Diasporla İş üzrə Dövlət Komitəsinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub

OXUNUB: 629 GÜNDƏM
Sentyabrın 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib. Görüş "Caspian European Club” tərəfindən təşkil edilib.

7News.Az xəbər verir ki, bu barədə "Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

T.Əliyev bildirib ki, son illərdə bir çox Azərbaycan şirkətləri fəal şəkildə xaricdə öz nümayəndəliklərini, idarə və müştərək müəssisələrini yaradırlar: "Beləliklə, xaricdə Azərbaycan diasporu təmsilçilərinin yeni nəsli formalaşır. Onlar Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələrin yaradılmasında maraqlıdırlar”.

Tədbir iştirakçılarını salamlayan Komitə sədri müasir dünyada diasporun əhəmiyyəti və Azərbaycan diasporunun vəziyyəti barədə danışıb. Bu sahədə görülən işlərə diqqəti yönəldən F.Muradov bildirib: "Azərbaycan dövlətinə, dövlətçiliyimizə, milli maraqlarımıza sadiq olan, xidmət edən bütün təşkilatlarla, insanlarla əməkdaşlıq etməyə hazırıq. Bu gün dünyada 500-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Çalışırıq ki, soydaşlarımızın birliyi daha da möhkəmlənsin. Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Diasporuna Dəstək Fondu” yaradılıb. Təbii ki, Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan verir. Heydər Əliyev fondu tərəfindən, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə milli-mənəvi irsimizin təbliği, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq aləmə bəyan edilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Bütün bunlar həm soydaşlarımızın müxtəlif ölkələrdə təşkilatlanması, həm Azərbaycan diasporunun fəaliyyətinin stimullaşdırılması baxımından çox mühümdür. Öz növbəsində, xaricdə şirkətlərin nümayəndəliklərinin yaradılması da bu işlərə təkan verə, eyni zamanda bizim diaspor təşkilatları da nümayəndəliklərə dəstək göstərə bilər. Yəni ümumilikdə bu işlər xaricdə ölkəmizin maraqlarının daha etibarlı şəkildə qorunmasına və Azərbaycan diasporunun inkişafına kömək edər”.

Komitə sədri qarşıya qoyulmuş vəzifələr və perspektivlər barədə də öz fikirlərini bölüşüb.

"CEO Lunch Baku”nun iştirakçıları qeyri-formal şəraitdə müxtəlif mövzuları müzakirə ediblər və onları maraqlandıran suallara cavab almaq imkanı qazanıblar. Komitə sədrinə "Caspian European Club”ın fəxri üzvünün sertifikatı təqdim olunub.

"CEO Lunch” netvorkinq üçün nadir platformadır. Bu platforma çərçivəsində yaradıcı zümrənin nümayəndələri, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi etmək imkanına malikdirlər.

Azərbaycanda hər ay təşkil olunan "CEO Lunch” Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulması üçün əsas vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

"CEO Lunch Baku”nun baş sponsoru "Azərçay” ticarət markasıdır.
 

 

 
İcmal.Az

RƏYLƏR