Deputatın 1 illik hesabatı

OXUNUB: 133 SOSİAL
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin91 saylı Ucar seçki dairəsinin deputatı Ramil Həsəntərəfindən 2020-ci il mart ayından 2021-ci il mart ayına qədərgörülmüş işlərlə bağlı- HESABAT

Artıq xeyli müddətdir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutmuşdur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilmiş yüksək nailiyyətlər ölkəmizin qüdrətini artırmış, Azərbaycanın özünəməxsus milli inkişaf modeli respublikanın sürətli inkişafını təmin etmişdir. Ölkəmizdə əsaslı islahatlar həyata keçirilir, ölkəmizin müstəqilliyini və inkişafını təmin edən çoxlu sayda qanunlar qəbul edilir, hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılır. Azərbaycan Pespublikasının Prezidenti, Cənab İlham Əliyevin müstəsna xidmətləri və uzaqgörən siyasəti sayəsində respublikamızın sosial-iqtisadi inkişafı yolunda geniş miqyaslı işlər görülür, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr həyata keçirilir. Xüsusilə də regionların sosial-iqtisadi inkişafı dövlətin xüsusi olaraq diqqət mərkəzində saxladığı istiqamətlərdəndir. Bu istiqamətdə Möhtərəm Prezidentimizin tövsiyyə və tapşırıqları bizim üçün hər zaman prioritet olmuş, fəaliyyətimizin yol xəritəsinə çevrilmişdir. Qeyd etmək istərdim ki, millət vəkili olaraq fəaliyyət göstərməyim üçün Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahının binasında şərait yaradılmış, rayon sakinlərinin qəbul edilməsi təmin olunmuşdur. Hakim partiyanın namizədi kimi parlamentdə təmsil olunduğum üçün fəaliyyətimin ən önəmli istiqamətlərini Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında son 17 il ərzində qazanılan, müasir dünya tərəfindən qəbul olunan uğurların seçicilərim arasında təbliği təşkil edir. Ümumilikdə altıncı çağırış Milli Məclisin iş fəaliyyətinin dünyadakı pandemiya dövrü ilə üst – üstə düşməsi hər kəs kimi biz millət vəkilləri üçün də böyük bir sınaq oldu. Bu zaman ərzində çalışdıq ki, hər bir seçicinin arzusunu, istəyini nəzərə alaraq, onların yanında olaq və işimizi günün tələbləri səviyyəsində quraq. Sərt karantin rejimi seçicilərin rayon və şəhər mərkəzinə gediş-gəlişində məhdudiyyətlər yaratsa da, biz vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında yerli icra hakimiyyəti orqanları və aidiyyatı qurumlarla sıx əlaqədə olaraq bir çox məsələlərin vaxtında və yerində həllinə nail olmuşuq. Sərt məhdudiyyət rejimi tətbiq olunmağa başlanılan ilk günlərdən Yeni Azərbaycan Partiyası Ucar rayonu təşkilatının könüllüləri ilə birlikdə fiziki məhdudiyyəti olan, tənha yaşayan, fiziki cəhətdən məhdudiyyətləri olan əlillərə və kimsəsizlərə ərzaq məhsulları və gigiyenik vasitələrin çatdırılması işlərinə başlanılmışdır. 