Dağlıq Qarabağın azərbaycanlı icması ABŞ konqresinə etiraz məktubu göndərib

OXUNUB: 747 GÜNDƏM DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərinə ABŞ Konqresinin nümayəndələrinin qanunsuz səfərinə görə Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosiyə və Konqres üzvlərinə etiraz məktubu göndərib.
Məktubda Ermənistanın işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş məcburi köçkün icması adından ABŞ Konqresinin nümayəndələri - Frank Pallone, Cudi Çu və Ceki Spierin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə görə ciddi narahatlıq və etiraz bildirilir. Qeyd olunur ki, jurnalistlərin müşayiəti ilə keçirilən icazəsiz səfər təkcə demokratiyaya, insan hüquqlarının təməl prinsiplərinə, sülh şəraitində birgə yaşayışa və beynəlxalq hüquqa zidd olması ilə yanaşı, həmçinin münaqişə bölgəsindəki vəziyyətə mənfi təsir göstərir və münaqişənin həllinə ümidləri azaldır: "Təəssüf ki, səfər həm də Konqres üzvü Çu-nun ifadə etdiyi bir sülhməramlı olmaq istəyi ilə tamamilə ziddiyyət təşkil edir. Əgər onun belə bir arzusu var idisə, o bu qanunsuz səfəri ilə həmin imkanı qaçırmış oldu. Bu səfər, vaxtilə beynəlxalq müşahidəçilər tərəfindən də öz təsdiqini tapmış qırğınlar və etnik təmizləmələr yolu ilə bölgənin yerli azərbaycanlı əhalisinə qarşı vəhşiliklər törədilməsi yolu ilə Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalını dəstəkləməyə xidmət edir. ABŞ-ın dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı edilən vəhşilikləri qınayaraq, işğalçı qüvvələrin qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb edib".
Məktubda bildirilir ki, 80 mindən çox Dağlıq Qarabağ bölgəsindən didərgin düşmüş azərbaycanlı icma və 700 mindən çox ətraf ərazilərdən olan məcburi köçkünlər son 25 ildə heç bir irəliləyiş əldə olunmayan danışıqların fonunda əziyyət çəkməkdə davam edirlər: "Ermənistan, ən təməl hüquqlarımızdan olan öz evlərimizə qayıtmaq  haqqımızdan, öz ailə üzvlərimizin qəbirlərini ziyarət etməkdən bizləri məhrum edir və bunlar azmış kimi, Qarabağdakı mədəni irsimizi də yer üzündən silməyə yönəlmiş siyasət aparır, bizim şəxsi əmlaklarımızı mənimsəməkdə davam edir".

RƏYLƏR