Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri alqışa layiqdir

OXUNUB: 584 GÜNDƏM SİYASƏT
Məlum olduğu kimi, son vaxtlar Avropa İttifaqının rəhbərliyi Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunması üçün ardıcıl cəhdlər edir. Bugünlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşüblər. Cənab Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Açıqlamada deyilir: "Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə bir daha evsahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik. Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılan­ların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq”.

Göründüyü kimi, Brüsseldə aparı­lan üçtərəfli danışıqlar kifayət qədər məhsuldar olub. Belə ki, tərəflər yuxa­rıda qeyd olunan məsələlərlə yanaşı, regionda kommunikasiya infrastruk­turu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər, təhlükəsizlik, eləcə də gömrük rüsum­ları və s. barədə razılığa gəliblər. Bütün bunlar danışıqlarda nəzərəçarpan irəliləyişin olduğuna dəlalət edir.

Avropa İttifaqı Şurası Prezidentinin mətbuat üçün açqılaması təkcə region ölkələri üçün deyil, bütövlükdə qitənin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyindən qlobal mediada ge­niş işıqlandırılır. Avropa və dünya KİV-i Azərbaycan dövlətinin liderinin müzakirələrdə konstruktiv və prinsipi­al mövqe nümayiş etdirməsini xüsusi vurğulayırlar.

Görünən budur ki. Avropa İttifaqı hər iki ölkənin və onların xalqlarının təhlükəsizliyi və rifahı naminə ça­lışır. Regionun aparıcı dövləti olan Azərbaycan dövləti bunu yüksək dəyərləndirir. Regionda davamlı sülhün əldə olunması Avropa ölkələrinin milli maraqlarına cavab verir.

Cənab Şarl Mişel deyib ki, regionda iqtisadi inkişafı təşviq etmək məqsədlə yaradılan İqtisadi Məşvərət Qrupunun fəaliyyəti daha da gücləndiriləcək. Avro­pa İttifaqı Şurasının Prezidenti həmçinin hesab edir ki, hazırkı mərhələdə əhalinin uzunmüddətli davamlı sülhə hazırlanması vacibdir və bu istiqamətdə Avropa İttifaqı öz dəstəyini artırmağa hazırdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə ölkəmizin Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır oldu­ğunu bildirib. Rəsmi Bakı hesab edir ki, Qarabağda davamlı sülhün əldə olunması son dərəcə vacibdir. Bu, həm Azərbaycan, həm də Ermənistanın əhalisinin xeyrinədir. Çox istərdik ki, Ermənistan rəhbərliyi və ictimaiyyəti yaranmış reallığı düzgün dəyərləndirsin.

Azər VERDİYEV,

politoloq, İkinci Qarabağ müharibəsi qazisi

RƏYLƏR