2020-ci ilin aprel ayında yardıma ehtiyacı olan, imkansız və müvəqqəti işsizliklə üzləşmiş vətəndaşlara, şəhid ailələrinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, habelə xüsusi qayğıya ehtiyacı olan insanlara, ümumilikdə isə 388-dən çox ailəyə ərzaq yardımı edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq fəaliyyətə başladığım ilk gündən etibarən çalışmışam ki, seçicilərin qaldırdığı məsələlərə diqqətlə yanaşaraq, hər bir vətəndaşın, seçicinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün əlimdən gələni əsirgəməyim. Bu müddət ərzində seçicilərimlə sıx əlaqədə olmuş, 288 nəfərin telefon danışığı vasitəsilə, 2020-ci ilin dekabr ayının sonunadək 106 nəfərin, 2021-ci ilin yanvar və fevral aylarında 38 nəfər olmaqla, ümumilikdə 144 nəfərin şifahi, müxtəlif vaxtlarda 2 onlayn görüşdə 172 nəfərin müraciəti dinlənilmişdir. Fəaliyyətimin bir ili ərzində seçicilərimlə 2 dəfə – 22 sentyabr 2020-ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində, həmin tarixdə günün ikinci yarısında isə Ucar rayonunun Müsüslü kəndində Müsüslü, Təzə Şilyan, Qulabənd, Bərgüşad kəndlərinin sakinləri ilə, 10 fevral 2021-ci il tarixində yenidən Ucar rayon Heydər Əliyev Mərkəzində, günün ikinci yarısında isə Ucar rayonunun Ramal kəndində Ramal, Əlikənd, Şahlıq və Qazıqumlaq kənd sakinləri ilə səyyar görüş keçirilmiş, ümumilikdə 242 nəfərin müraciəti tərəfimdən dinlənilmiş və hər bir seçicinin müraciəti qanunamüvafiq cavablandırılmışdır. Sosial şəbəkələr vasitəsilə 120 nəfərin, 193 nəfərin isə yazılı müraciəti araşdırılaraq aidiyyatı qurumlara məktublar ünvanlanmışdır. Əhalinin üzləşdiyi çətinliklər əsasən işsizlik, kəndlərdə su çatışmamazlığı, mavi qaz yanacağı olmayan ərazilərdə (Ucar şəhər Məlikballı Qurban küçəsi, Qulabənd kəndi ərazisində 16 mənzilli pambıqzavod yaşayış binası, Şahlıq kəndi) qaz xəttinin çəkilişi, "TƏBİB” publik hüquqi şəxsin yerli təşkilatının, Tibbi Sosial Ekspert Komissiyasının ərazi idarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzinin fəaliyyəti ilə bağlı olmuşdur. Vətəndaşların problemlərinin həlli istiqamətində mümkün olan variantlar araşdırılıb, səlahiyyətim çərçivəsində həll olunması mümkün olanlar icra olunub və ya nəzarətdə saxlanılmaqla aidiyyatı qurumlara ünvanlandırılıb. Hesabat ili müddətində 1159 seçicidən müraciət qəbul etmişəm, bu müraciətlərdən 58 %-i müsbət həllini tapıb, 27,2 %-i hazırda icraatda olan müraciətlər, 14,8 % isə əsassız müraciətlər olub. Onlayn qəbulda olan seçicilərin müraciətlərinin 24 %-i infrastruktur, 17 %-i təmir-tikinti, 18 %-i şəxsi problemlər, 21 %-i sosial problemlər, 15 %-i səhiyyə və 5 % hüquqla bağlı müraciətlər olub. Onu da qeyd edim ki, təkcə seçildiyim dairənin seçicilərinin yox, başqa dairələrdən olan şəxslərdən ünvanlanan məktub və müraciətlərə də hər zaman xüsusi diqqətlə yanaşıram. Ötən dövr ərzində seçicilərimin mənə ünvanladığı müraciətlərə əsasən, Ucar rayonundakı su çatışmazlığı barədə Milli Məclisin plenar iclasında tərəfimdən məsələ qaldırılmış və bu məsələ ilə əlaqədar hazırlanmış arayışla birlikdə Baş nazir Əli Əsədova məktub ünvanlanmışdır. 