Əfqanıstan müharibəsinə gedən rusiyalı pilot illər sonra... - MÜHARİBƏDƏN ŞOK FAKTLAR

OXUNUB: 698 DÜNYA
Əfqanıstan müharibəsində iştirak etmək üçün 1980-ci illərdə bu ölkəyə gedən, ancaq vətəninə geri qayıda bilməyən rusiyalı bir pilot haqqında şok iddia yayılıb.

İcmal.Az publika.az-a istinadən xəbər verir ki, 15 000 sovet əsgərindən biri olan bu pilotun qarşıdurma zamanı yaralandığı, lakin ölmədiyi ortaya çıxıb.

Rusiya Paraşütçülər Birliyinin səlahiyyətli nümayəndəsi, SSRİ qəhrəmanı polkovnik-general Valeri Vostrotin həmin əsgərin vurulduğunu, daha sonra onun itkin düşdüyünü bildirib. Təhlükəsizlik baxımından adı açıqlanmayan pilotun hazırda Pakistan torpaqlarında ola biləcəyi bildirilir.

Çünki həmin dövrlərdə sovet əsgərlərinin düşərgələri Pakistanda yerləşib. Təyyarə Əfqanıstanın hava sahəsində vurulub və pilot, böyük ehtimalla, Pakistana aparılıb. Pilotun hazırda 60 yaşı olduğu da bildirilib.

"Sputnik”ə açıqlama verən Vostrotin rus pilotun ölkəsinə geri qayıtmaq istədiyini, ancaq bunun üçün maliyyə, diplomatik və inzibati yardıma ehtiyacı olduğunu da vurğulayıb.

Rusiya Veteranlar Birliyi lideri və Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsi başçısının köməkçisi Frants Klintseviç pilotun ölkəsinə geri qayıtması üçün hər cür dəstək və yardım edə biləcəklərini deyib.

Qeyd edək ki, Sovet rejimi 1979-cü il 12 dekabr tarixində Əfqanıstana ordu göndərib. Əfqanlarla mübarizədə, təxminən, 650 000 sovet əsgəri iştirak edib. 200 000-dən artıq əsgər hərbi və digər xidmətlərindən dolayı nişan və medallarla təltif edilib. 15 000 əsgər isə müharibədən geri qayıtmayıb.

Tarixi qaynaqlarda yer alan məlumata görə, 1979-1980-cu illər arasında Əfqanıstanda SSRİ-yə aid 125 qırıcı təyyarə məhv edilib.
 

İcmal.Az

RƏYLƏR