DGK-də Xəzər İsayev müəmması: Məzuniyyətə göndərilsə də... (YENİLƏNİB)

OXUNUB: 572 HADİSƏ
(İlk xəbər 13.25-də yayımlanıb)

Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevin işdən çıxarılmasına hazırlıq görülür.

Hazırda polkovnik Xəzər İsayev vəzifəsindən kənarlaşdırılaraq, məzuniyyətə göndərilib. 

Məlumata görə, son aylar gömrük orqanlarında aparılan yoxlamalar İdman-Sağlamlıq Mərkəzindən də yan keçməyib. Nəticədə polkovnik Xəzər İsayev yenə öz hesabına məzuniyyətə göndərilib. Məzuniyyətdən sonra onun vəzifəsində qalıb-qalmayacağı bəlli deyil.

İdman-Sağlamlıq Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, hazırda qurumun baş direktor əvəzi Adgözəl Rəcəbovdur.

Xəzər İsayev özü telefon zənglərinə cavab verməyib.

DGK-nin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Xəzər İsayevin işdən çıxarılması ilə bağlı məlumatı təkzib edib.
 
Əldə etdiyimiz məlumatda həmçinin bildirilir ki, hələ ötən il Xəzər İsayevlə DGK-nin sabiq sədri Səfər Mehdiyevin ciddi mübahisəsi olub. Mübahisənin yaranmasına səbəb isə İdman-Sağlamlıq Mərkəzində aparılan audit yoxlaması zamanı ciddi maliyyə pozuntularının aşkarlanaması olub. Yoxlama zamanı 500 min manatdan artıq vəsaitin "yoxa çıxması" müəyyən edilib. 

Bundan sonra Xəzər İsayev Səfər Mehdiyev tərəfindən vəzifəsindən qeyri-rəsmi uzaqlaşdırılsa da, rəsmi olaraq baş direktor vəzifəsindən kənarlaşdırılmayıb. 
 
***
 
Polkovnik Xəzər İsayev vəzifəsindən kənarlaşdırılması ilə bağlı Qaynarinfo-da yayımlanan məqaləyə münasibət bildirib. X.İsayev deyib ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun sərəncamı ilə məzuniyyətə göndərilib:

"Yanvar ayının 23-də məzuniyyət müddətim bitəcək. Vəzifədə qalıb-qalmamağım həmin tarixdən sonra bilinəcək. Qanunvericiliyə uyğun olaraq mən məzuniyyətdə olduğum üçün baş direktor əvəzi, müavinim Adgözəl Rəcəbova həvalə olunub”.

Polkovnik DGK-nin sabiq sədri Səfər Mehdiyevlə aralarında olan söz-söhbətlə bağlı fikirlərə də münasibət bildirib:

"O, general idi. Mənim onunla nə söz-söhbətim ola bilər? Gedənin arxasınca da danışmazlar”./Qaynarinfo

RƏYLƏR