2020-ci ilin Qurban və Ramazan bayramı günlərində 91 saylı Ucar Seçki Dairəsinin ərazisində yaşayan əhalinin aztəminatlı ailələrinə və xüsusi qayğıya ehtiyacı olan insanlara ərzaq yardımı edilib. Ramazan bayramında 205 ailəyə, Qurban bayramında 325 ailəyə bayram sovqatı göndərilmiş, üç nəfər birinci qrup əlilliyi olan şəxslərdən 1 nəfərə çəlik və karset, 1 nəfərə əlil arabası, 1 nəfərə maddi yardım edilmiş, 1 nəfər tələbənin təhsil haqqının ödənişi üçün maddi köməklik, 2020-ci ilin oktyabr və noyabr aylarında hərbi səfərbərliklə əlaqədar Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə olan ailəli döyüşçülərin və şəhid ailələrinin ünvanlarına ərzaq yardımı çatdırılmış, iki şəhid ailəsinə maddi dəstək göstərilmişdir. 44 günlük II Qarabağ savaşında əldə etdiyimiz şanlı qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəhid və qazi ailələrinə diqqət və qayğı göstərilməsi ilə bağlı çağırışına qoşularaq, qardaş Türkiyə və Azərbaycanı bu istiqamətdə bir araya gətirə biləcək "TƏK MİLLƏT, TƏK ÜRƏK” şüarı altında şəhid və qazi ailələrinə dəstək məqsədilə xeyirxah, xoşməramlı, tarixi bir aksiyaya start verdik. Bu aksiyanın uğurla həyata keçirilməsi üçün qardaş Türkiyə Cümhuriyyətinin müvafiq dövlət qurumları, o cümlədən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat və şirkətlər, dövlət və özəl qurumlar və onların rəhbərləri fəaliyyətimizin ilk günündən layihəyə qoşulmuş və dəstəklərini əsirgəməmişlər. Məlumat üçün bildiririk ki, bu tarixi "TƏK MİLLƏT, TƏK ÜRƏK” Beynəlxalq Humanitar Qardaşlıq Platforması artıq Azərbaycanda tanınan sosial layihə kimi bütün istiqamətlərdə şəhid və qazi ailələrinə Qardaş Türkiyənin hərtərəfli yardımını həyata keçirən birləşdirici platforma olaraq işini uğurla görməkdədir. Belə ki, dekabr ayında fəaliyyətinə başladığımız bu aksiya artıq bu günə qədər 31 rayonda, ümumi 2000-ə yaxın şəhid və qazi ailələrini ayrı-ayrılıqda ziyarət edərək, ağır dönəmdə maddi və mənəvi dəstək göstərmişdir. Bu layihə çərçivəsində Ucar rayonundan 277 şəhid, yaralı və əsgər ailələrinə baş çəkilmiş, hər bir ailəni birbaşa evində ziyarət etmiş, ailə vəziyyətləri ilə yaxından tanış olmuş, ailə üzvləri ilə fərdi söhbətlər aparmışam.Türkiyə və Azərbaycanın qardaşlıq-dostluq təzahürü olaraq bu Beynəlxalq Platforma çərçivəsində türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri, o cümlədən Azərbaycanın müvafiq rayonlarının icra başçıları və millət vəkilləri ilə birgə şəhid və qazi ailələrinə gedərək, onlara mənəvi, maddi dəstəklər vermişlər. Layihənin respublikanın bütün rayonlarını əhatə etdiyini və hal-hazırda bizə müraciət edən rayonların olduğunu nəzərə alaraq inanırıq ki, qardaş Türkiyə Cümhuriyyətinin və müvafiq qurumların dəstəyi ilə biz "TƏK MİLLƏT, TƏK ÜRƏK” Beynəlxalq Qardaşlıq Platforması çərçivəsində bundan sonra da bu xeyirxah missiyamızı avam etdirəcək, şəhid və qazi ailələrimizi, onların doğmalarını sevindirməyə davam edəcəyik. Həmçinin, bu layihənin digər bir tərkib hissəsi olan şəhid və qazi ailələrinin övladlarının Sivas Cümhuriyyət Universitetində burslu formada təqaüdlə təhsil almaları üçün Türkiyə Cümhuriyyəti və müvafiq qurumlar tərəfindən danışıqlar aparılmış və bu istiqamətdə də konkret addımlar atılaraq, artıq orada təhsil alacaq gənclərimiz müəyyənləşdirilmişdir. Əminik