Dünyada onlarla uşağı öldürən qorxunc oyun Azərbaycanda - DİQQƏTLİ OLUN, YOXSA... - VİDEO

OXUNUB: 1515 SOSİAL

15 oktyabr - Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asıb. Gəncin "Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunur.

30 noyabr - Bakıda Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsirilə damarlarını kəsiblər.

3 dekabr - Ağdaş rayonu Nehrəxəlil kəndində 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov intihar edib. Kənd sakinləri oğlanın son vaxtlar bir oyuna aludə olub. Hətta telefonuna gələn məlumatda onun hədələndiyi bildirilir. Uşağın "Mavi balina” oynadığı ehtimal edilir.

Son günlər yeniyetmələrin intihar və intihara cəhd xəbərlərində "Mavi balina” oyununun adına tez-tez rast gəlirik.

 

 

Bu halların hamısında adıçəkilən oyunun təsiri olduğu deyilir. Bu yerə qədər sadaladıqlarımız sadəcə bir versiya ola bilər, bunun üçün araşdırmaya ehtiyac var. Lakin bir neçə gün öncə hazırda kollec tələbəsi olan 16 yaşlı yeniyetmə qızın musavat.com saytına açıqlaması bir sıra ölkələrdə yeniyetmələri intihara sürükləyən oyunun artıq Azərbaycan üçün də təhlükəyə çevrildiyini sübut edir.

"Bakıdan isə "Tarqovıy uşaqları” adlı qrup oyunda fəallıq göstərir”

Yeniyetmə qız bu oyuna necə qoşulması, oyunçuların keçdiyi mərhələ və onlara göstərilən psixoloji təsirlə bağlı ətraflı danışıb.

"Oyun Feysbuk səhifəmizə linklər vasitəsi ilə göndərilir. Əvvəldən oyun insana çox maraqlı gəlir, həm də digər oyunlardan heç bir fərqi olmur. Ona görə də "bu oyunu oynamaq istəyirsən?” sualına özündən asılı olmayaraq "bəli” cavabını verirsən. Ümumiyyətlə, oyunda türk uşaqları çoxdur. Türkiyədən bir qrup var idi ki, onlar bu oyuna tez-tez qoşulurdular. Bakıdan isə "Tarqovıy uşaqları” adlı qrup oyunda fəallıq göstərirdi. Qrupda qızlar çox az idi. Bəzən oyunda olan uşaqlara birlikdə hündür binanın üstünə çıxıb oradan fotolar çəkdirib oyuna göndərirdik. Çünki oyunun digər şərtlərindən biri bu idi. Eyni zamanda qrupda olan uşaqlar bir-birilərinə çox qorxunc, başı, bədənin müxtəlif əzaları kəsilmiş insanların fotolarını göndərir və bununla əylənirdilər. Oyun zamanı bizə çoxlu sayda təhdidlər gəlirdi. Bildirilirdi ki, əgər oyundan çıxsaq, qolumuzu kəsməyimizlə bağlı valideynlərimizə məlumat ötürüləcək, şantajedici şəkillərimiz sosial şəbəkələrdə paylaşılacaq”, - deyə bu yeniyetmə qız bildirir.

 

 

Həmin qız oyundan xilas ola bildiyini deyir. Lakin ekspertlər bildirir ki, oyunun psixoloji təsirindən çıxmaq üçün güclü iradə lazımdır. Çox zaman yeniyetmələrin təcrübəsizliyi onları çətin vəziyyətdə qoyur və oyundan ayrıla bilmirlər. Bunu nəzərə alaraq bəzi ölkələr "Mavi balina”ya qarşı dövlət səviyyəsində tədbirlər həyata keçirir.

Yeniyetmələr üçün ciddi təhlükə mənbəyi olan bu oyunla bağlı ölkəmizdə görülə biləcək qabaqlayıcı tədbirlərlə bağlı aidiyyəti qurumlar və ekspertlərlə danışdıq.

Həyəcan təbili çalınmalıdır

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Publika.az-a açıqlamasında bildirib ki, resurslara əlçatımlığın gücləndiyi zamanda bu problemə qarşı bir anda tədbir görmək mümkün deyil:

