Daşkəsən və Göygöl rayonlarında aqrar sahədə aparılan monitorinqlərin nəticələri müəyyənləşib

OXUNUB: 231 SOSİAL
"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (Agentlik) dəstəyi ilə icra olunan "Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi çərçivəsində Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu ("Şadax” daxil olmaqla), Bayan kəndləri, eləcə də Göygöl rayonunun Tülallar kəndində aparılmış monitorinqlərin nəticələri məlum olub.
Cari ilin 24-27 iyul tarixlərində adıçəkilən ərazilərdə aqrar sahədə mövcud vəziyyətin yoxlanılması, cəmiyyətin aktiv hasilat və istehsalat fəaliyyətinin ətraf ərazilərə təsirinin qiymətləndirilməsi məqsədilə heyvan, bitki, torpaq və su mənbələrindən götürülmüş nümunələr əsasında aparılmış laboratoriya analizlərinin nəticələrinə görə məhsuldarlığa, eləcə də sağlamlığa təsir edən ciddi faktorların olmadığı müəyyən edilib. Həmçinin fermerlər arasında aparılmış sorğu zamanı onların maddi-texniki ehtiyacları, təsərrüfat fəaliyyətlərində qarşılaşdığı əsas problemlər təhlil edilərək, ümumiləşdirilib və növbəti mərhələdə fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması və icrası nəzərdə tutulur.
Qeyd edək ki, "AzerGold” QSC-nin Agentliyə müraciəti əsasında icra edilən layihədə əsas məqsəd Cəmiyyətin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi bölgələrdə dayanıqlı inkişaf məqsədlərinə nail olunması, o cümlədən yerli icmalarla işin gücləndirilməsi, aqrar sahənin dəstəklənməsi və inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, bölgə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıdır.
 

RƏYLƏR