Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı

OXUNUB: 486 Özəl SOSİAL
Bu yaxınlarda "Mingəçevir Dövlət Universiteti modernləşdirmə yolunda" kitabı "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində nəşr edilərək universitet əməkdaşlarına təqdim olunub. Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramovun müəllifi olduğu, "Azərbaycan müəllimi" qəzeti ilə MDU-nun birgə layihəsi əsasında işıq üzü görən kitabda bu təhsil ocağının 4 illik fəaliyyəti əksini tapıb. Kitabın redaktoru "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov, rəyçiləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Respublikasının Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri, Əməkdar müəllim Əsgər Quliyevdir. 2019-2023-cü illəri əhatə edən kitab 32 bölmədən ibarətdir.

Kitabın ön sözündə qeyd edildiyi kimi, "dayanıqlı inkişafa töhfə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi-tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək MDU-nun əsas missiyasıdır". Kitab bir ali təhsil müəssisəsinin innovativ, davamlı və dayanıqlı inkişafı və idarə edilməsi üçün real təcrübə qaynağıdır. İqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov universitetə rektor təyin olunan gündən əməkdaşlara ilk dəyərli tövsiyələri bunlar olub: nəticəyönümlülüyü, öz-özünə hesabatlılığı, çevikliyi və qiymətləndirməyi bacarın. Kitabdakı bölmələri oxuduqca qeyd olunan meyarların necə dəqiqliklə, ustalıqla, şəffaflıqla yazıldığının şahidi olarsınız.

Kitabın bölmələrini aşağıdakı istiqamətlər üzrə  formalaşdırmaq olar:

Ali təhsilin modernləşdirilməsi: Kitabda universitetlərin qarşısında duran müasir çağırışlar və tələblər təhlil edilir və Mingəçevir Dövlət Universitetinin fəaliyyətini modernləşdirməklə bu dəyişikliklərə necə uyğunlaşdığı göstərilir.

Universitet idarəetməsi: Müəllif səmərəli idarəetmə təcrübələri, strateji planlaşdırma və qabaqcıl təcrübələrdən istifadə edilməklə müasir ali təhsilin idarə edilməsi prinsiplərini müzakirə edir.

İnnovasiya və təhsilin keyfiyyəti: Kitabda təhsildə innovasiyanın vacibliyi vurğulanır, tədrisin və təlim prosesinin keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif strateji islahatlar vurğulanır.

Şəffaflıq və hesabatlılıq: Universitet fəaliyyətində şəffaflığın və hesabatlılığın və bu şəffaflığı təşviq etmək üçün media və sosial mediadan istifadənin vacibliyi vurğulanır.

Beynəlxalq və yerli əməkdaşlıq: Yerli və xarici universitetlərlə əməkdaşlığın, həmçinin tələbə mübadiləsi proqramları kimi beynəlxalq layihə və proqramlarda iştirakın daim diqqət mərkəzində olmasını 4 il müddətində aydın müşahidə edə bilərsiniz. Proses hazırda da davam etdirilir.

Çevik və şəffaf idarəetmədə tələbələrin və ictimaiyyətin iştirakı: Universitetin idarə olunması və inkişafında tələbə və ictimaiyyətin iştirakının vacibliyi vurğulanır.

Sosial yönümlü fəaliyyətlər: Müəllif universitetin cəmiyyətdəki rolunu və sosial yönümlü layihə və təşəbbüslərin həyata keçirilməsində məsuliyyətini, vəzifələrini çox aydın, izahlı şəkildə real islahatlarla, layihələrlə təqdim edir.

Davamlı inkişaf və rəqəmsallaşma: Universitet fəaliyyəti kontekstində davamlı inkişaf və rəqəmsallaşma konsepsiyaları daim diqqət mərkəzində olduğu kitabın ilk səhifəsindən sonuna kimi vurğulanır.

Gənclərin vətənpərvər ruhda inkişafı və formalaşması üçün mühitin yaradılması daim diqqət mərkəzindədir.

Aida MUSTAFAYEVA

MDU İnformasiya texnologiyaları kafedrasının müdiri, tex.f.d.

RƏYLƏR