"Oyun nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, nə də Elektron Təhlükəsizlik Mərkəzinin qısa zamanda məhdudiyyət qoya biləcəyi saytda yayılır. Müasir oyunlar şəbəkələr, qruplar üzərindən yayılır, konkret ünvan olmadığına görə onu bağlamaq da mümkün deyil. Bu məsələ hərtərəfli işlənməli, son nöqtədə problem həll edilməlidir. Son nöqtə isə ev, ofis, məktəb, internet klublardır. İctimai qurumlar, hökumət qurumları, provayderlər, media, telekanallar bu məsələni daim gündəmdə saxlamalıdır. Xüsusən, telekanallar və internet media bununla bağlı həyəcan təbili çalmalıdır. Valideynlərlə əlaqə daha yaxşı olduğuna görə Təhsil Nazirliyi də tədbirləri gücləndirməlidir. Hüquq-mühafizə orqanları bu oyunların şəbəkədə necə yayılması ilə bağlı monitorinq aparmalıdır. Bu zaman həmin linklərə qadağa qoyula bilər. Oyun hansı sosial şəbəkədə yayılırsa, onun adminstrasiyasına məlumat verilməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Elektron Təhlükəsizlik Mərkəzi bir araya gəlib müzakirə aparmalıdır”.

Bu problemin aradan qaldırılmasının heç də asan olmadığını deyən O.Gündüz ciddi tədbirlərin görülməsinin mütləq olduğunu vurğulayıb:

"Psixoloji durumu, iradəsi zəif olan və təcrübəsiz uşaqlar üçün təhlükə daha yüksəkdir. Hadisə baş verməmişdən əvvəl atılacaq addım çox faydalı ola bilər. Çünki bu, təkcə bir ailənin yox, cəmiyyətin problemidir. Hüquq-mühafizə orqanları bu tip oyunların əsasən hansı ölkədən yayılmasını müəyyən edə bilər. "Mavi balina” Rusiyada yayılıb və artıq yayanlara qarşı cinayət işi də açılıb. Bizim hüquq mühafizə orqanları rəsmi müraciət edərək cinayət işi ilə bağlı bəzi detalları öyrənə bilərlər. Hətta bu cinayət işi ilə bağlı məlumatlar mediada yayıla bilər. Onun yaradıcıları ifadələrində bu oyunu qəsdən yaydıqlarını, cəmiyyətin tör-töküntülərdən (onlar intihar edən uşaqları bu cür adlandırırlar) təmizləmək istədiklərini deyiblər. Uşaqlar əvvəldən bu oyun barədə məlumatlı olsalar, qurbana çevrilməzlər”.

Evdə ölümdən danışan uşaqlar

"Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova ötən ilin sonu və bu ilin əvvəllərində "Uşaq Qaynar Xətt”inə azyaşlıların intihara meyil etməsi narahatlığı ilə bağlı çoxsaylı müraciətlərin olduğunu deyib:

"Valideynlər uşaqlarının ailədən təcrid olunmaları, ailə üzvləri ilə heç bir ünsiyyət qurmamaları, bütün günü internetdə olmaları, internetə qadağa qoyduqları halda müxtəlif kəskin üsullara, hətta özünü öldürməyə belə cəhd etdiklərini deyirdilər. Onlar həmçinin uşaqların oynadıqları oyunun qaydalarına uyğun qəribə hərəkətlər etdiklərini, evdə ölüm və ondan sonra nələrin baş verəcəyi barədə söhbətlərindən narahat olduqlarını deyərək, onlara kömək etməyi istəyirdilər. Biz də bu uşaqlarla söhbətlərdən sonra əsas səbəbin məhz seçilən internet oyunundan qaynaqlandığını öyrənib, onlara dəstək olmağa çalışmışıq”.

K.Aşumova bildirib ki, "Uşaq Qaynar Xətti”nə olan zənglər əsasında uşaqların bu oyunlara cəlb olunmasının səbəbi üzə çıxıb:

"Ailədə ünsiyyət və qayğı yetərli olmayanda uşaqlar kənara, internet oyunlarına maraq göstərirlər. Uşaqlarla söhbət zamanı məlum olur ki, ünsiyyət təlabatı ödənilmədiyindən, ailədə bir fərd kimi tanınmaması nəticəsində özünü ifadə üçün müxtəlif oyunlara, tərbiyəsində problem olan uşaqlarla ünsiyyətə meyil edirlər. Çünki burada onlara göstərilən münasibətlərlə özlərinin cəmiyyətə lazımlı olduqlarını düşünürlər. Problemin kökü ailə və valideynlərin uşaqlarını tanımaması, ünsiyyət qurmamasındadır. Bunları həll etməklə biz uşaqları xilas edə bilərik”.