ki, Türkiyə Cümhuriyyəti Maarif Vakfının, TİKA və Yurd Dışı Türk Akraba Topluqları Başkanlığının, o cümlədən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin böyük dəstəyi ilə "TƏK MİLLƏT, TƏK ÜRƏK” Platforması çərçivəsində bundan sonra da təhsil və digər sahələrdə yardım kampaniyalarının əhatə dairəsi genişləndirilərək davam etdiriləcəkdir.Humanitar Qardaşlıq Platformasının fəaliyyətinin hesabat dövrü ərzində Bakı şəhəri və respublikanın digər regionlarında bu layihənin həyata keçirilməsində Faiq Qurbanov, Saleh Tüfekçi, Necmeddin Taşbağ, Ali Güngör, Onur Arslan, Məshəti Xəlilova, Zümrüd Şahova, Lətif Mütəllibov, Ender Kavuk, Sinan Baydar və Selim Akbay könüllü olaraq yaxından aktiv iştirak etmişlər. Görülən bütün işlərimizin yerlərdə həyata keçməsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar İsgəndərov, Naqif Həmzə, Cavid Osmanov, Sadiq Qurbanov, Əziz Ələkbərov, Bəhruz Məhərrəmov, Anar Məmmədov, Tahir Mirkişili, Razi Nurullayev, Kamran Bayramov, Tahir Rzayev, Etibar Əliyev, Hicran Hüseynova, İqbal Məmmədov, Kamilə Əliyeva, Eldəniz Səlimov, Şahin Seyidzadə, Rəşad Mahmudov, Fatma Yıldırım, Ziyafət Əsgərov, Elşad Mirbəşirli, Şahin İsmayılov, Azər Badamov, Sabir Rüstəmxanlı, Emin Hacıyev könüllü olaraq yaxından aktiv iştirak etmişlər. Gələcək fəaliyyətimizdə, millət vəkillərimizlə yanaşı, həmçinin, Gəncə, Şəki, Xaşmaz, Qusar, Ucar, Ağdaş, Qobustan, Abşeron, Siyəzən, Şabran, Saatlı, Biləsuvar, Bərdə, Naftalan, Goranboy, Beyləqan, Salyan, Sumqayıt, İmişli, Şəmkir, Ağcabədi, Neftçala, Yardımlı, Suraxanı, Astara, Zaqatala, Balakən, Lerik, Göygöl, Daşkəsən, Lənkəran şəhər İcra Hakimiyyəti rəhbərliyi də fəallıq göstərərək, lazımi köməkliyi etmişlər. Hesabat dövründə televiziyalar, mətbuat orqanları və sosial şəbəkə ilə sıx təmasda olmuş, respublikada və eləcə də dünyada baş verən aktual məsələlərlə bağlı mütəmadi olaraq fikirlərimi bildirmişəm. Belə ki, elektron mediada 78 müsahibə, dövrü mətbuatda 81 müsahibə və 25 məqaləm dərc edilib, xarici və yerli televiziya kanallarında 72 verlişdə müzakirələrə qoşulmuşam, internet televiziya kanallarında 58 müsahibə və çıxışlarım yayımlanmışdır. 1 illik fəaliyyət dövrüm ərzində görülən işlər, o cümlədən gündəmdə olan daxili və xarici siyasətlə əlaqədar məlumatların hər kəs üçün əlçatan olması üçün Ramil Həsən rəsmi "facebook” və "tvitter” sosial şəbəkəsində izləyicilər üçün mütəmadi olaraq məlumat xarakterli yazılar yerləşdirilmişdir.Hesabatımın sonunda onu da qeyd edim ki, qarşıdakı müddət ərzində ölkə rəhbəri cənab İlham Əliyevin "Biz Birlikdə Güclüyük” şüarını əldə rəhbər tutaraq, seçicilərimlə daim sıx ünsiyyətdə olacaq və onların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında aidiyyatı qurumlarla birgə fəaliyyət göstərəcək, dövlət başçımız Möhtərəm Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, xalqa xidmət göstərəcək, xalqın hər bir nümayəndəsinin sosial rifahının yaxşılaşdırılması naminə "dövlət-xalq” birliyinin prinsiplərinə uyğun olaraq əlimdən gələni edəcəyəm.
 
11

RƏYLƏR