baş məşqçilik edir. Cari klubunda da fəaliyyətindən söz etdirən baş məşqçinin komandası 9 turdan sonra 21 xalla Xorvatiya çempionatına başçılıq edir. Daha çox 4-2-3-1 taktikasına üstünlük verən baş məşqçinin Azərbaycana gəlib-gəlməməyi ictimaiyyətə maraq doğuracaq.
PS : Yuxarıda qeyd etdiyim ki, C.Qatusso oynadığı və çalışdığı klublarda çılğınlığı ilə diqqət çəkən olub. Kiminin üstünə bağırmaq, kiminə şapalaq vurmaq və s. Amma bilmək olmur bu günkü "Neftçi”yə onun beyni lazım olacaq yoxsa şapalağı.?
RASİF RASİMLİ