Adrenalin sevənlər üçün daha maraqlıdır

Psixoloq Aydan Nəzərova Publika.az-a açıqlamasında bildirib ki, bu oyun əsasən adrenalin sevənlər üçün daha maraqlı olur:

"Hətta bu oyunu oynayan uşaqlardan birindən anasını öldürməsi tələb edilib və buna görə şantaj olunub. Anasının uşağın davranışlarındakı fərqliliyi hiss etməsi, onları qurbana çevrilməkdən qoruyub. Bu hadisə bir daha göstərir ki, valideynlər uşaqlarına qarşı nə qədər diqqətli olsalar, uşaqlar daha az təhlükəyə məruz qalarlar. Uşaqlar valideyn biganəliyi, habelə ətrafında əyləncə və adrenalin axtararkən bu qrupların toruna düşə bilirlər. Bu problem əsasən, natamam, problemli ailələrdə qeydə alınır”.

Psixoloq buna görə uşaq yaşlarından övladların davranışlarına qarşı həssas olmaq, hər bir fərqliliyə diqqət ayırmağı tövsiyə edir:

"Valideynlikdən əvvəl övladları ilə dost olsalar, uşaqlar problemlərini onlarla bölüşər. Belə olmadıqda, yeniyetmələrin sevgi və dost münasibətlərindəki itkiləri onların psixologiyasına mənfi təsir göstərir”.

Nazirlikdən xəbərdarlıq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilir ki, Rusiya, Qazaxıstan, Qırğızstan, Ukrayna, Hindistan kimi ölkələrdə yayılan və daha çox 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən "Mavi balina” adlı oyun hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil:

"Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir. Belə ki, sosial şəbəkələrdə müəyyən "hashtag” və qruplar yaradılmaqla oyun idarəçi (admin) tərəfindən yönləndirilir. Artıq bir çox sosial şəbəkələr oyunla bağlı filter tətbiq edir, müxtəlif dillərdə "mavi balina” adı altında yaradılan "hashtag”ları bloklayır.

İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm "Aztelekom” həm də "Baktelecom” internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə "Təhlükəsiz İnternet” xidməti təqdim edir. Bu filtrasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri "qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin, istənilən zaman filtri deaktiv edərək, "qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar”.

Məlumatda bildirilir ki, məsələ ilə bağlı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə yetkinlik yaşına çatmayan uşaqlarının internetdən, xüsusilə sosial şəbəkələrdən istifadəsinə nəzarət etməsini tövsiyə edir:

"Eyni zamanda valideynlərin uşaqların psixiloji vəziyyətindəki neqativ istiqamətdə dəyişiklikləri nəzərə almaları və bu məsələyə xüsusi diqqət yetirmələri vacib hesab olunur. Uşaqların internetə valideynlərin də istifadə etdiyi kompüter üzərindən daxil olması məqsədəuyğundur. Bundan başqa, uşaqların istifadə etdiyi bütün elektron cihazlarda valideyn nəzarət sistemi üzrə alətlərin quraşdırılması vacibdir. Valideynlər övladlarının "Mavi balina” oyununu oynadığını fərq etdiyi təqdirdə ilk növbədə bütün elektron alətlərdən internetə daxilolmanı kəsmələri məsləhətdir”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə mətbuatda qeyd edilən intihar hadisələrinin "Mavi balina” ilə əlaqədar olduğunun təsdiqlənmədiyini dedi:

"Uşaqların intihar səbəbi barədə prokurorluq araşdırma aparır. Onlardan soruşa bilərsiniz. Bu oyunların yayılmasının qarşısını almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edin”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev hesab edir ki, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür:

"Onlar uşaqlarının asudə vaxtının harada, necə keçirməsi barədə məlumatlı olmalıdırlar. Valideyn internetə çıxış imkanı olmaya, ya da bunun təhlükəsindən məlumatsız ola bilər. Lakin bu zaman məktəb psixoloqları bu məsələdə diqqətli olmalıdırlar. Onlar uşaqların davranışına nəzarət etməlidirlər. İntihar etmək istəyən uşağın davranışlarında dəyişiklik olur, şübhəsiz ki, məktəb psixoloqu bunu asanlıqla hiss edə, bu zaman onunla söhbət apara, valideyni məlumatlandıra bilər”.

P.Əliyev uşaqları bu təhlükələrdən qorumaq üçün Komitənin mütəmadi olaraq təlimlər keçirdiklərini deyib:

"Son vaxtlar baş verən intihar hallarının "mavi balina” ilə əlaqədar olması təsdiqlənməyib. İntiharların həmin oyunla bağlı olduğuna inanmıram. Hər hansı bir oyunun kütləvi olmasından asılı olmayaraq, müxtəlif rayonlardan olan uşaqları təlimlərə cəlb edirik. Həmin tədbirlərdə iştirak edən uşaqların qarşısına öyrəndiklərini öz məktəb və rayonlarındakı uşaqları məlumatlandırmaq kimi tələblər qoyuruq. Zaman-zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi ilə bağlı təlimlər keçiririk”.

İcmal.Az

RƏYLƏR