Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək

OXUNUB: 650 SOSİAL

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

Bu barədə İcmal.Az-a DİM-dən məlumat verilib.

Məlumata görə, Bakıda keçiriləcək imtahanda iştirak etmək üçün BA qrupu üzrə 364 namizəd, BB qrupu üzrə 1308 namizəd, ümumilikdə isə 1672 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər aprelin 17-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və üç saat davam edəcək.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İcmal.Az

RƏYLƏR